Məhkəmə qərarları › İş №e-2(001)-2346/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2346/2022

29.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2346/2022 29.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı LPO Zaminbank ASC-nin Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı LPO Zaminbank ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı LPO Zaminbank ASC-nin nümayəndəsi X1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Zaminbank ASC ilə Cavabdeh2 arasında bağlanmış 1513 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, Zaminbank ASC tərəfindən Cavabdeh2 36 ay müddətinə, illik 22% ödənilmək şərtilə 16500 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh2 mülkiyyətində olan Toyota Prado markalı **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka predmeti kimi Zaminbank ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və bu barədə 1513 nömrəli xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh2 kredit verilərkən Cavabdeh3, Cavabdeh1 ilə xx.xx.2016-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Bu müqavilələrin 3-cü bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Borcalan qeyd edilən kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəni məhkəmədən kənar qaydada həll etmək məqsədilə bank tərəfindən Cavabdeh2 borcun qaytarılması tələbi ilə bağlı şifahi və yazılı xəbərdarlıqlar olunsa da, cavabdeh tərəfindən borcun qaytarılması istiqamətində müsbət irəliləyiş olmamışdır. Ona görə də, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 əsas borca görə 7482,69 ABŞ dolları, faiz borcuna görə 6994,68 ABŞ dolları, cəriməyə görə 497,62 ABŞ dolları, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanan faizə görə 1040 ABŞ dolları olmaqla cəmi 16014,99 ABŞ dolları borcun tutulmasına, tutmanın ipoteka predmeti olan Toyota Prado markalı, **-SC- *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsinə, həmin avtomobilin açıq hərrac yolu ilə satılmasına, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsinə, ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh2 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin və dövlət rüsumuna görə 172 manatın Cavabdeh2 tutularaq LPO Zaminbank ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, o, Zaminbank ASC ilə bağladığı 1513 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, bankdan 36 ay müddətinə qaytarmaq, illik 22% ödənilmək şərtilə 16500 ABŞ dolları kredit almış, mülkiyyətində olan Toyota Prado markalı **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobili ipoteka ilə yüklü etmişdir. Bir müddətdən sonra borcunu qaytara bilmədiyi üçün avtomobilə dair Cavabdeh1 etibarnamə vermiş, razılığa əsasən qalıq borcunu banka ödəməyi Cavabdeh1 öhdəsinə götürmüşdür. Lakin uzun müddət avtomobildən istifadə etsə də, Cavabdeh1 banka olan borcunu qaytarmamışdır. İddiaçı məhkəməyə müraciət etdikdən sonra o, mülkiyyətində olan nəqliyyat vasitəsinə dair verdiyi etibarnamələri ləğv etmiş, lakin Cavabdeh1 nəqliyyat vasitəsini ona qaytarmamışdır. Fərmana əsasən ona kompensasiya ödənilmiş, lakin iddiaçı ona güzəştli şərtlərlə müqavilə bağlamağı təklif etməmişdir. Hal-hazırda o, kredit müqaviləsinə əsasən, 7482,69 ABŞ dolları əsas borcunu qəbul edir, mülkiyyətində olan Toyota Prado markalı **- SC-*** dövlət qeydiyyat nişanlı avtomobili satdıqdan sonra borcunu ödəyəcəkdir. İddiaçının faiz və cərimə tələbini qəbul etmir. Cavabdeh1 məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etirazında, mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə ərizəsində göstərmişdir ki, iddianı qəbul etmir, onun zaminliyi ilə təmin edilmiş kredit müqaviləsi xx.xx.2014-cü il tarixdə 36 ay müddətinə bağlanmışdır. Yəni müqavilə üzrə öhdəliyin son icrası vaxtı xx.xx.2017-ci il tarixinə təsadüf edir. Müqavilə üzrə öhdəliyin icrası vaxtının bitməsindən sonra növbəti bir il ərzində kreditor ona qarşı iddia irəli sürməmişdir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə yalnız xx.xx.2022-ci il tarixdə, yəni müqavilə üzrə öhdəliyin son icra vaxtının bitməsindən 5 il 2 ay sonra müraciət etmişdir. Zaminliyə xitam verildiyindən, iddia müddəti ötürüldüyündən iddia ərizəsinin ona qarşı olan hissədə təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh3 məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etirazında göstərmişdir ki, 2014-cü ildə Toyota Prado markalı avtomobili almaq üçün Zaminbankdan Cavabdeh2 adına kredit götürmüşdür. Maşının alqı-satqısı ABŞ dolları ilə aparıldığından krediti məcbur olub ABŞ dolları ilə götürmüşlər. ABŞ dollarının qiymətinin qalxması ilə əlaqədar ödənişi edə bilmədiklərindən maşını satmaq qərarına gəlmişlər. Alqı-satqı ərəfəsində o, maşını alan şəxslə birlikdə banka yaxınlaşmış, bankın nümayəndəsi olan Niyaməddin adlı şəxsə maşını satdığını bildirib qalan krediti həmin şəxsin adına keçirməyi xahiş etmişdir. Bankın nümayəndəsi isə bunun mümkün olmadığını, alqı-satqı müqaviləsi bağlandıqdan sonra qalan işləri həll edə biləcəyini bildirmişdir. Bundan sonra ona bankdan zəng edib Cavabdeh2 zamin durduğu üçün 16900 ABŞ dolları borcunun olması bildirilmişdir. Bundan sonra o, maşını sonuncu alan şəxsə zəng edib Toyota Prado markalı **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin həmin şəxsə məxsus olduğunu, amma krediti ödəmədiyi üçün ödənişlə əlaqədar onu narahat etdiklərini bildirmişdir. Həmin şəxs ona birlikdə banka gedəcəklərini demiş, lakin daha sonra zənglərə cavab verməmişdir. Ona görə də, hesab edir ki, Zaminbanka olan borc ya Vəfalı tərəfindən, ya da maşının hərraca çıxarılıb satılaraq ödənilməlidir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Borcverən Zaminbank ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2014cü il tarixli 1513 saylı kredit müqaviləsindən müəyyən olunur ki, avtomobilin alınması üçün bank borcalana 36 ay müddətinə qaytarmaq, illik 22% ödəmək şərti ilə 16500 ABŞ dolları kredit verməyi öhdəsinə götürmüşdür. Zaminbank ASC-nin xx.xx.2014-cü il tarixli xəzinə məxaric orderinin surətindən müəyyən olunur ki, bank Cavabdeh2 ayrılmış kreditə görə 16500 ABŞ dollarını vermişdir. Borcverən Zaminbank ASC ilə zamin Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin borcalan Cavabdeh2 xx.xx.2014-cü il tarixli 1513 saylı kredit müqaviləsinə əsasən borcverən qarşısında öhdəliklərinin icrasına borcalan ilə birlikdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Zaminlik müqaviləsinin 4.3-cü bəndindən müəyyən olunur ki, bu müqavilənin qüvvədə olma müddəti borcalanın xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin bank qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşür. Zaminbank ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin borcalan Cavabdeh2 xx.xx.2014-cü il tarixli 1513 saylı kredit müqaviləsinə əsasən borcverən qarşısında öhdəliklərinin icrasına borcalan ilə birlikdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Zaminlik müqaviləsinin 4.3-cü bəndindən müəyyən olunur ki, bu müqavilənin qüvvədə olma müddəti borcalan xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin bank qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşür. AC N 038682 saylı xx.xx.2014-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, Toyota Prado minik markalı **-SC-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh2 mülkiyyətindədir. İpoteka saxlayan Zaminbank ASC ilə ipoteka verən Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1513 saylı ipoteka müqaviləsindən müəyyən olunur ki, ipoteka verən xx.xx.2014-cü il tarixli 1513 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təmin edilməsi üçün mülkiyyətində olan Toyota Prado markalı avtomobilini ipoteka saxlayan qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsinin 2.3-cü bəndindən müəyyən olunur ki, ipoteka ilə yüklü edilmiş əmlak tərəflərin razılığı ilə 23500 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən xx.xx.2014-cü il tarixli çıxarışdan müəyyən olunur ki, Cavabdeh2 mülkiyyətində olan Toyota Prado minik markalı **-SC-*** qeydiyyat nişanlı avtomobilin Zaminbank ASC qarşısında ipoteka ilə yüklülüyü qeydə alınmışdır. LPO Zaminbank ASC-nin maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixli 1513 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixinə əsas borc görə 7482,69 ABŞ dolları, müqavilənin qüvvədə olduğu müddətə faiz borcuna görə 6994,68 ABŞ dolları, cəriməyə görə 497,62 ABŞ dolları, gecikdirilən vaxt üçün illik 5% olmaqla 1040 ABŞ dolları borcu vardır. LPO Zaminbank ASC-nin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizədən müəyyən olunur ki, iddiaçı ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişin qeydə alınmasını xahiş etmiş və bildiriş qeydə alınmışdır. LPO Zaminbank ASC-nin Cavabdeh2 ünvanladığı xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli bildirişlərdən müəyyən olunur ki, iddiaçı cavabdehə kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə ipoteka predmetinə tutma yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2022-ci il tarixli 01.16-2-2022-5173 saylı məktubundan müəyyən olunur ki, Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən Cavabdeh2 ilə LPO Zaminbank ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanına təsiri çərçivəsinə düşmüşdür. Belə ki, həmin müqavilə üzrə cavabdehə cəmi 4981,80 manat kompensasiya məbləği hesablanmış və onun sərəncamına verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/322 saylı rəyindən müəyyən olunur ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixli 1513 saylı kredit müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borca görə 9940,69 ABŞ dolları, faiz borcuna görə 2475,51 ABŞ dolları, xx.xx.2022-ci il tarixə (maliyyə arayışı tarixinə, müqavilə müddəti bitdikdən sonra illik faiz dərəcəsi 5%-lə hesablanmaqla) əsas borca görə 9940,69 ABŞ dolları, faiz borcuna görə 4952,40 ABŞ dolları borcu vardır. Rəydən daha sonra müəyyən olunur ki, Toyota Prado minik markalı 2006-cı il buraxılışlı normal vəziyyətdə saxlanmış, istifadəyə yararlı avtomobilin real bazar qiyməti təxminən 12000 manat, likvid qiyməti 11000 manat müəyyən olunur. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 439.1.-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 439.2.-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Həmin Məcəllənin 439.7.-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. Həmin Məcəllənin 319.1.-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1.əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəsinə minmişdir. Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın təsir dairəsinə (8.6. bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Qeyd olunan Fərmanın 1-ci bəndinə əsasən fiziki şəxslərin banklara 10000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilməli, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlər müəyyən edilərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh S.Ə. Qafarovla bağlanan xx.xx.2014-cü il tarixli 1513 saylı kredit müqaviləsi Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanın təsiri çərçivəsinə düşsə də, Fərmanın qüvvəyə mindiyi tarixə borcalanın əsas borcunun restrukturizasiya edilməsi üçün iddiaçı cavabdehlə istinad olunan Fərmanın tələblərinə əsasən, güzəştli kredit müqaviləsinin bağlanması üçün heç bir tədbir görməmişdir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, borcalanın iddiaçıya əsas borca görə 7482,69 ABŞ dolları borcu vardır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbləri Cavabdeh2 iddiaçının xeyrinə əsas borca görə 7482,69 ABŞ dollarının tutulmasına, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair hissədə əsaslı olduğundan iddia ərizəsi bu hissədə təmin edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, hazırkı mülki iş üzrə keçirilən əmtəəşünaslıq ekspertizası nəticəsində ipoteka predmetinin likvid qiyməti müəyyən edildiyindən ipoteka predmetinin ilkin satış qiyməti də bu rəy ilə müəyyən olunan ipoteka predmetinin likvid qiymətinə (11000 manat) əsasən təyin edilməlidir. Belə ki, İpoteka haqqında Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 01 saylı xx.xx.2020-ci il tarixli “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair qərardadına əsasən İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə iddiaçının ipoteka predmetinin satışı nəticəsində əldə olunan vəsaitin borcun ödənilməsinə kifayət etmədikdə əksik qalan borc məbləğinin borcalandan tutulması tələbi ilə bağlı qeyd edir ki, bu tələb İcra haqqında Azərbaycan Respublikası Qanununun tələbləri ilə müəyyən edilmiş qaydada həyata keçirilməli olduğundan iddia ərizəsi bu hissədə də təmin edilməməlidir. Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi qaydasının 5.1,-5.3-cü bəndlərinə əsasən kredit təşkilatı fiziki şəxsin kompensasiya hesablanan əsas kredit borcları üzrə 2019-cu il martın 1-nə hesablanmış faiz və dəbbə pulunun məbləğini müəyyən edir və bu Qaydanın 1 nömrəli əlavəsində müəyyən edilmiş qaydada bu barədə Palataya məlumat verir. Kredit təşkilatı fiziki şəxsin xarici valyutada olan əsas kredit borcları üzrə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan faiz və dəbbə puluna dair kredit təşkilatının tələblərindən aşağıdakı həcmdə imtina edilməsi haqqında qərar qəbul edir. Fərmana əsasən restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə – hesablanmış faizlər və dəbbə pulları tam şəkildə silinir; əsas kredit borcu kompensasiya hesabına ödənilən, lakin Fərmana əsasən restrukturizasiya olunmalı kredit borclarının əhatə dairəsinə düşməyən fiziki şəxslərin kredit təşkilatının balansında olan əsas kredit borclarına münasibətdə – faiz borcları kompensasiyanın əsas kredit borcu nisbətinə müvafiq olaraq, dəbbə pulları isə tam məbləğdə silinir; əsas kredit borcu kompensasiya hesabına ödənilən, lakin Fərmana əsasən restrukturizasiya olunmalı kredit borclarının əhatə dairəsinə düşməyən fiziki şəxslərin kredit təşkilatının balansdankənar hesablarında olan əsas kredit borclarına münasibətdə – faiz və dəbbə pulları aşağıdakı qaydada silinir: kompensasiya əsas kredit borcunun qalığının 30 faizindən çox olduqda – tam şəkildə; kompensasiya əsas kredit borcunun qalığının 30 faizindən az olduqda –kompensasiyanın əsas kredit borcuna nisbətindən az olmamaqla. Kredit təşkilatları bu Qaydanın 5.2-ci bəndində nəzərdə tutulmuş güzəştlərlə bağlı borcalanları məlumatlandırır (yazılı və ya elektron formada (elektron poçt, SMS) bildiriş göndərməklə) və hər ay üzrə həmin güzəştlər tətbiq edilən şəxslərin siyahısını bu Qaydanın 2 nömrəli əlavəsində müəyyən olunmuş qaydada Palataya təqdim edir. Həmin Qaydaların 6.1-6.16-cı bəndlərinə əsasən Fərmana əsasən kredit təşkilatları tərəfindən fiziki şəxslərin restrukturizasiya olunacaq əsas kredit borcları aşağıdakı tələblərə cavab verməlidir: həmin kredit borcunun verilməsinə dair fiziki şəxslə kredit təşkilatı arasında müvafiq kredit müqaviləsi 2012-ci il yanvarın 1-dən 2019-cu il martın 1dək bağlanmalıdır; fiziki şəxsin bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas kredit borcunun (balans və (və ya) balansdankənar hesablarında olan əsas kredit borcları) qalıq məbləğinin cəmi 17 000 manatdan və ya 10 000 ABŞ dollarından (Mərkəzi Bankın 2019cu il martın 1-nə elan etdiyi məzənnəyə uyğun olaraq, 10 000 ABŞ dolları ekvivalentindən) çox olmamalıdır; fiziki şəxsin bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş olmalıdır. Fiziki şəxsin kompensasiya ödəniləcək əsas kredit borcu kompensasiya məbləği qədər azaldıldıqdan sonra əsas kredit borcunun qalıq məbləği bu Qaydanın 6-cı hissəsində nəzərdə tutulmuş qaydada restrukturizasiya olunur. Kredit borcunun restrukturizasiya olunması məqsədilə fiziki şəxslə kredit təşkilatı arasında yeni güzəştli kredit müqaviləsi bağlanır. Fiziki şəxslə kredit təşkilatı arasında bağlanan yeni güzəştli kredit müqaviləsində ən azı aşağıdakılar nəzərə alınmalıdır: kreditin məqsədi restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi kimi müəyyən olunur; kreditin müddəti 5 il (1 il güzəşt müddəti ilə) müəyyən olunur və güzəşt müddəti ərzində borcalan tərəfindən əsas kredit borcunun ödənilməsi tələbi nəzərdə tutulmur; kreditin illik faiz dərəcəsi 1 faiz müəyyən edilir; kredit müqaviləsi milli valyutada rəsmiləşdirilir; müqavilənin rəsmiləşdirilməsi ilə bağlı komisyon haqq tutulmur; kreditin vaxtından əvvəl ödənilməsi ilə bağlı əlavə ödəniş alınmır; kredit müqaviləsi üzrə müəyyənləşdirilən dəbbə pulunun yuxarı həddi 5 il müddətinə 0,1 faizdən çox olmamalıdır; kredit müqaviləsində restrukturizasiya olunan kredit borcunun aid olduğu kredit müqaviləsində nəzərdə tutulan şərtlərdən daha ağır şərtlər müəyyən edilə bilməz. Palata kredit təşkilatlarının verdiyi məlumatlar əsasında hər bir fiziki şəxs üzrə restrukturizasiya olunacaq kreditlərin məbləğini və kredit təşkilatlarının restrukturizasiya olunacaq ümumi kredit portfelinin həcmini müəyyən edir. Palata restrukturizasiya olunacaq kreditlərlə bağlı Mərkəzi Bank tərəfindən dövlət zəmanəti ilə veriləcək kreditlərin ümumi məbləği, həmçinin hər bir kredit təşkilatı üzrə ayrılacaq kredit məbləği barədə məlumatı Mərkəzi Banka və Maliyyə Nazirliyinə təqdim edir. Bu Qaydanın 6.7-ci bəndinə uyğun olaraq, Palatanın təqdim etdiyi məlumatlar əsasında Maliyyə Nazirliyi Fərmanın 9.1-ci bəndinə uyğun olaraq, Mərkəzi Bank tərəfindən verilən kreditlərin ümumi məbləğinə dövlət zəmanəti verilməsini təmin edir. Mərkəzi Bank hər bir kredit təşkilatına dövlət zəmanəti ilə tranşlarla (hissələrlə) ödənilməsi nəzərdə tutulan kredit xətti açır. Kredit təşkilatları vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsinin bağlanmasını bu Qaydanın tələblərini nəzərə almaqla təklif edirlər. Kredit təşkilatları bu Qaydaya uyğun olaraq, fiziki şəxslərlə bağlanmış yeni güzəştli kredit müqavilələri barədə məlumatı hər növbəti həftənin ikinci iş günü bu Qaydanın 3 nömrəli əlavəsində müəyyən edilmiş qaydada Palataya təqdim edir. Palata bu Qaydanın 6.10-cu bəndinə əsasən məlumatı əldə etdikdən sonra 5 iş günü müddətində kredit təşkilatına açılmış kredit xətti üzrə dövlət zəmanəti ilə növbəti güzəştli kreditin ayrılması məqsədilə Mərkəzi Banka müraciət edir.Bu Qaydanın 6.11-ci bəndində nəzərdə tutulan müraciət daxil olduqdan sonra Mərkəzi Bank 5 iş günü ərzində “Banklar haqqında” və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq rəsmiləşdirməklə kredit təşkilatına açılmış kredit xətti üzrə dövlət zəmanəti ilə növbəti güzəştli kreditin ayrılmasını və həmin kredit təşkilatının hesabına köçürülməsini təmin edir. Palata kredit təşkilatlarının xarici valyutada olan kreditlərin manatla verilən kreditlərlə əvəzlənməsi nəticəsində yaranan valyuta mövqeyi barədə məlumatı Mərkəzi Banka təqdim edir. X3 5.2-ci bəndinə və bu Qaydanın 6.13-cü bəndinə əsasən təqdim olunmuş məlumat nəzərə alınmaqla, banklara onların müraciəti əsasında ABŞ dollarında ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin edir. Həmin qiymətli kağızlar Fərmanın 5.1-ci bəndinə əsasən banklara ayrılan vəsait hesabına əldə edilir. Kredit təşkilatları tərəfindən bu Qaydaya əsasən restrukturizasiya olunmuş kredit borcları üzrə əvvəlki kredit müqaviləsinə xitam verilir və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülür. Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Ləğvetmə prosesində olan kredit təşkilatlarında fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyası (kreditin ödəmə müddətinin uzadılması, faizlərin azaldılması və ya ləğv edilməsi, ümidsiz borcların silinməsi və digər tədbirlərin görülməsi) bu Qaydanın tələbləri nəzərə alınmaqla ləğvedici funksiyasının həvalə olunduğu şəxslər tərəfindən həyata keçirilir. İstinad olunanlardan müəyyən olunur ki, Qaydaların tələblərini nəzərə almaqla vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərlə yeni güzəştli kredit müqaviləsinin bağlanmasını təklif etmək hüququ birbaşa kredit təşkilatlarına həvalə olunmuşdur. Məhkəmə iddiaçının faiz və cərimə tələbi ilə bağlı qeyd edir ki, vaxtında öz hüquqlarından istifadə edib borcalanla güzəştli kredit müqaviləsi bağlamayan iddiaçının hazırda borcalana qarşı faiz və cərimə tələbi irəli sürməsi hüquqdan sui-istifadə olduğundan iddia tələbləri bu hissədə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1.-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2.-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə iddiaçının zaminlərə qarşı tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0. maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası MM-nin 367-ci maddəsinin tələblərinə əsasən müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva etməli və zaminlik müqaviləsi zaminliyin verilmə müddətinin göstərilməsi ilə müəyyənləşdirilməlidir. Tərəflər arasında bağlanmış müqavilələr üzrə zaminlik konkret müddət təyin edilmədən verildiyindən Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində (xx.xx.2018-ci il tarixinədək) iddiaçı zaminlərə qarşı iddia irəli sürmədiyindən zaminliyə xitam verilmişdir. Ona görə də məhkəmə iddiaçının zaminlərə qarşı tələblərini əsassız hesab edib təmin etmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə məhkəmə xərcləri cavabdehə Cavabdeh2 aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh2 xx.xx.2014-cü il tarixli 1513 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 7482,69 ABŞ dolları ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumuna görə 172 manat LPO Zaminbank ASC-nin xeyrinə tutulsun. Cavabdeh2 iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 100 manat dövlət nəfinə tutulsun. Cavabdeh2 mülkiyyətində olan Toyota Prado minik markalı **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilkin satış qiyməti 11000 manat olmaqla açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hazırkı qətnamə ilə müəyyən olunan borcun və məhkəmə xərclərinin ödənilməsinə yönəldilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar