Məhkəmə qərarları › İş №e-2(001)-2403/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2403/2023

17.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2403/2023 17.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi ilə İddiaçı Bank Respublika ASC-nin Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Bank Respublika ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Bank Respublika ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 011CASA191430004 saylı güzəştli kredit müqaviləsinə əsasən borcalan Cavabdeh1 xx.xx.2024-cü il tarixədək qaytarmaq və illik 1% ödəmək şərti ilə 1914,97 manat kredit verilmişdir. Cavabdeh kreditdən istifadəyə görə faizləri müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissə-hissə banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh2 ilə Bank Respublika ASC arasında xx.xx.2019-cu il tarixli 011FİZAM45983102 saylı zaminlik müqaviləsi bağlanmış və zamin kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasını üzərinə götürmüşdür. Mübahisənin məhkəməyə qədər həlli üçün borcalana və zaminə öhdəliklərinin icrası ilə bağlı pretenziya göndərilmiş, lakin cavabdehlər öhdəliklərini icra etməmişlər. Ona görə də xx.xx.2019-cu il tarixli 011CASA191430004 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 851,35 manatın, faiz borcuna görə 3,73 manatın, cəriməyə görə 3,18 manatın və dövlət rüsumuna görə 30 manatın cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2.-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının tələbinə dair bildiriş göndərilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tələbə qarşı etirazlarını məhkəməyə təqdim etməmişlər. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borcverən Bank Respublika ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 011CASA191430004 saylı güzəştli kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana xx.xx.2024-cü il tarixədək qaytarmaq və illik 1% ödəmək şərti ilə 1914,97 manat kredit verməyi öhdəsinə götürmüşdür. Borcverən Bank Respublika ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 011FİZAM45983102 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin borcverən Bank Respublika ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 011CASA191430004 saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrası ilə bağlı borcverən qarşısında borcalanla birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Bank Respublika ASC-nin xx.xx.2023-cü il tarixli arayışından müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli 011CASA191430004 saylı kredit müqaviləsi üzrə əsas borca görə 851,35 manat, faiz borcuna görə 3,73 manat və cəriməyə görə 3,18 manat olmaqla cəmi 858,26 manat borcu vardır. Bank Respublika ASC-nin xx.xx.2023-cü il tarixli pretenziyasından müəyyən olunur ki, bank Cavabdeh1 və Cavabdeh2 müqavilə üzrə öhdəliklərinin icra edilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3.-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdehlər bağladıqları müqavilərdən irəli gələn öhdəliklərini icra etmədiklərindən iddiaçıya əsas borca görə 851,35 manat, faiz borcuna görə 3,73 manat və cəriməyə görə 3,18 manat borcları yaranmışdır. Ona görə məhkəmə iddiaçının tələblərini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6.1.-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cu il tarixli 011CASA191430004 saylı kredit müqaviləsinə əsasən, müştərək qaydada əsas borca görə 851,35 manat, faiz borcuna görə 3,73 manat, cəriməyə görə 3,18 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 888,26 manat Bank Respublika ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar