Məhkəmə qərarları › İş №e-2(001)-2437/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2437/2022

26.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2437/2022 26.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi ilə İddiaçı İrşad Electronics MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı İrşad Electronics MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, İrşad Electronics MMC ilə Cavabdeh arasında bağlanmış 13.01.2021-ci il tarixli ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı Samsung A 515 markalı telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 58 manat olmaqla cəmi 691 manat, 07.11.2020-ci il tarixli ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı Samsung A 105 markalı telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 21 manat olmaqla cəmi 366,20 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh bağladığı müqavilələrin şərtlərini pozaraq sonuncu dəfə 13.01.2021-ci il tarixli müqavilə üzrə 21.11.2021-ci il tarixdə 15 manat, 07.11.2020-ci il tarixli müqavilə üzrə isə 21.11.2021-ci il tarixdə 15,5 manat ödəniş etmiş, hər iki müqavilə üzrə qalıq qalan 620,20 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcunu ödəməkdən boyun qaçırır. Cavabdehlə bağlanmış nisyə alqı-satqı müqavilələrinin şərtlərinə əsasən gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1% dərəcəsi ilə dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 929 manat təşkil edir. Lakin şirkət tərəfindən güzəşt edilərək cərimə borcunun 90%-i silinmiş və yalnız 10%-i, yəni 92,9 manat tələb edilmişdir. Beləliklə, cavabdehin 02.03.2022-ci il tarixədək İrşad Electronics MMC-yə 13.01.2021-ci il tarixli ********* saylı müqavilə üzrə əsas borca görə 401 manat, cəriməyə görə 60,1 manat, 07.11.2020-ci il tarixli ********* saylı müqavilə üzrə əsas borca görə 219,20 manat, cəriməyə görə 32,80 manat olmaqla cəmi borcu 713,10 manat təşkil edir. Ona görə də Cavabdeh 02.03.2021-ci il tarixinə 13.01.2021-ci il tarixli ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən yaranmış əsas borca görə 401 manat, cəriməyə görə 60,10 manat, 07.11.2020-ci il tarixli ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən yaranmış əsas borca görə 219,20 manat, cəriməyə görə 32,80 manat olmaqla cəmi 713,10 manat borcun və dövlət rüsumuna görə 30 manatın İrşad Electronics MMC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2.-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Cavabdeh iddiaçının tələbinə dair bildiriş göndərilmiş, Cavabdeh tələbə qarşı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin qismən təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (MM-nin 567-ci mad.) Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və Mülki Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. (MM-nin 600.1., 600.5.-ci mad.) X2 MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 07.11.2020-ci il tarixli ********* saylı nisyə alqı-satqı müqaviləsindən və həmin müqaviləyə 1 saylı əlavədən müəyyən olunur ki, satıcı Samsung A 105 markalı telefonu satıcıya 366,20 manata satmışdır. Müqavilənin 1 saylı əlavəsindən müəyyən olunur ki, alıcı gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1%-i dərəcəsi ilə (minimum 50 qəpik) cərimə ödəməyi öhdəsinə götürmüşdür. İrşad Electronics MMC-nin 07.11.2020-ci il tarixli ********* saylı müqavilə üzrə ödəniş cədvəlindən müəyyən olunur ki, alıcı aldığı Samsung A 105 markalı mobil telefona görə müqavilə üzrə ödənişləri 07.12.2020-ci il tarixdən 07.04.2022-ci il tarixə qədər olan dövr ərzində hər ay 21 manat, sonuncu ay 9,3 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İrşad Electronics MMC-nin 02.03.2022-ci il tarixli maliyyə arayışlarından müəyyən olunur ki, Cavabdehnun 07.11.2020-ci il tarixli müqavilə üzrə əsas borca görə 219,20 manat, cəriməyə görə 328 manat borcu vardır. X2 MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 13.01.2021-ci il tarixli ********* saylı nisyə alqı-satqı müqaviləsindən və həmin müqaviləyə 1 saylı əlavədən müəyyən olunur ki, satıcı Samsung A 515 markalı telefonu satıcıya 691 manata satmışdır. İrşad Electronics MMC-nin 13.01.2021-ci il tarixli ********* saylı müqavilə üzrə ödəniş cədvəlindən müəyyən olunur ki, alıcı aldığı Samsung A 515 markalı mobil telefona görə müqavilə üzrə ödənişləri 13.02.2021-ci il tarixdən 13.12.2021-ci il tarixə qədər olan dövr ərzində hər ay 58 manat, sonuncu ay 53 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İrşad Electronics MMC-nin 02.03.2022-ci il tarixli maliyyə arayışlarından müəyyən olunur ki, Cavabdeh 13.01.2021-ci il tarixli müqavilə üzrə əsas borca görə 401 manat, cəriməyə görə 601 manat borcu vardır. İrşad Electronics Cavabdeh ünvanladığı xəbərdarlıqdan müəyyən olunur ki, satıcı alıcıya borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası MPM-nin 284-5.3.-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh iddiaçı ilə bağladığı 07.11.2020-ci il tarixli ********* saylı və 13.01.2021-ci il tarixli ********* saylı nisyə alqı-satqı müqavilələrindən irəli gələn öhdəliklərini icra etmədiyindən iddiaçıya 07.11.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən əsas borca görə 219,20 manat, 13.01.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən əsas borca görə 401 manat borcu yaranmışdır. Ona görə məhkəmə iddiaçının əsas borc tələblərini əsaslı hesab edib təmin edir. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız 15.03.2022-ci il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan cərimənin artmasına rəvac vermişdir. Baxmayaraq ki, iddiaçı bağladığı müqavilənin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehdən 07.11.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 10 manat, 13.01.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 20 manat tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6.1.-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 07.11.2020-ci il tarixli ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən əsas borca görə 219,20 manat, cəriməyə görə 10 manat, 13.01.2021-ci il tarixli ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən əsas borca görə 401 manat, cəriməyə görə 20 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 680,2 manat İrşad Electronics MMC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar