Məhkəmə qərarları › İş №e-2(001)-2286/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2286/2024

15.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2286/2024 15.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin etibarnamə əsasında nümayəndəsi Nümayəndə1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Haqverdiyev Fəxrəddin Vəli oğlunun mirasını qəbul etmiş vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 762,73 manat əsas borcun, vəfat etdiyi tarixə hesablanmış 4,16 manat faiz borcu olmaqla, cəmi 766,89 manat borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Haqverdiyev Fəxrəddin Vəli oğlu arasında xx.xx.2020-ci il tarixli BPM**********66 nömrəli Kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Haqverdiyev Fəxrəddin Vəli oğluna illik 20 %-lə, 24 ay müddətinə 1000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 166483 saylı ölüm haqqında şəhadətnaməyə əsasən, Haqverdiyev Fəxrəddin Vəli oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. 5 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 2361 nömrəli məktubdan görünür ki, Cavabdeh 5 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən vərəsəlik işi açılmış və vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim edilmişdir. Bankın Sabunçu filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, Haqverdiyev Fəxrəddin Vəli oğlunun xx.xx.2024-cü ilədək Banka ödənilməmiş nağd kredit üzrə 762.73 manat əsas borc və vəfat etdiyi tarixə qədər hesablanmış 4,16 manat faiz borcu olmaqla, cəmi 766,89 manat borcu qalmışdır. Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Cavabdeh mərhum Haqverdiyev Fəxrəddin Vəli oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2023-cü il tarixində 6-2-22/2-31158/2023 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddianı qəbul etmədiyini, X1 vərəsəsi olsa da, ondan heç bir miras əmlakın keçmədiyini bildirib, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-in etibarnamə əsasında nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirib, məhkəməyə təqdim etdiyi ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli BPM**********66 nömrəli Kredit Müqaviləsindən görünür ki, Haqverdiyev Fəxrəddin Vəli oğlu "xxxx" Açıq Səhmdar Cəmiyyətindən illik 20 faizlə 24 ay müddətinə 1000 manat məbləğində kredit götürmüşdür. Kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli adlandırılan və kredit müqaviləsinin əlavəsi olan sənəddən görünür ki, Haqverdiyev Fəxrəddin Vəli oğlu tərəfindən götürülmüş kreditin aylıq ödənişləri 50,9 manat olmaqla xx.xx.2022-ci il tarixinə qədər geri qaytarılması razılaşdırılmışdır. xx.xx.2020-ci il tarixli kassa məxaric orderlərindən görünür ki, kredit məbləği Haqverdiyev Fəxrəddin Vəli oğlu tərəfindən bankın kassasından qəbul edilmişdir. Maliyyə arayışından görünür ki, Haqverdiyev Fəxrəddin Vəli oğlunun xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə Banka 762,73 manat əsas borcu və vəfat etdiyi tarixə 4,16 manat faiz borcu yaranmışdır. AZ-İİ seriyalı 166483 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Haqverdiyev Fəxrəddin Vəli oğlu 21 fevral 2021-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin 02 ayının 26 günündə 197 № ilə qeyd edilmişdir. 2V-208 reyestr nömrəli, 09 aprel 2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Haqverdiyev Fəxrəddin Vəli oğlunun vərəsəsi:- bacısı Cavabdeh miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak "xxxx" ASC-nin Sabunçu filialının xx.xx.2021-ci il tarixli 223 nömrəli məktuba əsasən 293,79 (iki yüz doxsan üç manat 79 qəpik) manat vəsaitdən ibarətdir. Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə iş materiallarında olan sübutlardan mübahisəsiz qaydada təsdiq olunur ki, Haqverdiyev Fəxrəddin Vəli oğlu kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, Cavabdeh isə Haqverdiyev Fəxrəddin Vəli oğlunun qanuni vərəsəsi olduğundan ondan miras qalan 293,79 (iki yüz doxsan üç manat 79 qəpik) manat vəsaiti qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tərəflər arasında kredit müqaviləsi üzrə münasibətlərin yarandığı dövrdə qüvvədə olan: 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1151.1 və 1153-cü maddələri). Göründüyü kimi, şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir, miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Həmin Məcəllənin mirasın qəbulu qaydasını müəyyənləşdirən 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Eyni Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 04 iyun 2018-ci il tarixli qərarına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Beləliklə, mirası qəbul etmiş vərəsə universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də miras payı həcmində qəbul etmiş olur. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası qəbul etmiş vərəsəyə qarşı irəli sürə bilər. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı qarşısında ona miras qalmış pay həcmində məsuliyyət daşıdığından, iddia qismən təmin edilməli, miras payı həcmində, yəni 293,79 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin qeyd edilməlidir ki, Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu, 11 manatı, 0,40 manat bank xidmət haqqının 0,15 manatı cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 293,79 (iki yüz doxsan üç manat 79 qəpik) manat məbləğində əsas borc, ödənilmiş dövlət rüsumunun 11(on bir) manatı və bank xidmət haqqının 0,15 (on beş qəpik) manatı tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar