Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2319/2022 21.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rüstəmli Məhəmməd Əli oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 23 iyun 2020-ci il tarixli kredit müqaviləsi üzrə 1.203,33 manat əsas borc, 89,71 manat faiz borcu və 126,51 manat cərimə olmaqla, ümumilikdə cəmi 1.419,55 manat borcun və 34,2 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı cavabdehə 23 iyun 2020-ci il tarixli kredit müqaviləsinə əsasən illik 23 faizlə 24 ay müddətinə 3.000 manat kredit verilmişdir. "xxxx" Bank Olmayan Kredit Təşkilatı ilə İddiaçı ASC arasında bağlanmış tələbin güzəşti barədə 09 sentyabr 2020-ci il tarixli müqaviləyə 01 oktyabr 2020-ci il tarixli 3 saylı Əlavə Sazişə əsasən Cavabdeh ilə "xxxx" Bank Olmayan Kredit Təşkilatı arasında bağlanmış 23 iyun 2020-ci il tarixli kredit müqaviləsinə əsasən borcun tələb etmək hüququ İddiaçı ASC-yə ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 25 fevral 2022-dək Cavabdeh banka 23 iyun 2020-ci il tarixli kredit müqaviləsi üzrə 1.203,33 manat əsas borc, 89,71 manat faiz borcu və 253,02 manat cərimə borcu olmaqla, ümüumilikdə cəmi 1.546,06 manat borcu vardır. Cavabdeh banka 23 iyun 2020-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 253,02 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50% miqdarında olmaqla, yəni 126,51 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehə rəsmi qaydada bildiriş təqdim edilsə də, o, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Mülki iş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıdakılara görə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 23 iyun 2020-ci il tarixli, AZAD-476- 377 nömrəli kredit müqaviləsindən, razılaşmadan və ödəniş qrafikindən görünür ki, kreditor borcalana istehlak məqsədilə 24 ay müddətinə illik 23% dərəcəsi ilə 3.000 manat məbləğində kredit verməyi, borcalan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanmış faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin əsas şərtlərinə əsasən kredit öhdəliyinin vaxtında və lazımı qaydada icra edilməməsinə görə hesablanacaq dəbbə pulunun miqdarı (faiz) aylıq qaytarılmalı olan, lakin qaytarılmamış kredit borcunun hər təqvim günü üçün 1% faizidir; "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı ASC arasında bağlanan 09 sentyabr 2020-ci il tarixli tələbin güzəşti barədə müqaviləyə və həmin müqaviləyə əlavə olunan əlavə sazişə əsasən "xxxx" BOKT MMC-nin Cavabdeh qarşı olan tələb hüquqi İddiaçı ASC-yə keçmişdir; İddiaçı ASC tərəfindən borcalan ilə Cavabdeh ünvanlanan 10 fevral 2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh banka olan borcunu 5 gün müddətində ödənilməsi təklif edilmiş, əks təqdirdə notariat kontoruna və ya məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişlər; İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 25 fevral 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 23 iyun 2020-ci il tarixli, AZAD-476-377 saylı kredit müqaviləsi üzrə 1.203,33 manat əsas, 89,71 manat faiz, 253,02 manat cərimə olmaqla, cəmi 1.546,06 manat məbləğində borcu yaranmışdır; 04 mart 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 34,20 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 194.1-ci maddəsinə görə tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. İş materiallarından göründüyü kimi, cavabdeh 23 iyun 2020-ci il tarixli, AZAD-476- 377 saylı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, həmin müqavilə üzrə tələb hüququ güzəşt olunan iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan müddətdə və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də hesab edirəm ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Eyni zamanda, iş materiallarından görünür ki, yuxarıda qeyd olunan müqavilə üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin müqavilədə öz əksini tapmışdır. Hazırda da iddiaçı müqavilə üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 126,51 manat məbləğində cərimənin ödənilməsini tələb edir. İşin hallarını nəzərə alıb belə qənaətə gəlirəm ki, cərimə müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən hesab edirəm ki, iddiaçı tərəfindən hesablanmış cərimə məbləği azaldılmalı və 50 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, iddia qismən təmin edilməli, 23 iyun 2020-ci il tarixli, AZAD-476-377 saylı kredit müqaviləsi üzrə Cavabdeh 1.203,33 manat məbləğində əsas borc, 89,71 manat məbləğində faiz borcu, 50 manat məbləğində cərimə olmaqla, cəmi 1.343,04 manat məbləğində borc İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Həmçinin hesab edirəm ki, iddia qismən təmin edildiyindən, iddiaçının iddia qaldırılması üçün ödədiyi 34,20 manat dövlət rüsumunun 32 manatı cavabdehdən onun xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. 23 iyun 2020-ci il tarixli, AZAD-476-377 saylı kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1.203,33 (bir min iki yüz üç manat, otuz üç qəpik) manat əsas borc, 89,71 (səksən doqquz manat, yetmiş bir qəpik) manat məbləğində faiz borcu, 50 (əlli) manat məbləğində cərimə olmaqla, cəmi 1.343,04 (bir min üç yüz qırx üç manat, dörd qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 32 (otuz iki) manatı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(001)-2319/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2319/2022
21.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver