Məhkəmə qərarları › İş №e-2(001)-2465/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2465/2024

07.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2465/2024 07.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixliəmək müqaviləsinə əsasən, Cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2021-ci il tarixində 672 saylı əmrlə administrator vəzifəsinə keçirilmiş və tərəflər arasında “Tam maddi məsuliyyət haqqında” müqavilə bağlanmışdır. xx.xx.2023-cü il tarixli 68x saylı əmrlə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “a” (tərəflərdən birinin təşəbbüsü ilə) maddəsi ilə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərində Oba–Binəqədi 12 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya (malların sayımı) nəticəsində Cəmiyyətə müvafiq olaraq, 1830 manat 43 qəpik və 4616 manat 38 qəpik zərər vurması müəyyən edilmişdir. Həmin maddi ziyan “İnventarizasiya Nəticələrinə” dair Aktlarla aktlaşdırılmışdır. Borcun hissəhissə ödənilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci maddəsinə uyğun olaraq İddiaçı MMC ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixində “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlanmışdır. Cavabdeh ziyanın bir hissəsini ödəsə də, lakin hazırda İddiaçı MMC-yə borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə iddiaçının iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli Borcun etirafı və ödəniş qaydası haqqında müqavilədən görünür ki, Cavabdeh iddiaçıya 3704,96 manat zərər vurması müəyyən edilmişdir. Bundan sonra müqavilənin növbəti bəndində qeyd olunur ki, tərəflər arasında Tam maddi məsuliyyət haqqında müqavilənin bağlandığını nəzərə alaraq, Cavabdeh 5100 manat məbləğində zərər vurduğunu tam etiraf edir. Məhkəmə həmin müqaviləyə tənqidi yanaşır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Buna müvafiq olaraq təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. Beləliklə, qarşılıqlı maddi məsuliyyətin yaranması üçün təqsirin mövcudluğu vacibdir. Buna müvafiq olaraq qanunverici Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin məzmununu müəyyən etmişdir. Həmin maddədə təqsir ayrıca şərt kimi bilavasitə göstərilməsə də, qanunverici bu ünsürü maddi məsuliyyətin yaranması üçün vacib hesab edir. Bu, Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin “b” və “c” bəndlərindən, 192-ci maddəsinin 2-ci hissəsindən, eləcə də 194-cü maddəsinin 1-ci hissəsindən irəli gəlir (“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərar). Qanunverici həmçinin təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Beləliklə, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyətin yaranmasının sübut edilməsi yükü tərəflər arasında bölünür. İşəgötürən konkret işçinin ona ziyan vurduğunu iddia etdikdə, həqiqətən həmin işçi tərəfindən ziyan vurulduğunu və bu ziyanın məbləğini, işçi isə ziyanın onun tərəfindən vurulmadığını sübut etməlidir. Beləliklə, işçi əmək münasibətləri prosesində işəgötürənə ziyan vurmuş və bu lazımi qaydada rəsmiləşdirilmişdirsə, işçi ziyanı ödəməkdən imtina edərsə işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. İşəgötürənə ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilmişdirsə, işəgötürən bu halda da ziyan vuran işçidən ziyanın məbləğinin tutulması üçün məhkəmədə iddia qaldıra bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi zəruri hesab edir ki, Əmək Məcəlləsinin 199-cu maddəsi ilə işçinin işəgötürənə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıdığı hallar dəqiq göstərilmişdir. Bu baxımdan, məsələ əmək qanunvericiliyi ilə tam tənzimləndiyindən, Mülki Məcəllənin 2.3-cü maddəsinin tələbləri baxımından işçinin işəgötürənə vurduğu ziyan həmin Məcəllənin 882-ci maddəsi ilə nəzərdə tutulan mülki müqavilə ilə rəsmiləşdirilə bilməz. O da qeyd edilməlidir ki, Əmək Məcəlləsinin qeyd edilən 199-cu maddəsi ilə nəzərdə tutulan məhdud hallar sırasında yalnız bir növ müqavilənintam maddi məsuliyyət götürülməsi barədə müqavilənin bağlanması göstərilmişdir. Bu növ müqavilənin bağlanması qaydaları isə Əmək Məcəlləsinin 200-cü maddəsi ilə müəyyən edilmişdir. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın, maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə və 199-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinin tələbinə uyğun olaraq, işçinin işəgötürənə vurduğu ziyana dair mülki hüquqi əqdin, o cümlədən borcun etirafı haqqında mücərrəd müqavilənin bağlanılması istisna edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 194-cü maddəsinə əsasən, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmədiyindən, işəgötürən həmin Məcəllənin 203-cü maddəsi və 205-ci maddəsinin 2-ci hissəsi ilə nəzərdə tutulmuş qaydada ziyanın ödənilməsinə dair iddia ilə məhkəməyə müraciət edə bilər. İşin müəyyən edilmiş hallarından göründüyü kimi işəgötürənlə işçi arasında əmək müqaviləsindən irəli gələn münasibətlər olmuş və işçinin işəgötürənə vurduğu ziyanla bağlı tərəflər arasında mahiyyəti baxımından mövcud borcun etirafı barədə müqavilə bağlanmışdır. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarına əsasən hesab edir ki, Borcverən İddiaçı MMC ilə borclu Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanan "Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə əhəmiyyətsiz olmaqla etibarsızdır. Lakin bununla yanaşı tərəflər arasında xx.xx.2021-ci il tarixdə Tam maddi məsuliyyət haqqında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən, (Cavabdeh) maddi məsul şəxs ona işəgötürən tərəfindən etibar edilmiş maddi səvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür və aşağıdakı vəzifələri icra etməyə borcludur: ona etibar edilmiş əmlakm maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalıdır, eyni zamanda, müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalıdır və ziyankarlığa qarşı mübarizə aparmalıdır; işəgötürənə öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi haqqında məlumat verməli və lazim gəldikdə qorxulu vəziyyətin dəqiq hesabatını aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməlidir; ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatım aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməlidir. ... Qəbul edilmiş qaydalar əsasinda inventarizasiyanı həyata keçirməlidir. Maddi məsul şəxsin təqsiri (qəsdən və ya ehtiyatsızlığı) üzündən işəgötürənə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi aşağıdakı qaydada həyata keçirilir: işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir; işəgötürənin əsas fondu hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normalar, nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda parakəndə satış üzrə mövcud olan faktiki bazar qiyməti ilə hesablanır. İşçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunur, işçi aktla tanış edilir. İşçinin aktla tanış olmaqdan və ya ziyanla əlaqədar izahat verməkdən imtina etməsi onu maddi məsuliyyətdən azad etmir. Bu halda imtina aktı tərtib edilir. İşçi ziyanı könüllü surətdə ödəməkdən imtina edərsə, işəgötürənin qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq tədbirlər görmək hüququ vardır. Bu halda işəgötürənin müəyyən olunmuş ziyanla bərabər ziyanın məbləği üzərindən hər gün üçün 0,5 % miqdarında dəbbə pulunun işçidən tutularaq ona ödənilməsini tələb etmək hüququ vardır. Dəbbə pulu ziyan barədə tərtib edilmiş aktın tarixindən başlayaraq məhkəmənin qərar qəbul etdiyi tarixədək hesablanır. Dəbbə pulu üə yanaşı işəgötürən qanunvericiliklə müəyyən olunmuş bank uçot dərəcəsinə uyğun hesablanmış faizlərin və digər zərərlərin ödənilməsini tələb edə bilər. İşçi öz əmək funksiyasının icrası zamanı işəgötürən tərəfindən ona etibar edilmiş pul vəsaitlərinin xəzinəyə ödənilməsi, vurulmuş ziyanın ödənilməsi və ya digər əmlak üzrə öhdəliklərinin icrasını işəgötürənin ünvanında icra etməlidir. İşçinin tam maddi məsuliyyət müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsindən və ya lazımınca yerinə yetirməməsindən əmələ gələn iddiaları işəgötürən aidiyyəti üzrə məhkəməyə verə bilər. İş materiallarında olan aktlardan görünür ki, xx.xx.2022-ci il tarixdə 1830,44 manat, xx.xx.2023-cü il tarixdə isə 4616,37 manat çatışmazlığın olması müəyyən edilmiş və Cavabdeh inventarizasiya nəticələrinin onun iştirakı ilə araşdırıldığı və çıxarılan nəticə ilə razı olduğunu imzası ilə təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabındav xx.xx.2022-ci il tarixində 1830,43 manat, xx.xx.2023-cü il tarixində 4616,38 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq 5031,76 manat borc qalmışdır. Beləliklə, Cavabdeh Rahud oğlunun 02 avqust 2023-ci il tarixinə "xxxx" MMC-ə olan ümumi borcu 5031,76 təşkil edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin a) bəndinə əsasən, işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda. Əmək Məcəlləsinin 200-cu maddəsinə görə istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. İşlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla tam maddi məsuliyyət barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər. Əmək Məcəlləsinin 200-cu maddəsinin birinci və ikinci hissələrində göstərilən tam maddi məsuliyyət barədə yazılı müqavilələr bağlanılmalı olan işçilərin və işlərin (xidmətlərin) siyahısı işəgötürən tərəfindən müəyyən edilir. İşçilərin bilavasitə iş yeri üzrə kollektiv (briqada) məsuliyyəti müəyyən edilən hallarda, həmin kollektiv tərəfindən işəgötürənə vurulan ziyana görə kollektivin (briqadanın) üzvlərinin hər biri özünün məsuliyyət dərəcəsi həddində fərdi maddi məsuliyyət daşıyır. Tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. Əmək Məcəlləsinin 205-ci maddəsinin 2-ci bəndinə əsasən isə əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Göründüyü kimi, tərəflər arasında Tam maddi məsuliyyət haqqında müqavilə imzalanmış və inventarizasiya nəticələrinə görə Cavabdeh tərəfindən işlədiyi müddətdə İddiaçınə cəmi 6446,81 manat məbləğində ziyan dəymiş, həmin ziyanın bir hissəsi cavabdeh tərəfindən ödənilmiş və hal-hazırda iddiaçı cavabdehdən 5031,76 manat məbləğində pulun tutulmasını məhkəmədən xahiş edir və tələbi əsaslı olmaqla təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh 5031,76 (beş min otuz bir manat yetmiş altı qəpik) manat məbləğində borc, 71 (yetmiş bir) manat məbləğində ödənilmiş dövlət rüsumu və 60 (altmış) manat mediasiya xərci tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar