Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2489/2023 04.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə 04 may 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi, onun əsası: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 7000 manat məbləğində əsas borcun, 700 manat dəbbə məbləğinin, habelə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 97 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh iş ortamında tanış olmuşlar. Bir yerdə işlədikləri vaxt ərzində münasibətləri iş yoldaşı kimi həmişə normal olmuşdur. 2021-ci ilin yanvar ayının ilk günlərində cavabdeh iddiaçıya zəng edərək oğlunu işə düzəltmək istəməsi və bunun üçün 2800 manat pul lazım olduğunu bildirmişdir. İddiaçı həmin gün 2800 manat pulu Bakı şəhəri, Sulutəpə qəsəbəsi ərazisində görüşərək cavabdehə borc olaraq vermişdir. Cavabdeh həmin pulu iki günə qaytaracağına söz vermişdi. Aradan iki gün keçdikdən sonra cavabdeh iddiaçıya zəng edərək oğlunu işə düzəltməsi üçün əlavə 4700 manat pul lazım olduğunu bildirmişdir. Həmin gün günorta saatlarında Xırdalan şəhərində marketdə “Million" aparatı vasitəsi ilə iddiaçı cavabdehin dediyi karta 4700 manat pulu göndərmişdir. Cavabdeh pulu götürdükdən sonra oğlunun işə çıxması ilə bağlı əmr hazır olan kimi pulu qaytaracağını bildirmiş, lakin sonralar dəfələrlə müxtəlif bəhanələr gətirmiş və pulu qaytarmamışdır. 2021-ci ilin iyun ayında cavabdeh almış olduğu ümumi 7500 manat puldan 2000 manatını qaytarmışdır. xx.xx.2021-ci il tarixində cavabdeh iddiaçıya zəng edərək borcunu qaytarmaq üçün bankdan pul götürmək istədiyini, bunun üçün özünə 1500 manat pul lazım olduğunu bildirmişdir. İddiaçı ilk əvvəl cavabdehlə razılaşmasa da, sonradan qalan pulu da ödəməsi üçün cavabdehə həmin pulu vermək qərarına gəlmişdir. Beləliklə, xx.xx.2021-ci il tarixdə yaşadığı evin yaxınlığında görüşüb 1500 manat pulu cavabdehə vermişdir. Cavabdeh 1500 manat pulu banka verəcəyini, bunun müqabilində böyük məbləğdə kredit götürərək iddiaçıya olan borcunu tam ödəyəcəyini vəd etmişdir. Lakin, cavabdeh yenə vədinə əməl etməmiş, iddiaçı Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Polisdə cavabdeh qeyd olunan məbləğləri aldığını etiraf etmiş, cinayət işi başlanması rədd edilmişdir. Hazırda cavabdehin iddiaıçya əsas borcu 7000 manat təşkil edir. İddiaçı cavabdehdən pulu vaxtında ödəmədiyi müddət ərzində illik 5% olmaqla gecikdirilmiş günə görə dəbbə məbləğinin ödənilməsini də tələb edir. 7000 manatın 5% hissəsi 350 manat olduğundan və gecikdirilən gün iki il müddət təşkil etdiyindən 700 manat dəbbə pulu da cavabdehdən tutulmalıdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianı müdafiə etdiyini bildirərək, təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə yaşayış yeri üzrə poçt vasitəsilə məhkəmə bildirişi, mobil telefonuna elektron məhkəmə sistemi vasitəsi ilə sms xəbərdarlıq göndərilmiş, lakin, cavabdeh məhkəmə iclaslarına gəlməmiş, iddia ərizəsinə yazılı münasibət bildirməmişdir. Belə olan halda, Mülki Prosessual Məcəllənin tələbləri nəzərə alınmaqla məhkəmə iddia ərizəsinə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq edilən sübutlar: - 08 mart 2022-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X1 Alimə Hidayət qızından ümumilikdə 9000 manat pulu borc kimi aldığını, həmin puldan 2000 manatını qaytardığını etiraf etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Mülki Məcəllənin 463.1-ci maddəsinə əsasən, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Cavabdeh iddia ərizəsinə məhkəmə araşdırılması zamanı heç bir yazılı və ya şifahi etiraz bildirməmişdir. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmənin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Hazırki halda tərəflər arasında borcun verilməsi ilə bağlı yazılı müqavilə olmasa da, cavabdeh istintaq orqanında veridiyi izahatında iddiaçıya 7 min manat borcu olduğunu etiraf etmiş, beləliklə, cavabdehin iddiaçı qarşısında borcun qaytarılması ilə bağlı icra edilməmiş öhdəliyinin mövcud olduğu öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsas borca münasibətdə təmin edilməlidir. İddiaçı cavabdehdən 700 manat dəbbə məbləğini tələb etsə də, məhkəmə qeyd edir ki, tərəflər arasında dəbbə pulunun tutulmasına dair yazılı razılaşma mövcud olmadığından, iddia bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 90 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiası qismən təmin edilsin. 7000 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 90 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-2489/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2489/2023
04.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver