Məhkəmə qərarları › İş №e-2(001)-245/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-245/2024

15.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-245/2024 15.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Bəybalayeva Leylafər Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə4 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «borc» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdı: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 83141,55 manat – bundan 45135,14 manat əsas, 32824,84 manat faiz, 2648,49 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2533,08 manat faiz borcunun və iş üzrə ödənilmiş 340 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan İddiaçı ASC ilə «X2» ASC arasında Şirkət tərəfindən tikilmiş, tikilməkdə olan və ya gələcəkdə yikiləcək yaşayış binalarındakı mənzillərin maliyyələşdirilməsi üçün Şirkətin inşa etdikləri mənzillərin satışının Bank tərəfindən kreditləşdirilməsi barədə 05 mart 2010-cu il tarixdə birgə fəaliyyət haqqında müqavilə imzalanmışdır. Bundan sonra, Cavabdeh1 ilə İddiaçı ASC-nin arasında bağlanmış xx.xx.2010-cu il tarixli Kredit müqaviləsinə əsasən Cavabdeh1 «X2» ASC-dən mənzilin alınması üçün 145 ay müddətinə, illik 12 faiz ödəmək şərtilə 57283,12 manat məbləğində kredit verilmişdir. Kredit Müqaviləsinə əsasən, Borc alan krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borcverənə qaytarmağı öhdəsinə götürür. Həmçinin, Birgə fəaliyyət haqqında müqavilənin 2.12.-ci maddəsində qeyd edilmişdir ki, Kredit müqaviləsi üzrə borcalan həmin müqavilə üzrə kreditin və onun fazilərinin ödənilməsi dövriliyini ən azı 2 dəfə 5 təqvim günündən çox pozduqda Bankın tələbi ilə 20 iş günü müddətində borcalan tərəfindən ödənilməmiş kreditin və hesablanmış faizlərin şirkətin bankda olan hesabından xəbərdarlıq edilmədən silinməsi öhdəliyini “Şirkət” öz üzərinə götürür. Bu halda “Şirkət” borcalanın “Bank” qarşısında icra edilməmiş öhdəliyi (kredit qalıq məbləği və kreditdən istifadəyə hesablanmış faizlər) üçün zamin kimi çıxış edir (həmin öhdəliyi bank tərəfindən) və tərəflər arasındakı münasibətlərdə qüvvədə olan qanunvericiliyin zaminliyə dair müddəaları t\tbiq olunur. “Şirkət”in zaminliyi kredit müqaviləsinin qüvvəyə mindiyi tarixdən həmin müqavilə üzrə kreditin qalıq məbləği və kreditdən istifadəyə hesablanmış fazilər “Bank”a ödənilənə qədər qüvvədədir. Həmin müqavilənin 3.1-ci maddəsində qeyd edilmişdir ki, Bu müqavilənin şərtlərini pozulması və ya yerinə yetirilməməsi nəticəsində tərəflər bir-birinə vurduqları zərərə görə məsuliyyət daşıyırlar. Bank tərəfindən Cavabdeh1 borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və ********** saylı xx.xx.2022-ci il tarixli, həmçinin **********371 saylı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu göndərilmiş, lakin borclu öz üzərinə düşən öhdəliyi icra etməmişdir. Bank tərəfindən **********425 saylı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu "xxxx" ASC-ə göndərilmiş, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən Bank üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilələr üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Cavabdeh1 xx.xx.2023-cü il tarixə kredit üzrə cəmi borcu 83141,55 manat təşkil edir. Bundan 45135,14 manat əsas, 32824,84 manat faiz, 2648,49 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2533,08 manat faiz borcu təşkil edir. Cavabdeh "xxxx" ASC məhkəməyə xx.xx.2023-cü il tarixdə yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, məhkəmənin icraatında İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh1 qarşı “kredit borcunun tutulmasına dair” iddiası vardır. İddiaçı iddiasını onunla əsaslandırır ki, Cavabdeh1 İddiaçı ASC-dən xx.xx.2010-cu il tarixli kredit müqaviləsi əsasında kredit almışdır, İddiaçı ASC ilə onun arasında bağlanılmış 5 mart 2010-cu il tarixdə birgə fəaliyyət haqqında müqaviləyə əsasən o, zamindir və borc məbləği müştərək qaydada onlardan tutulmalıdır. Hesab edirlər ki, aşağıdakı səbəblərdən iddia ona aid hissədə tamamilə əsassızdır və qanunsuzdur. İddiaçı ASC ilə onlar arasında həqiqətən 5 mart 2010-cu il tarixdə birgə fəaliyyət haqqında müqavilə bağlanılmışdır. Bu müqavilənin olması o demək deyil ki, konkret şəxslərə aid zaminlik müqaviləsi olmamalıdır. İddiaçı ASC ilə Akkord arasında 5 mart 2010-cu il tarixdə birgə fəaliyyət haqqında müqavilə olmasına baxmayaraq, qanunvericiliyin tələbinə uyğun olaraq Akkord bəzi şəxslərə görə həqiqətən zamin olmuş və tərəflər arasında zaminlik müqaviləsi bağlanılmışdır. Tərəflər arasında bağlanılmış 5 mart 2010-cu il tarixli birgə fəaliyyət haqqında müqavilənin 2.1 və 2.2 bəndlərində qeyd olunur ki, Akkord ondan mənzil alan alıcılara kredit verilməsi üçün müvafiq sənədlərlə banka müraciət edir və müraciət olunduqdan sonra bank həmin alıcıya öz mülahizəsinə əsasən kredit verə bilər. Göründüyü kimi, iddiaçı məhkəməyə Cavabdeh1 kreditin verilməsi barədə onun tərəfindən İddiaçı ASC-yə hər hansı müraciətin olmasına dair sübut təqdim etməmişdir. Tərəflər arasında zaminlik müqaviləsi də mövcud deyil. Hesab edirlər ki, Akkord Cavabdeh1 kreditin verilməsi barədə banka müraciət etmədiyi üçün həm 5 mart 2010-cu il tarixli birgə fəaliyyət haqqında müqaviləyə əsasən, həm də tərəflər arasında Zaminlik müqaviləsi mövcud olmadığı üçün Cavabdeh1 öhdəliklərinə görə bank qarşısında məsuliyyət daşımır. Beləliklə qeyd olunanlara əsasən hesab edirlər ki, İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər ona və Cavabdeh1 qarşı iddia tələbi ona aid hissədə əsassız olduğu üçün iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehlərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2010-cü il tarixli birgə fəaliyyət haqqında müqavilənin surətindən görünür ki, tərəflər şirkət tərəfindən tikilmiş, tikilməkdə olan və ya gələcəkdə tikiləcək yaşayış binalarındakı mənzillərin maliyyələşdirilməsi üçün şirkətin inşa etdikləri mənzillərin satışının bank tərəfindən kreditləşdirilməsi yolu ilə həayata keçirilməsi üzrə birgə fəaliyyət göstərməyi öhdələrinə götürmüşlər. Müqavilənin 2.1-ci bəndəsinə əsasən şirkət mənzil almaq istəyən və ya almış alıcını banka göndərir və bank ən geci 5 iş günü müddətində kreditin verilməsi üçün tələb olunan sənədləri yoxlayır. Həmin sənədlər tam və düzgün olduğu halda bank öz mülahizəsinə əsasən alıcı ilə kredit müqaviləsi bağlaya bilər. Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2015-ci il tarixli Əlavə 1-dən görünür ki, xx.xx.2010-cu il tarixli müqavilənin 2.12-ci bəndinə əsasən kredit müqaviləsi üzrə borcalan həmin müqavilə üzrə kreditin və ona hesablanmış faizlərin ödənilməsi dövriliyini ən azı 2 dəfə 5 təqvim günündən çox pozduqda, bank qeyd edilən pozuntu barədə dərhal şirkəti məlumatlandırılmalıdır. Şirkət məlumatlandırıldıqdan sonra 30 iş günü ərzində borcalan tərəfindən ödənişlər bərpa edilmədikdə bank ödənilməmiş krediti və ona hesablanmış faizləri şirkətin bankda olan hesabından, ona xəbərdarlıq etməklə, silir. Bu halda şirkət borcalanın bank qarşısında icra edilməmiş öhdəliyi (kreditin qalıq məbləği və kreditdən istifadəyə hesablanmış fazilər) üçün zamin kimi çıxış edir (həmin öhdəliyin bank tərəfindən) və tərəflər arasındakı münasibətlərə qüvvədə olan mülki qanunvericiliyin zaminliyə dair müddəaları tətbiq olunur. Şirkətin zaminliyi kredit müqaviləsinin qüvvəyə mindiyi tarixdən həmin müqavilə üzrə kreditin qalıq məbləği və kreditdən istifadəyə hesablanmış faizlər banka ödənilənə qədər qüvvədədir. Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2010-cu il tarixli, AK 125 saylı “Kredit müqaviləsi”nin surətindən görünür ki, bank sonuncuya illik 12 faizlə 145 ay müddətinə 57283,12 manat kreditin verilməsini, sonuncu isə kreditora alınmış kreditin bu müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və miqdarda qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdələrinə götürmüşlər. Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" ASC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, ondan yaranmış kredit borcunun 3 gün ərzində ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit borcunun ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 ünvanladığı xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli xəbərdarlıqlardan görünür ki, cavabdehə kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, ondan yaranmış kredit borcunun 3 gün ərzində ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit borcunun ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Ləğv prosesində olan İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə əsas məbləğ üzrə borcu 45135,14 manat, faiz üzrə borcu 32824,84 manat, cərimə borcu 2648,49 manat, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2533,08 manat faiz borcu olmaqla, cəmi 83141,55 manat borcu var. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Borcalan tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, ödəniş qəbzləri məlumatları 09 mart 2010-cu il tarixli AK-125 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh1 müqavilə müddətinin bitdiyi xx.xx.2022-ci il tarixə banka olan borcu 75593,55 manat məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə - 43988,27 manat, faiz borcu üzrə - 31605,28 manat. xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək illik 12% ilə hesablanmış faiz borcu 5923,75 manat təşkil edir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 340 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iddianın cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid hissədə hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. İşin hallarından görünür ki, Cavabdeh1 ilə ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında olan 09 mart 2010-cu il tarixli kredit müqaviləsi 145 ay müddətinə bağlanmış, müqavilə üzrə öhdəliyin icrası vaxtı xx.xx.2022-ci il tarixində başa çatmış, bankın da həmin vaxtdan başlayaraq zaminə qarşı tələb etmə hüququ 1 il qüvvədə olmuşdur. Lakin bank tərəfindən hazırki iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edilmişdir. Məhkəmə hesab edir ki, hazırki halda zaminliyə xitam verilmişdir və zaminliyə xitam verildiyindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddiaçı qarşısında məsuliyyət daşımır. İş materiallarından müəyyən edildiyi kimi, Cavabdeh1 tərəflər arasında bağlanmış xx.xx.2010-cu il tarixli, AK 125 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyini mötəbər sübut kimi qiymətləndirir, həmin rəydə isə cavabdehin xx.xx.2010-cu il tarixli, AK 125 saylı kredit müqaviləsi üzrə borcu 75593,55 manat məbləğində müəyyən edilir (əsas borc üzrə - 43988,27 manat, faiz borcu üzrə - 31605,28 manat). Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Eyni zamanda, iş materiallarından görünür ki, yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdehlər cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin müqavilələrdə öz əksini tapmışdır. Hazırda da iddiaçı müqavilə üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehlərdən öhdəliyin icrasını, o cümlədən cərimənin ödənilməsini tələb edir. İşin hallarını nəzərə alıb məhkəmə belə qənaətə gəlir ki, cərimə müəyyən edilərkən tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə tənasüblük qorunmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən həmin müqavilə üzrə hesablanmış cərimə məbləği azaldılmalı, həmin müqavilə üzrə 264,84 manat məbləğində müəyyən edilməli və Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2010-cu il tarixli, AK 125 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 43988,27 manat əsas borc, 31605,28 manat faiz borcu, 264,84 manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2533,08 manat faiz borcu olmaqla, cəmi 78391,47 manat məbləğində borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 320 manatı iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2010-cu il tarixli, AK 125 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 43988,27 manat əsas borc, 31605,28 manat faiz borcu, 264,84 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2533,08 manat faiz borcu olmaqla, cəmi 78391,47 (yetmiş səkkiz min üç yüz doxsan bir manat, qırx yeddi qəpik) manat məbləğində borc və , iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 320 (üç yüz iyirmi) manatı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinın xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 (iki yüz) manat məbləğində vəsait Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar