Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2316/2022 26.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:
1. İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4961,23 manat məbləğində əsas borc və 1011,14 manat faiz borcu olmaqla, ümumilikdə 5972,37 manat və 80,13 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeharasında bağlanmış 02 aprel 2021 il tariхli, 101804-211735/22 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 40 ay müddətinə, illik 27% dərəcəsi ilə 5144 manat məbləğində krеdit vеrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 18 fevral 2022-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 4961,23 manat məbləğində əsas bоrc və 1011,14 manat faiz borcu оlmaqla, ümumilikdə 5972,37 manat məbləğində kredit bоrcu yaranmışdır. İstehlak krеditi müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir, təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında cavabdeh izahatında bildirmişdir ki, borcu olduğunu qəbul edir. Lakin borc məbləğini hissə-hissə ödəmək istəyir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
5. İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 02 aprel 2021-ci il tarixli 101804-21135/22 saylı kredit müqaviləsinə və ödəniş planına əsasən bank borcalana şəxsi istehlak məqsədləri üçün 40 ay müddətinə, aylıq ödəniş 196,24 manat, illik 27 % dərəcəsi olmaqla 5144 manat kredit verməyi, borcalan isə verilmiş krediti qəbul etməyi, müqavilə ilə müəyyən edilmiş şərtlərlə və qaydada qaytarmağı barədə öhdəlik götürmüşdür. İlk ödəniş tarixi 01 may 2021-ci il, sonuncu ödəniş tarixi 02 avqust 2024-cü il olaraq müəyyən edilmişdir.
6. İddiaçı ASC tərəfindən verilən 02 aprel 2021-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh 5144 manat kredit verilmişdir
7. İddiaçı ASC tərəfindən borclu Cavabdeh ünvanlanan xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh banka olan borcunu xx.xx.2021-ci il tarixinədək icra etməyəcəyi təqdirdə barəsində məhkəmədə iddia qaldırılacağı ilə bağlı xəbərdar olunmuşdur.
8. İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə 4961,23 manat əsas və 1011,14 manat faiz borcu olmaqla, ümumilikdə 5972,37 manat məbləğində borcu vardır və kredit müqaviləsi üzrə 182 gün təşkil edir.
9. 09.03.2022-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 79,73 manat məbləğində dövlət rüsumu, 0,40 qəpik xidmət haqqı ödəmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
10. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında bağlanan 02 aprel 2021-ci il tarixli 101804-21135/22 saylı kredit müqaviləsinə və ödəniş planına əsasən bank borcalana 5144 manat məbləğində kredit vermişdir.
11. Ödəniş qrafikinə əsasən cavabdeh 01 may 2021-ci il tarixdən etibarən hər ay 196,24 manat pul ödəməyi öhdəsinə götürmüşdür. Sonuncu ödəniş tarixi 02 avqust 2024cü il müəyyən edilmişdir.
12. İddiaçı cavabdehin 02 aprel 2021-ci il tarixli 101804-21135/22 saylı kredit müqaviləsi üzrə ümumilikdə 5144 manat borcunun yarandığını iddia edir və bununla bağlı 18 fevral 2022-ci il tarixə tərtib edilmiş maliyyə arayışı təqdim edilmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
14. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
15. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
16. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
17. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
18. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
19. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
20. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;
21. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
22. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.
23. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə təqdim edilmiş maliyyə arayışı məlumatlarını mötəbər sübut kimi qəbul edərək o qənaətə gəlir ki, cavabdehin borcu mövcuddur. Belə ki, cavabdehin özü də məhkəmə iclasında borcunun olduğunu bildirmiş və borc məbləğini mübahisələndirməmişdir. Cavabdehin izahatında bildirdiyi hallar isə iddia tələbinin qismən təmin edilməsi və ya rədd edilməsi üçün əsas olmamaqla məhkəmə qərarlarının icrası qaydasında həll edilməli olan məsələdir. Tətbiq edilən prosessual normalar:
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
25. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
26. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
27. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
28. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
29. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 02 aprel 2021-ci il tarixli 101804-211735/22 saylı kredit müqaviləsi üzrə Cavabdeh əsas borca görə 4961,23 (dörd min doqquz yüz altmış bir manat, iyirmi üç qəpik) manat, faiz borcuna görə 1011,14 (bir min on bir manat, on dörd qəpik) manat olmaqla, ümumilikdə 5972,37 (beş min doqquz yüz yetmiş iki manat, otuz yeddi qəpik) manat məbləğində pul vəsaiti, həmçinin 80,13 (səksən manat, on üç qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. 02 aprel 2021-ci il tarixli 101804-211735/22 saylı kredit müqaviləsi üzrə Cavabdeh əsas borca görə 4961,23 (dörd min doqquz yüz altmış bir manat, iyirmi üç qəpik) manat, faiz borcuna görə 1011,14 (bir min on bir manat, on dörd qəpik) manat olmaqla, ümumilikdə 5972,37 (beş min doqquz yüz yetmiş iki manat, otuz yeddi qəpik) manat məbləğində pul vəsaiti, həmçinin 80,13 (səksən manat, on üç qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev