Məhkəmə qərarları › İş №e-2(001)-2436/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-2436/2022

16.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-2436/2022 16.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəbizadə Nigar Xeyrulla qızı, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən göründüyü kimi, Cavabdeh 13.11.2021-ci il tarixədək inzibati bina olan Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, 185 ünvanında qeydiyyatda olmuş, lakin tərəflər arasında müqavilə bağlandıqda belə cavabdeh müqavilədə faktiki olaraq ünvan 2 ünvanında yaşadığını qeyd etmişdir. Buna baxmayaraq iddiaçı 04.03.2022-ci il tarixli bildirişi cavabdehə Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, 185 ünvanına göndərmiş, məktub da təbii ki, “ünvanda yaşamır” qeydi ilə iddiaçıya geri qaytarılmışdır. Belə olan halda iddiaçı pretenziya qaydasına riayət edilmiş hesab edilə bilməz. Eyni zamanda iddiaçıya cavabdehin faktiki ünvanı bəlli olduğu halda, iddiaçı Mülki Prosessual Məcəllənin 149-cu maddəsinin tələblərinə riayət etməmiş və cavabdehin faktiki ünvanını iddia ərizəsində qeyd etməmiş, qeydiyyat ünvanı olaraq isə cavabdehin 13.11.2021-ci il tarixdən qeydiyyatda olmadığı ünvanı göstərmişdir. Mülki Prosessual Məcəllənin 149.2.2-ci maddəsinə görə, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. Mülki Prosessual Məcəllənin 150.1.6-cı maddəsinə müvafiq olaraq, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Mülki Prosessual Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bununla da, iddiaçı tərəfindən iddia ərizəsinin qanunvericiliklə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədiyi üçün ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4, 152.1.6, 263 və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar