Məhkəmə qərarları › İş №e-2(001)-2489/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2489/2024

06.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2489/2024 06.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı (BOKT) İddiaçı (MMC) Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 06 may 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı ilə cavabdeh arasında 04 fevral 2021-ci il tarixdə kredit müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə əsasən, iddiaçı 45000 manat məbləğində pulu kredit olaraq cavabdehə verməyi, cavabdeh isə götürdüyü krediti illik 28 faiz dərəcəsi ilə 36 ay müddətinə iddiaçıya qaytarmağı öz öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqavilə öhdəlikləri icra edilsə də, cavabdehin kredit ödənişlərini müqavilədə nəzərdə tutulan qaydada və məbləğdə etməməsi nəticəsində iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişir. Belə ki, hazırda iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış 04 fevral 2021-ci il tarixli, 006-KOS/AZN-2021 saylı kredit müqaviləsinin ləğv edilməsi və cavabdehdən iddiaçının xeyrinə müqavilə üzrə yaranmış 33488,28 manat əsas, 12604,05 manat faiz, 16036,33 manat cərimə borcu olmaqla, ümumilikdə 62128,66 manat məbləğində borcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi isə 276,38 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı MMC-nin “Baş ofis”i ilə cavabdeh arasında bağlanmış 04 fevral 2021-ci il tarixli, 006-KOS/AZN-2021 saylı kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə illik 28 faiz olmaqla, 36 ay müddətinə 45000 manat məbləğində kredit verilmişdir. Müqavilənin 2.6-cı bəndinə görə, cavabdeh kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan 1 nömrəli əlavəyə uyğun həyata keçirməli olduğu halda, cavabdeh müqavilə üzrə öhdəliyə və müqavilə şərtlərinə riayət etməmiş, ödəniş cədvəlinin tələblərini davamlı şəkildə pozmuşdur. Cavabdeh bugünə kimi əsas borcdan 11511,71 manat, faiz borcundan 16402,61 manat ödəniş etmişdir. Hazırda cavabdehin iddiaçıya 33488,28 manat əsas, 12604,05 manat faiz və 16036,33 manat cərimə faizi olmaqla, cəmi borcu 62128,66 manat təşkil edir. Məbləğ üzrə toplam cərimə faizi 45818,09 manat təşkil etdiyi halda cavabdehə güzəşt olunaraq məbləğin 35 faizlik hissəsi cərimə kimi hesablanmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq, iddianı müdafiə etdiyini bildirərək, iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə müvafiq bildiriş həm poçt vasitəsilə cavabdehin yaşayış ünvanına, həm də “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılmış “SMS bildiriş” əməliyyatı vasitəsilə mobil telefonuna göndərilməsinə baxmayaraq, o, məhkəmə iclaslarında iştirak etməmişdir. Mülki iş materiallarında olan: - 04 fevral 2021-ci il taraixli, 006-KOS/AZN-2021 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə, illik 28 faizlə geri ödəmək şərti ilə ev təmiri məqsədilə 45000 manat kredit verilmişdir. - 30 dekabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, sözügedən kredit müqaviləsi üzrə əsas borc məbləği 33488,28 manat, faiz borcunun məbləği 12604,05 manat, cərimə borcunun məbləği isə 16036,33 manat təşkil etməklə, ümumi borc 62128,66 manatdır. - İddiaçı tərəfindən cavabdehə ünvanlandırılmış 16 iyun 2023, 08 avqust 2023, 14 sentyabr 2023-cü il tarixli bildirişlərdə cavabdeh tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilmədiyi, borcun miqdarı və ödənilmədiyi halda iddiaçının icra qeydinin aparılması üçün notariusa müraciət edəcəyi göstərilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi, maddə: - 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. - 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. - 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. - 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. - 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. - 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: - 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; - 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. - 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. - 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. - 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. - 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi, maddə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyin, mülki iş materiallarını araşdırıb, sübutları qiymətləndirərək, hesab edir ki, iddianın qismən təmin edilməsi üçün əsaslar vardır. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin cavabdeh tərəfindən lazımınca, yəni müqavilədə nəzərdə tutulmuş müddətlərdə və məbləğlərdə ödənilmədiyi aşkardır. Bu isə, müqavilənin birtəfərli olaraq icrasından imtina kimi qiymətləndirilir. Bununla müqavilənin digər tərəfi olan iddiaçının qanunla qorunan hüquqları pozulduğundan, o, cavabdehlə aralarındakı müqavilənin vaxtından əvvəl ləğv edilməsini tələb etməkdə haqlıdır. Həmçinin, iş materialları ilə müəyyən olunur ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl borcun ödənilməsi tələbi ilə bir neçə dəfə cavabdehə bildirişlə müraciət etmiş, ödənişlərin həyata keçirilməyəcəyi təqdirdə icra qeydinin aparılması üçün notariusa müraciət ediləcəyi göstərilmiş, yəni belə olan halda iddiaçının müqavilənin ləğvi ilə bağlı fikir ifadəsi bildirişlərdə öz əksini tapmışdır. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsi ləğv edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Buna görə də, məhkəmə hesab edir ki, müqavilə üzrə yaranmış əsas və faiz borcu maliyyə arayışında göstərilən məbləğlərə uyğun cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, tərəflər arasında bağlanmış müqavilədə öhdəliyin icrasının gecikdirildiyi təqdirdə dəbbə pulunun hesablanması öz əksini tapmışdır. Lakin, məhkəmə 33488,28 manat əsas borca tənasübsüz olaraq 16036,33 manat dəbbə pulunun hesablanmasını əsaslı hesab etmir və Mülki Məcəllənin 467-ci maddəsinin tələblərini nəzərə almaqla, hesab edir ki, dəbbə pulunun miqdarı azaldılaraq 2344,67 manat müəyyənləşdirilməli, cavabdehdən iddiaçının xeyrinə tutulmalı, beləliklə, iddia bu hissədə qismən təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı ilə cavabdeh arasında bağlanmış 04 fevral 2021-ci il tarixli, 006-KOS/AZN-2021 saylı kredit müqaviləsi ləğv edilməli, həmin müqavilə üzrə yaranmış 33488,28 manat əsas, 12604,05 manat faiz borcu, 2344,67 manat dəbbə pulu olmaqla, ümumilikdə 48437 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbləri nəzərə alınmaqla, iddia qismən təmin edildiyindən, məhkəmə xərci kimi iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 207 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissələrdə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Bank Olmayan Kredit Təşkilatı İddiaçı ilə Cavabdeh arasında bağlanmış 04 fevral 2021-ci il tarixli, 006-KOS/AZN-2021 saylı kredit müqaviləsi ləğv edilsin. Bank Olmayan Kredit Təşkilatı İddiaçı ilə Cavabdeh arasında bağlanmış 04 fevral 2021-ci il tarixli, 006-KOS/AZN-2021 saylı kredit müqaviləsi üzrə yaranmış 33488,28 manat əsas, 12604,05 manat faiz borcu, 2344,67 manat dəbbə pulu olmaqla, ümumilikdə 48437 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Bank Olmayan Kredit Təşkilatı İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi kimi 207 manat məbləğində pul vəsaiti də Cavabdeh tutularaq Bank Olmayan Kredit Təşkilatı İddiaçınə ödənilsin. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (“Elektron məhkəmə informasiya sistemi”ndə yaradılmış elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə elektron kabinetlə (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində 1 saylı Əlavədə göstərilən forma-məzmuna uyğun qaydada) Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar