Məhkəmə qərarları › İş №e-2(001)-2293/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2293/2022

24.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2293/2022 24.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada iddiaçı "xxxx" MMC-nin xeyrinə 10.049 manat məbləğində əsas borcun, 2.036,11 manat məbləğində faiz borcun, 904,41 manat məbləğində cərimə borcunun, ödənilmiş 128,97 manat məbləğində dövlət rüsumunun, cəmi 13.118,49 manat məbləğində borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddiaçının bu barədə ərizəsini nəzərə alaraq, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, bildirmişdir ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə "xxxx" MMC-dən götürdüyü kredit məbləğini maddi imkansızlıq səbəbindən ödəyə bilməmiş və nəticədə banka borcu yaranmışdır. İddia üzrə tələb edilən əsas borcun ondan hissə-hissə tutulmasına etiraz etmir, lakin iddia tələbini faiz və cərimə borcunun tutulması hissəsində əsassız hesab edir. Göstərilənlərin nəzərə alınmasını və iddianın qismən təmin edilərək, əsas borcun ondan aylar üzrə hissəhissə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Zamin lazımi qaydada məlumat verilməsinə baxmayaraq, bu cavabdeh hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə bu cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia tələbini nəzərə alıb, Cavabdeh iddiaya qarşı münasibətini öyrənib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 16 ay müddətinə illik 29% dərəcəsi (aylıq 2,42 faiz) ilə faiz hesablamaq şərti ilə 10.600 məbləğində kredit verilmişdir. Cavabdeh həmin məbləğdə krediti qəbul etmiş və qeyd edilən məbləğdən təyinatı üzrə istifadə etməyi, kredit müqaviləsi ilə müəyyən edilmiş müddətlərdə və məbləğdə krediti qaytarmağı, habelə hesablanmış faizləri və gecikməyə yol verdiyi təqdirdə hesablanacaq cərimə məbləğini ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qayda icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Nəticədə iddiaçıya borcu yaranmışdır. Bununla bağlı iddiaçı tərəfindən cavabdehə müvafiq bildiriş göndərilməklə yaranmış borc məbləğinin 10 gün müddətində qaytarılması tələb edilmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəmədə iddia qaldırılacağı barədə ona xəbərdarlıq edilmişdir. Lakin, cavabdeh bundan sonra da üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmişdir. Bu səbəbdən iddiaçı 128,97 manat məbləğində dövlət rüsumu ödəməklə cavabdehə qarşı iddia qaldırmış və cavabdehin həmin müqavilə üzrə xx.xx.2022-ci il tarixə 10.049 manat məbləğində əsas, 2.036,11 manat məbləğində faiz, 904,41 manat məbləğində cərimə, cəmi 12.989,52 manat məbləğində borcunun yarandığını iddia edərək, bu məbləğin, habelə ödənilmiş 128,97 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulmasını tələb edir. Qeyd edilən müqavilə üzrə ötən dövr ərzində ümumilikdə 842 manat məbləğində ödəniş edilmiş və həmin məbləğin 551 manat hissəsi mövcud olan əsas, 271 manat hissəsi mövcud olan faiz, 20 manat hissəsi isə yaranmış cərimə borcundan silinmişdir. Kredit müqaviləsi üzrə kredit müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, belə qənaətə gəlir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcu məbləğlərini nəzərdən keçirib, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışını mötəbər sübut kimi qiymətləndirib, hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində əsaslıdır və tam təmin edilməli, 10.049 manat məbləğində əsas, 2.036,11 manat məbləğində faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, ötən dövrdə qeyd edilən müqavilə üzrə aparılmış ödənişlərin cəmi 551 manat hissəsi mövcud olan əsas borcdan silinmişdir ki, bu məbləğlərin fərqi də (10.600 – 551 = 10.049) məhz 10.049 manat təşkil edir. Faiz borcu ilə bağlı isə qeyd edilməlidir ki, həmin müqavilə üzrə cəmi iki dəfə xx.xx.2021-ci il tarixdə 807 manat və xx.xx.2021-ci il tarixdə 35 manat məbləğində pul ödənilmişdir. Sonuncu ödənişin xx.xx.2021-ci il tarixdə aparıldığı (xx.xx.2021-ci il tarixdə cəmi 35 manat ödənildiyindən məhkəmə bu tarixi əsas götürmür), bu ödənişdən sonra qalıq qalmış əsas kredit borcunun 10.049 manat təşkil etdiyi, illik faiz dərəcəsinin 29 faiz, gecikmə müddətinin isə 1 il 7 gün (xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək) olduğu nəzərə alındığı halda yalnız 1 il üçün (10.049 x 29% /100 = 2.914,21) 2.914,21 manat məbləğində faiz borcu yaranmış olur. İddiaçı isə bu məbləğdən xeyli az məbləğdə faiz borcu tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün penya ödəyəcəyini vəd etmişdirsə, kreditor penyanın ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə araşdırılması zamanı, o da müəyyən edilmişdir ki, kredit müqaviləsi üzrə iddiaçı ilə cavabdeh arasında gecikməyə yol verildiyi təqdirdə cərimə borcunun hesablanması haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin kredit müqaviləsində öz əksini tapmışdır. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 904,41 manat məbləğində cərimə borcunun tutulmasını tələb edir. Məhkəmə, iddia tələbinin bu hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddiaçı tərəfindən hesablanmış cərimə məbləği endirilərək, 500 manat məbləğində müəyyən edilməli, məhz həmin məbləğdə cərimə borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Eyni zamanda, müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MMC ilə cavabdeh (zamin) Zamin arasında bağlanmış xx.xx.2021-ci il tarixli zaminlik müqavilələrinə əsasən Zamin borcalan Cavabdehnın xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə onunla birlikdə iddiaçı qarşısında birgə və eyni həcmdə məsuliyyət daşımağı barədə üzərlərinə öhdəlik götürmüşdülər. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır və təmin edilməli, cavabdeh Zamin kimi borcalan Cavabdehnın iddiaçı qarşısında öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürdüyündən, zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti, habelə zaminlik müqaviləsində başqa hal nəzərdə tutulmadığından, iddiaçı qarşısında birgə və eyni həcmdə məsuliyyət daşımalı, məhkəmə tərəfindən müəyyən edilmiş əsas, faiz və cərimə borcu müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 231-ci maddəsinin tələblərinə istinadən Cavabdeh əsas borcun ondan aylar üzrə hissə-hissə tutulması barədə xahişi ilə bağlı qeyd edir ki, bu məsələ hazırki mərhələdə deyil, artıq məhkəmə tərəfindən qəbul edilmiş qətnamənin icra olunması mərhələsində baxılan və həll edilən məsələdir ki, bununla da bağlı cavabdehə onun aidiyyəti hüquqları izah edilmişdir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi miqdarında dövlət rüsumu ödənilir. Eyni zamanda, məhkəmə hesab edir ki, cavabdehdən ümumilikdə (10.049 + 2.036,11 + 500 = 12.585,11) 12.585,11 manat məbləğində borcun tutulması qənaətinə gəlindiyindən cavabdehdən iddiaçının xeyrinə bu məbləğ üçün nəzərdə tutulmuş məbləğdə, yəni 127,80 manat məbləğində dövlət rüsumu tutulmalı, dövlət rüsumunun qalan (128,97 – 127,80 = 1,17), yəni 1,17 manat hissəsi iddiaçı "xxxx" MMC-yə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 10.049 manat məbləğində əsas, 2.036,11 manat məbləğində faiz, 500 manat məbləğində cərimə, cəmi 12.585,11 manat məbləğində borc, habelə ödənilmiş dövlət rüsumunun 127,80 manat hissəsinin əvəzi iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, 226-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh və Zamin müştərək qaydada 10,049 (on min qırx doqquz) manat məbləğində əsas, 2.036,11 (iki min otuz altı manat, on bir qəpik) manat məbləğində faiz, 500 (beş yüz) manat məbləğində cərimə, cəmi 12.585,11 (on iki min beş yüz səksən beş manat, on bir qəpik) manat məbləğində borc, habelə ödənilmiş dövlət rüsumunun 127,80 (bir yüz iyirmi yeddi manat, səksən qəpik) manat hissəsinin əvəzi iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar