Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2401/2025 19.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-in Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il tarixli 093 saylı kredit müqaviləsi üzrə cəmi 391.782,20 (üç yüz doxsan bir min yeddi yüz səksən iki manat, 20 qəpik) manat, bundan 119.900 (bir yüz on doqquz min doqquz yüz) manat əsas, 269.784 (iki yüz altmış doqquz min yeddi yüz səksən dörd) manat faiz və və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.798,20 (bir min yeddi yüz doxsan səkkiz manat, 20 qəpik) manat faiz, 682 (altı yüz səksən iki) manat dövlət rüsumunun və 3,41 manat xidmət haqqının Cavabdeh tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2009-cu il tarixli 093 saylıkredit müqaviləsinə əsasən cavabdehə 180 (bir yüz səksən) ay müddətinə 119.900 (bir yüz on doqquz min doqquz yüz) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 128/R müqavilə əsasında Cavabdeh sərəncamında olan və kredit hesabına alınmış Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 1-ci yaşayış binanın A blokunda 7 saylı mənzil ipotekaya qoyulmuşdur. Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 1-ci yaşayış binanın A blokunda 7 saylı mənzilin ipotekaya qoyulması barədə Bank ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixli 093/1 ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqavilələrinin 2.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqavilələrinin 4.2-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə müraciət olunmasına, habelə 12-5/2-H-21-7325/2024 saylı bildiriş məktubların göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh xx.xx.2024-cü il tarixə xx.xx.2009-cu il tarixli 093 saylı kredit müqaviləsi üzrə cəmi borcu 391.782,20 (üç yüz doxsan bir min yeddi yüz səksən iki manat, 20 qəpik) manat təşkil edir. Bundan 119.900 (bir yüz on doqquz min doqquz yüz) manat əsas, 269.784 (iki yüz altmış doqquz min yeddi yüz səksən dörd) manat faiz və vəAR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.798,20 (bir min yeddi yüz doxsan səkkiz manat, 20 qəpik) manat faiz borcu borcu təşkil edir. İddiaçının tələbinin əsaslandığı sənədlər tərəflər arasında bağlanmış xx.xx.2009-cu il tarixli 093 saylı kredi müqaviləsinin əsli, 1"xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 128/R saylımüqaviləsinin əsli, xx.xx.2009-cu il tarixli 093/1 ipoteka müqaviləsinin əsli, ödəniş cədvəli, 12-5/2-H-21-7326/2024 nömrəli 24.12.24-cü il tarixli maliyyə arayışı və hesabdan çıxarışdır. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə xüsusi qərardadın çıxarılması barədə vəsatət göndərmiş və mülki iş üzrə bank ilə cavabdeh arasında bağlanan müqaviləni cavabdehin yerinə kim tərəfindən imzalanması, verilmiş kredit üzrə vəsaitin kim tərəfindən əldə edilməsi məqsədi ilə xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması” iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi əsassızdır. Belə ki, Cavabdeh bankdan pul götürməyib və bununla bağlı ona bank tərəfindən pulun ona verilməsini təsdiq edən kassa mədaxil orderi təqdim edilməyib. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələblərini müdafiə edərək və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili) Vəkil məhkəməyə təqdim olunmuş etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 25 avqust 2009-cu il tarixli 093 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilədə İddiaçı ASC-nin borcalan Cavabdeh 180 ay müddətinə illik 15 faiz dərəcəsi ilə 119.900 (bir yüz on doqquz min doqquz yüz) manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, kreditor Borcalana alınan yaşayış sahəsinin dəyərinin 100 % hissəsini ipoteka krediti hesabına alınan yaşayış sahəsinin dəyərinin ödənilməsi üçün 119.900 (bir yüz on doqquz min doqquz yüz) manat məbləğində kredit verir. 25 avqust 2009-cu il tarixli 093/1 saylı ipoteka müqaviləsindən görünür ki, həmin müqavilədə 25 avqust 2009-cu il tarixdə İddiaçı ASC və Cavabdeh arasında bağlanmış 093 saylı kredit müqaviləsinə əsasən ipoteka saxlayan tərəfindən və Cavabdeh ayrılmış 119.900 (bir yüz on doqquz min doqquz yüz) manat məbləğində kreditin təminatı üçün ipoteka verən şəxsi mülkiyyətində olan mənzili ipoteka qoyulması nəzərdə tutulmuşdur. "xxxx" MTK-nın sədri X4 «İcraçı» Cavabdeh «Alıcı»olmaqla aralarında bağlanmış 25 avqust 2009-cu il tarixli 128/R nömrəli müqavilədən görünür ki, icraçının tikintisini həyata keçirdiyi 16 mərtəbəli çoxmənzilli yaşayış binasındakı mənzillərdən biri tərəflərin razılaşdığı qiymətlə Alıcıya satmalı, Alıcı isə aldığı mənzilin dəyərini müəyyən edilmiş müddətdə ödəməlidir. Həmin Müqavilənin 2-ci bəndinə əsasən isə, İcraçı və Alıcı ilə tikintisinin razılaşdığı mənzil Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 1-ci yaşayış binasının A blokunda 4 mərtəbəsində 7 saylı mənzilində yerləşməklə, ümumi sahəsi 109 kv.m olmaqla 2 otaqdan ibarət olacaqdır. Mənzilin qiyməti ümumi sahəsi ilə hesablanmaqla hər bir kv.m üçün 1100(min yüz) manat,cəmi 119900 manat müəyyən edilir. 24 dekabr 2024-cü il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh 25 avqust 2009-cu il tarixli kredit müqaviləsinə əsasən 13 dekabr 2024-cü il tarixə 119.900 manat məbləğində əsas borc və 269.784 manat məbləğində faiz borcu vardır. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 3620/2016 saylı, 22 iyul 2016-cı il tarixli qərarından görünür ki, İddiaçı ASC məcburi ləğv edilərək, Əmanətlərin Sığortalanması Fondu 24 iyul 2016-cı il tarixindən etibarən İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -739.1 maddəsinə görə Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. (tərəflər arasında kredit müqaviləsi bağlanan zaman qüvvədə olan). Qeyd olunan maddələrin tələblərindən görünür ki, kredit müqaviləsi üzrə borc verən krediti borc alanın mülkiyyətinə verdiyi halda, borc alanın da kredit müqaviləsində nəzərdə tutulmuş qaydada həmin krediti borc verənə qaytarmaq öhdəliyi yaranır. Yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, Cavabdeh ilə İddiaçı ASC arasında 119.900 manat məbləğində kredit götürülməsinə dair müqavilə 25 avqust 2009-cu il tarixli 093 saylı kredit müqaviləsi imzalansa da, iddiaçı tərəfindən kredit müqaviləsinin predmeti olan 119.900 manat məbləğində pul vəsaitinin Cavabdeh təhvil verilməsi barədə kassa məxaric orderi və ya hər hansı bir rəsmi sənəd (mötəbər sübut) məhkəməyə təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı Müqavilədə nəzərdə tutulan kredit məbləğinin kreditor tərəfindən borcluya verilməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 441.1-ci maddəsinə əsasən, tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 441.2-ci maddəsinə əsasən, mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı ASC arasında arasında imzalanmış 25 avqust 2009-cu il tarixli 093 saylı kredit müqaviləsi ilə kreditor İddiaçı ASC tərəfindən borc alan Cavabdeh 119.900 manat məbləğində kredit verilməsi öhdəliyi və Cavabdeh da aldığı həmin krediti faizi ilə birlikdə hissə-hissə qaytarmaq öhdəliyi ilə şərtləndirilərək, həmin öhdəliklərin icrası qarşılıqlı icra kimi nəzərdə tutulsa da, kreditor İddiaçı ASC öz öhdəliyini yerinə yetirməmiş,yəni Kredit müqaviləsi ilə nəzərdə tutulan 119.900 manat məbləğində pul vəsaitini borc alan Cavabdeh verməmişdir. Bu səbəbdən də, qarşılıqlı icra öhdəsinə düşən Cavabdeh da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 441.2-ci maddəsinə əsasən öz öhdəliyindən imtina etmişdir. Çünki yuxarıda qeyd edilənlərə əsasən, cavabdeh məlum kredit müqaviləsi üzrə nəzərdə tutulan krediti aldığı halda, həmin kredit müqaviləsi şərtlərinə əsasən kreditora qaytarmaq öhdəliyi daşıyır. Belə olan halda, cavabdeh kredit müqaviləsində nəzərdə tutulan pul vəsaiti almadığı üçün, həmin pul vəsaitinin qaytarılması ilə bağlı öhdəlik daşımır. Eyni zamanda iş materialları üzrə müəyyən edilir ki, müqavilə üzrə heç bir ödəniş edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, xx.xx.2009-cu il tarixli 093 saylı kredit müqaviləsi üzrə cəmi 391.782,20 (üç yüz doxsan bir min yeddi yüz səksən iki manat, 20 qəpik) manat, bundan 119.900 (bir yüz on doqquz min doqquz yüz) manat əsas, 269.784 (iki yüz altmış doqquz min yeddi yüz səksən dörd) manat faiz və və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.798,20 (bir min yeddi yüz doxsan səkkiz manat, 20 qəpik) manat faiz, 682 (altı yüz səksən iki) manat dövlət rüsumunun və 3,41 manat xidmət haqqının Cavabdeh tutulması hissəsində iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Eyni Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə almaqla, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası təmin edilməməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın rədd edilməsi əsas götürülərək iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı tərəf bank ilə cavabdeh arasında bağlanan müqavilənin cavabdehin yerinə kim tərəfindən imzalanması, verilmiş kredit üzrə vəsaitin kim tərəfindən əldə edilməsi məqsədi ilə xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş olsa da, məhkəmə araşdırması zamanı xüsusi qərardad çıxarılması üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinə əsasən, məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə tərəfindən isə cinayət proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayət əlamətləri aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-2401/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2401/2025
19.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver