Məhkəmə qərarları › İş №e-2(001)-2479/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2479/2022

16.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2479/2022 16.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 İddiaçı QSC-nin xeyrinə 977 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdehin iddiaya etirazı nəticəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2479/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması və bununla bağlı növbəti prosessual hərəkətlərin edilməsi qərara alınmışdır.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2009-cu il tarixli krеdit xətti müqaviləsinə əsasən 60 ay müddətinə 10000 ABŞ dolları məbləğində krеdit хətti açılmışdır. Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2009-cu il tarixdə bağladığı 05R000002168 saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 3% оlmaqla 12 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Onun götürdüyü kredit bоrcundan iddiaçıya 977 manat məbləğində kredit bоrcu qalmışdır. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər.

4. İddiaçının nümayəndəsi həmçinin xx.xx.2022-ci il tarixində məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, bildirmişdir ki, mülki iş üzrə iddia tələbinin dəyişdirilməsi zərurəti yaranmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş kredit sənədlərindən göründüyü kimi, Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2009-cu il tarixdə bağladığı 05R000002168 saylı kredit müqaviləsi əsasında 5000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Lakin, maliyyə arayışı və iddia ərizəsi tərib edilən zaman texniki səhvə yol verilərək, kredit öhdəliyi ABŞ dolları olduğu halda, manatla qeyd edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı QSC-nin xeyrinə 977 ABŞ dolları məbləğində məbləğində bоrcun və tərəfimizdən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

5. İddiaçının nümayəndəsi məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, məhkəmə iclasının iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Odur ki, iddia müddətinin tətbiq edilməsi barədə ərizəsini müdafiə edərək, iddianın rədd edilməsini xahiş edir.

7. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki digər cavabdeh onun qaynatasıdır. Ona 2019-cu ildə 1000 manat pul lazım idi. Həmin dövrdə bankın əməkdaşı olan X1 oğlu krediti onun adına rəsmiləşdirməklə 5000 dollar pul götürmüş, həmin puldan ona 1000 manat vermiş, qalan pulu özü götürmüşdür. Kredit müqaviləsini özü imzalamışdır. C.İmanovla razılaşmışdılar ki, o, aldığı 1000 manata görə ödənişləri yerinə yetirəcək. Qalan borcu həmin şəxs ödəməli idi. O, kredit müqaviləsi üzrə götürdüyü borcu tam ödəmişdir. Əlində olan qəbzlərə əsasən banka 1639,12 dollar ödənişləri olmuşdur. Qeyd etmək istəyir ki, C.İmanov digər şəxsləri də aldadaraq banka maddi ziyan vurduğu üçün barəsində cinayət işi açılmış və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 1(101)-265/2011 saylı hökmü ilə 8 il azadlıqdan məhrum edilmişdir. Həmçinin hazırki iddia bank tərəfindən iddia müddəti ötürülməklə verildiyindən iddia müddəti tətbiq edilərək rədd edilməlidir.

8. Cavabdeh1 xx.xx.2022-ci il tarixində iddiaya etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Etiraz onunla əsaslandırılmışdır ki, bankdan o zaman götürdüyü krediti əslində Bankın əməkdaşı olan digər şəxs X1 oğluna pul lazım olduğundan formal olaraq onun adıma rəsmiləşdirilmişdir. Hətta bankdan götürmüş kredit müqaviləsi üzrə 5000 ABŞ dolları kredit ayrılsa da, 100 ABŞ dolları komissiya tutulmuş, 4900 ABŞ dolları verilmişdir. Həmin kredit müqaviləsi üzrə ona bankın əməkdaşı olan təqsirləndilən şəxs X1 oğlu həmin məbləğdən yalnız 1000 manat pul vermiş, qalan pulu isə özü götürmüşdür. Kredit müqaviləsi üzrə verilmiş kreditdən götürülmüş pulun təqsirləndirilən şəxs X1 oğlu ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə götürdüyü borcu tam və artıqlaması ilə ödəmişdir. Banka olan son ödəməsi isə iddia ərizəsində göstərilən xx.xx.2012-ci il taixdə olmuş, onun qəbzlərimə əsasən banka 1639.12 ABŞ dolları ödənişi olmuşdur. Hal hazırda onun banka heç bir borcu yoxdur. İddiaçı "xxxx" QSC işləyən əməkdaşı məhkum X1 oğlu ondan başqa digər şəxsləri aladadaraq banka cəlb edərək müxtəlif vaxtlarda adlarına kredit müqavilələri rəsmiləşdirməklə müqavilələr bağlamış və həmin müqavilə üzrə verilmiş kredit məbləğlərin özü mənimsəmişdir. Bununla bağlı yekun məhkəmə hökmü də mövcuddur. Həmin təqsirləndirilən şəxs X1 oğlu cinayət işi üzrə o da kredit müqviləsini adıma formal sənədləşdirilmiş şəxs kimi şahid qismində məhkəmə istitaqına cəlb olunaraq ifadəsi alınmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 1(101)- 265/2011 saylı Hökmü ilə təqsirləndirilən şəxs X1 oğluna Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməlini törətməkdə təqsirli bilinib əmlakı müsadirə olunmaqla 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin iş üzrə "xxxx" QSC-nin X1 oğlundan banka vurulmuş maddi ziyan kimi 55491.13 manat və 5779.26 ABŞ dolları məbləğində pulun tutularaq həmin bankın hesabına ödənilməsi barədə mülki iddiası qismən təmin edilməsi və iş üzrə vurulmuş maddi ziyan 43236.54 AZN manat və 5779.31 ABŞ dolları (müvafiq dövrə milli valyuta məzənnəsi ilə 4645.3 manat) məbləğində pul vəsaitləri X1 oğlundan həmin bankın xeyrinə tutulması, qalan hissədə iddia tələbi baxılmamış saxlanılması və tərəflərə bu barədə mülki mühakimə icraatı qaydasında müvafiq məhkəməyə müraciət etmək hüququna malik olmalı izah edilmişdir. Beləliklə, Bank həmin cinayət işində zərərçəkmiş şəxs qismində tanınmış, hətta mülki iddiaçı kimi məhkəmədə iddia tələbi qismən təmin edilmiş, dəymiş maddi ziyan da ödənilmişdir. Bankla bağlanmış olan kredit müqavilələri eləcə də onunla bank arasında bağlanmış kredit müqavilələrin və kredit ərizələrinin surətləri cinayət işinin materiallarında saxlanılması Hökmdə göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi yenidən bankın iddia müddəti ötürməklə və ödənilmiş ziyanla bağlı, ona qarşı qaldırmış olduğu iddia tələbi əsassızdir. Belə ki, həmin əmələ hüquqi qiymət verilmiş, həmin müqavilələrin bir nəfər bankın əməkdaşı tərəfindən mənimsənilməsi təsdiq olunmuş, dəymiş ziyanın ödənilməsi həmin şəxsin üzərinə qoyulmuşdur. Banka cinayət əməli nəticəsində dəymiş maddi ziyan tam ödənilmiş, bundan 12 il keçdikdən sonra da ona aid olmayan kredit müqaviləsi üzrə ona məlum olmayan toplanmış məbləğin tutulmasına etiraz edir və borcun onun tutulmasını qanunsuz hesab edir.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər Cavabdeh2 məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

11. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2009-cu il tarixli, №05L000011258 saylı uzunmüddətli kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 10000 ABŞ dolları məbləğində kredit xəttini açır. Kredit tərəflər arasında “Kredit Razılaşması” və “Bank qarantiyası verilməsi haqqında” müqavilə formasında bağlanmış ayrıca razılaşma əsasında veriləcək. Müqavilənin 1.2-cü maddəsinə əsasən bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 60 ay, xx.xx.2014-cü il tarixdən gec olmayaraq, verilməlidir.

12. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 31 avqust 2009-cu il tarixli, №05R000002168 saylı kredit razılaşmasından görünür ki, Bank məbləği 5000 ABŞ dolları olan krediti aylıq faiz dərəcəsi 3 % olmaqla 12 ay müddətinə kredit alana verməyi, kredit alan izə bu razılaşmanın ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini ona hesablanmış faizləri ilə birlikdə Banka qaytarmağı öz öhdəsinə götürür. Kredit razılaşması üzrə ilkin ödəniş tarixi 31 avqust 2009-cu il, sonuncu ödəniş tarixi 31 avqust 2010-cu il olaraq müəyyən edilmişdir.

13. İddiaçı QSC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2009cu il tarixli, 05S000001591 saylı zaminlik müqaviləsindən görünür ki, bu müqaviləyə görə zamin İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2009-cu il tarixli, №05L000011258 saylı kredit xətti müqaviləsindən irəli gələn kredit alanın bank qarşısında üzərinə götürdüyü öhdəliyinin icra edilməsi üçün borclu ilə birgə məsuliyyət daşıyacağı barədə öhdəlik götürmüşdür.

14. İddiaçı QSC tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 31 avqust 2009-cu il tarixli, №05R000002168 saylı kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixinə 977 Abş dolları əsas borcu vardır. Cərimə hesablanmış günlərin sayı 4201 gündür.

15. İddiaçı QSC tərəfindən təqdim edilən hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 sonuncu dəfə xx.xx.2012-ci il tarixində ödəniş etmişdir.

16. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 1(101)-265/2011 saylı hökmündən görünür ki, X1 oğlunun təqsirləndirilən şəxs olduğu cinayət işində müxtəlif şəxslərə, eyni zamanda Cavabdeh1 5000 ABŞ dolları kredit verərək, kredit sənədlərində saxtakarlıq etmişdir.

17. İddiaçı tərəfindən məhkəmədə iddia qadırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

18. Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2009-cu il tarixli krеdit xətti müqaviləsinə əsasən 60 (altmış) ay müddətinə 10000 (on min) ABŞ dolları məbləğində krеdit хətti açılmışdır. Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2009-cu il tarixdə bağladığı 05R000002168 saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 3% оlmaqla 12 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 manat məbləğində kredit götürmüşdür. Kredit razılaşması üzrə ilkin ödəniş tarixi 31 avqust 2009-cu il, sonuncu ödəniş tarixi 31 avqust 2010-cu il olaraq müəyyən edilmişdir.

19. İddiaçı QSC ilə Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2009-cu il tarixli, 05S000001591 saylı zaminlik müqaviləsi bağlanmış və bu müqaviləyə görə zamin İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2009-cu il tarixli, №05L000011258 saylı kredit xətti müqaviləsindən irəli gələn kredit alanın bank qarşısında üzərinə götürdüyü öhdəliyinin icra edilməsi üçün borclu ilə birgə məsuliyyət daşıyacağı barədə öhdəlik götürmüşdür.

20. Bundan başqa X1 oğlunun CM-nin 179.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırki iş üzrə Cavabdeh1 zərərçəkmiş şəxs qismində tanınmamış və mülki iddiası olmamışdır.

21. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə Cavabdeh1 banka 977 ABŞ dolları məbləğində borcunun olduğunu iddia edir və həmin məbləği borclu və zamindən müştərək qaydada tələb edir.

22. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia müddətinin ötürülməsi səbəbindən iddia ərizəsinin rədd edilməsini xahiş edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

24. 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir;

25. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir;

26. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır;

27. 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.

28. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır;

29. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir;

30. 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir;

31. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

32. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

33. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

34. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz;

35. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür;

36. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

37. Sadalanan normaların mübahisənin müəyyən edilmiş hallarına tətbiqi baxımından məhkəmə hesab edir ki, kreditor ilə borcalan və zamin arasında arasında kredit və zaminlik müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Kredit müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2012-ci ildə ödəniş edilmiş, müqavilə üzrə öhdəlik borcalan tərəfindən tam icra edilməmişdir. Borcalan R.Əliyəv kreditora borcunun olmadığını sübut etməyə çalışmışdır. Belə ki, borcalan kredit müqaviləsi üzrə ona ayrılmış kreditin böyük hissəsinin bankın əməkdaşı tərəfindən mənimsənildiyinə və ona aid olan hissədə borcunun olmadığına istinad etmişdir. Halbuki iddiaçının əməkdaşı olan X1 oğlunun CM-nin 179.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırki iş üzrə Cavabdeh1 zərərçəkmiş şəxs qismində tanınmamış və mülki iddiası olmamışdır. Bu səbəbdən həmin cinayət işi üzrə borcalana münasibətdə hər hansı preyudisial hal müəyyən edilmir. Eyni zamanda həmin məsələ ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bu baxımdan borcalanla təqsirləndirilən şəxs arasında yaranan hər hansı mülki və ya cinayət xarakterli mübahisəyə kreditorun aidiyyəti müəyyən edilmir. Buna baxmayaraq Kredit xətti müqaviləsinin müddəti xx.xx.2014-cü ildə, kredit razılaşmasının müddəti isə xx.xx.2010-cu il tarixində başa çatmışdır. Odur ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir.

38. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

39. Bundan başqa Konstitusiya Məhkəməsinin Plenum Qərarında (L.İ.Binnətovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli) göstərilmişdir ki, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.

40. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 )

41. Məhkəmə hesab edir ki, 31 avqust 2009-cu il tarixli 05R000002168 saylı Kredit razılaşmasından irəli gələn öhdəliklərin icra müddəti xx.xx.2010-cu il tarixində bitmişdir. Hazırki vəziyyətdə həmin müqavilədən irəli gələn öhdəliklər üzrə iddia müddətinin axımı xx.xx.2010-cu il tarixdən başlanmasına baxmayaraq, iddiaçı tələbini 3 illik iddia müddəti bitdikdən sonra, yəni 16 mart 2022-ci il tarixdə irəli sürmüşdür.

42. Bu səbəbdən məhkəmə cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəni əsaslı hesab edərək belə qənaətə gəlir ki, hazırki iddiaya iddia müddəti tətbiq edilməli və bu əsasla iddia rədd edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddia müddətinin üzürlü səbəbdən buraxılması və iddia müddətinin axımının kəsilməsi iş materialları ilə müəyyən edilmir.

43. Bundan başqa əsas tələb üzrə iddia müddəti ötürüldüyündən əlavə tələb üzrə də iddia müddəti ötürülmüş hesab edilməlidir. Tətbiq edilən prosessual normalar:

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

45. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

46. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

47. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir;

48. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

49. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Nəticə:

50. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbi barədə iddiası rədd edilməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

51. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbi barədə iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar