Məhkəmə qərarları › İş №e-2(001)-250/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-250/2024

18.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-250/2024 18.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin Cavabdeh qarşı “kredit borcunun tutulması, tutmanın ipotekaya qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracdan satılması”na dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçı ləğv prosesində olan QSC "xxxx" KB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış 02 may 2013-cü il tarixli 1xx/xx/11897/13 saylı kredit müqaviləsi üzrə cavabdehdən 7355,21 manat məbləğində əsas borc, 1478,09 manat məbləğində faiz borcu, 2260,40 məbləğində cərimə borcu, 2542,86 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış illik 5 faiz məbləği, ümumilikdə isə 13636,56 manat məbləğində pulun və 130,91 manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulmasına, tutmanın Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı qarşısında girov ilə yüklü edilmiş BMW 735 markalı, 2013-cü il buraxılışlı, qara metal rəngli, ban WBAGN41090DM79806 olan **-SG-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsinə və avtomobilin açıq hərracdan satılmasına, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 02 may 2013-cü il tarixində Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankına (bundan sonra mətndə Bank) ərizə ilə müraciət edərək, ona 9900 manat məbləğində kredit verilməsini xahiş etmişdir. QSC "xxxx" KB ilə Cavabdeh arasında 02 may 2013-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/11897/13 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh illik 20 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 9900 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh BMW 735 markalı, 2003-cü il buraxılışlı, qara metal rəngli, ban WBAGN41090DM79806 olan **-SG-*** dövlət nömrə nişanlı avtomobili 02 may 2013cü il tarixli 1xx/xx/11897/13 saylı ipoteka müqaviləsi əsasında Banka ipoteka qoymuşdur. Lakin borclu şəxs hazırki iş üzrə Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin xx.xx.2023-cü il tarixinə Banka 7355, 21 manat məbləğində əsas borc, 1478,09 manat məbləğində faiz borcu, 2260,40 manat məbləğində cərimə borcu, 2542,86 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış illik 5 faiz məbləği, ümumilikdə isə 13636,56 manat məbləğində borcu qalmışdır. 02 may 2013-cü il tarixli 1xx/xx/11897/13 saylı kredit müqaviləsinin 5.1.4-cü bəndinin tələbinə görə «Kreditor»un müqavilə şərtlərinin borclu tərəfindən pozulduğu hallarda vurulmuş zərərin əvəzinin və borcun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. İddiaçının nümayəndəsi elektron qaydada məhkəməyə ərizə ilə müraciət edərək, işə nümayəndənin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir.

4. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi izahatlarında göstərmişdir ki, QSC "xxxx" KB ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixində kredit verilməsi haqqında müqavilə bağlanmış, bank tərəfindən cavabdehə 20 faiz olmaqla 36 ay müddətinə 9900 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh BMW 735 markalı, **-SG-*** dövlət nömrə nişanlı avtomobili xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsi əsasında banka ipotekaya qoymuşdur. Cavabdeh üzərinə düşən vəzifələri vaxtında və lazımi qaydada yerinə yetirmədiyinə görə 2019-cu ildə cavabdehə qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdik. Lakin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4722/2019 saylı qərardadına əsasən iddia ərizələri baxılmamış saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4722/2019 saylı qərardadından apellyasiya şikayəti versələr də, şikayət təmin edilməmişdir. Daha sonra yenidən məhkəməyə müraciət etmək istədikdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 28 fevral 2019-cu il tarixli fərman imzalandı. Bütün məhkəmədə işlər baxılmamış saxlanılırdı və ya işlər geri qaytarılırdı. Ona görə də, yenidən məhkəməyə müraciət etməmişlər. Cavabdeh kredit borcu üzrə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabr ayının 31-də başa çatmasına baxmayaraq tövsiyə edilən tədbirlər tərəfimizdən təmin edildiyi halda bü günədək cavabdeh tərəfindən bankla fərmanın icrası ilə bağlı yeni müqavilə bağlanması üçün müraciət olunmamış və güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi imzalanmamışdır. Cavabdehə kredit müqaviləsinin problemli kreditlərinin restrukturizasiyası barədə fərmanın təsir dairəsinə düşməsi ilə bağlı bildiriş göndərilsə də, işçilərin səhlənkarlığı nəticəsində bildirişin çatması barədə xəbərnaməni hazırda təqdim edə bilmir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən məhkəmənin xx.xx.2023-cü il, e-2(001)- 4090/2023 nömrəli məktubu əsasında aparılan araşdırma nəticəsində Cavabdeh ünvan 1 ünvanında yaşamadığı müəyyən edilmişdir. Həmçinin poçt göndərişlərinin izlənməsinə dair çıxarışdan görünür ki, ss888970389az nömrəli bildiriş xx.xx.2024-cü il tarixində "xxxx" adlı şəxsə çatdırılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

6. QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış 02 may 2013-cü il tarixli, 1xx/xx/11897/13 saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, kreditor Cavabdeh illik 20% faiz hesablanmaqla 36 ay müddətinə, aylıq ödəniş 367,92 manat olmaqla 9900 manat məbləğində kredit verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.

7. QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış 02 may 2013-cü il tarixli, 1xx/xx/11897/13 saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka saxlayanla ipotekaqoyan arasında bağlanmış 02 may 2013-cü il tarixli, 1xx/xx/11897/13 saylı kredit müqaviləsinə əsasən 9900 manat məbləğində 36 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər BMW 735 markalı nəqliyyat vasitəsinin (il- 2003, rəngi qara metal, Ban WBAGN41090DM79806) ipotekaya qoyulması barədə razılığa gəlmişlər. Müqavilənin 2.1-ci bəndinə əsasən ipoteka qoyulmuş əmlak 14900 manat məbləğində qiymətləndirilmişdir.

8. AC seriyalı, 062045 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-SG-*** dövlət qeydiyyat nişanlı, BMW 735 minik markalı (buraxılış ili-2003, ban WBAGN41090DM79806, rəngi-qara metal) nəqliyyat vasitəsi Cavabdeh mülkiyyətindədir.

9. Ləğv prosesində olan QSC "xxxx" KB tərəfindən təqdim edilən 14 mart 2023cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh 02 may 2013-cü il tarixli, 1xx/xx/11897/13 saylı kredit müqaviləsi üzrə 28 fevral 2023-cü il tarixinə 7355,21 manat əsas, 1478,09 manat faiz borcu, borcun gecikdirilməsinə görə hesablanmış 2260,40 cərimə borcunun, gecikdirilmiş vaxt üçün hesablanan 2542,86 manat faiz borcu olmaqla, cəmi 13636,56 manat borcu vardır.

10. Ləğv prosesində olan QSC "xxxx" KB-nin Cavabdeh ünvanladığı 06 may 2019-cü il tarixli bildirişdən görünür ki, borcluya kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, ondan yaranmış borcun 3 gün ərzində ödənilməsi tələb edilmiş, öhdəliklərin yerinə yetirilmədiyi təqdirdə kredit borcunun ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görüləcəyi, ipoteka predmeti məhkəmə qərarı əsasında qanunvericiliyə uyğun şəkildə açıq hərracda satılacağı və bankın tələbləri, habelə məhkəmə xərcləri və icra hərəkətləri zamanı şəkilən xərclərin satışdan əldə edilən vəsait hesabına ödəniləcəyi barədə xəbərdarlıq edilmişdir.

11. Azərbaycan Respublikası Mərkəzi Bankı Problemli kredit məlumatlarının sorğulanması ilə bağlı elektron ünvandan olan çıxarışdan görünür ki, Cavabdeh 02 may 2013-cü il tarixli, 1xx/xx/11897/13 saylı kredit müqaviləsi üzrə restrukturizasiya olunmalı məbləğ 7355,21 manat məbləğində müəyyən edilmişdir.

12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)- 4722/2019 saylı qərardadından görünür ki, iddiaçı ləğv prosesində olan QSC "xxxx" KBnin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi” tələbinə dair mülki işin kredit müqaviləsinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşüb-düşməməsinə görə mübahisənin məhkəmədən kənar həlli imkanı itirilmədiyindən baxılmamış saxlanması qərara alınmışdır.

13. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-11835/2019 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4722/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

14. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 9/8004 saylı ekspert rəyindən görünür ki, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 02 may 2013-cü il tarixli, 1xx/xx/11897/13 saylı müqavilə şərtləri əsas götürülməklə Cavabdeh banka olan borcu müqavilənin bitmə tarixinə (xx.xx.2016-cı il tarixinə) əsas borc üzrə 7405,08 manat, faiz borcu üzrə 2735,77 manat, xx.xx.2023-cü il tarixinə əsas borc üzrə 7405,08 manat, faiz borcu üzrə 2735,77 manat, (5 %) faiz borcu üzrə 2525,95 manat borcu vardır. Ekspertiza tədqiqatının dəyəri 100 manatdır.

15. İddiaçı tərəfindən Binəqədi Rayon Məhkəməsində iddia qaldırılması üçün 130,91 manat məbləğində dövlət rüsumu ödənilmişdir.(qəbz № **********) Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

16. 1) iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır, 2) cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək müqavilə şərtlərini pozmuşdur, 3) kredit müqaviləsinin təminatı kimi tərəflər arasında ipoteka müqaviləsi bağlanmışdır, ipoteka predmeti **-SG-*** qeydiyyat nişanlı, BMW 735 minik markalı avtomobildir və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-16(001)-366/2023 saylı qərardadı ilə avtomobil üzərinə həbs qoyulmuş, müvəqqəti saxlama meydançasına yerləşdirilməsi qərara alınmışdır, 4) borc məbləği barədə maliyyə arayışı xx.xx.2023-cü il tarixinə aiddir, 4) kredit müqaviləsi problemli kreditlərə dair Fərmanın təsir dairəsinə düşmüşdür və restrukturizasiya məbləği 7355,21 manat müəyyən edilmişdir, 6) iddiaçı həm qalıq əsas borcu, həm faiz borcunu, həm cərimə borcunu, həm də əldən çıxmış fayda üçün faiz borcunu tələb edir, 7) iddiaçı cavabdehə Fərmanın icrası ilə bağlı cavabdehə bildiriş göndərdiyini iddia etsə də, bununla bağlı sənəd iş materiallarında müəyyən edilmir, 8) mübahisənin obyektiv həlli üçün iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilmiş, müqavilənin bitmə tarixinə (xx.xx.2016-cı il tarixinə) əsas borc üzrə 7405,08 manat, faiz borcu üzrə 2735,77 manat, xx.xx.2023-cü il tarixinə əsas borc üzrə 7405,08 manat, faiz borcu üzrə 2735,77 manat, (5 %) faiz borcu üzrə 2525,95 manat borc hesablanmışdır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

18. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

20. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

21. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

22. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;

23. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

24. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

25. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, Cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir.

26. Lakin məhkəmə hesab edir ki, iddia yalnız əsas borcun tutulması hissəsində təmin edilə bilər. Belə ki, iddiaçı əsas borc üzrə cavabdehdən 7355,21 manat tələb edir və həmin məbləğ də restrukturizasiya olunmalı olan məbləğlə üst-üstə düşür. Yəni cavabdehin müqavilə üzrə əsas borcunun 7355,21 manat olması işin halları ilə təsdiq olunur. Odur ki, müəyyən edilən həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

27. Məhkəmə iddia tələbini digər hissədə ona görə əsassız hesab edir ki, sözügedən kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüşdür. Lakin bununla bağlı cavabdehə kredit müqaviləsinin restrukturizasiya edilməsi ilə bağlı bildirişin göndərilməsi müəyyən edilmir. Eyni zamanda fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatmışdır. Hər bir halda belə bildiriş göndərilmiş olsa belə, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının məqsədi dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək olmuşdur.

28. Həmin Fərmanın 5-ci bəndində Mərkəzi Banka tövsiyyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin. Bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin.

29. Həmin Fərmanın 6-cı bəndində Banklara tövsiyyə edilmişdir ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər.

30. Həmin Fərmanın 8.9-cu maddəsində qeyd edilmişdir ki, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulur.

31. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 5.2.1-ci bəndində qeyd edilmişdir ki, Fərmana əsasən restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə – hesablanmış faizlər və dəbbə pulları tam şəkildə silinir. 6.16-cı bəndində qeyd edilmişdir ki, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır.

32. Fərmanın məzmunundan göründüyü kimi həmin Fərmanın qəbul edilməsinin məqsədi fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək olmuşdur.

33. Vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərlə yeni güzəştli kredit müqaviləsinin borclunun və ya kreditorun təqsiri ucbatından bağlanıla bilməməsi, fərmanın məqsəd və təyinatı nəzərə alınarsa borclunun ziyanına təfsir edilməməlidir. Əksinə borclunun yeni müqavilə bağlamaqdan imtina etməsi, onsuz da onun ziyanına olan haldır, bu isə iddiaçının əsas borcdan əlavə, həm də faiz və cərimə borcunu tələb etməsinə əsas vermir. Belə ki, borclu güzəştli şərtlərlə yeni müqavilə bağlamış olsaydı, faizlər və cərimə borcu silindikdən sonra əsas borcu hissə-hissə 5 il(illik 1 faiz, ilk 1 il yalnız faiz ödəməklə) müddətində ödəmək imkanı əldə edəcəydi. Lakin hazırki halda kreditorun əsas borcu vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. Odur ki, bu halda yalnız əsas borcun tutulmasının təmin edilməsi kreditorun mənafeyinə zidd olmamaqla fərmanın məqsədinə uyğun hesab edilməlidir.

34. Bu baxımdan məhkəmə o qənaətə gəlir ki, cavabdehin kredit borcu restrukturizasiya edilməli olduğundan ondan əsas borca görə hesablanmış faiz və cərimə borcları, o cümlədən əldən çıxmış faydaya görə hesablanmış məbləğ tələb edilə bilməz.

35. Bundan başqa məhkəmə iddia tələbinin ipoteka predmetinə tutma yönəldilməsi hissəsində aşağıdakıları qeyd edir:

36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

37. 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın;

38. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır;

39. 295-ci maddəsinə əsasən girovsaxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər;

40. 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər;

41. 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir;

42. 319.6-cı maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq norması) bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir.Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır;

43. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun:

44. 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir;

45. 47.4-cü maddəsinə əsasən bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır;

46. 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir.

47. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, öhdəlik icra edilmədiyindən kredit borcu üzrə tutma borcun təminatı olaraq ipoteka ilə yüklü edilmiş cavabdehə məxsus olan **-SG-*** dövlət qeydiyyat nişanlı, BMW 735 minik markalı (buraxılış ili-2003, ban WBAGN41090DM79806, rəngi-qara metal) nəqliyyat vasitəsinə yönəldilməli, həmin avtomobil açıq hərracda satılmalı, satışdan əldə ediləcək pul vəsaiti tələbin ödənilməsinə yönəldilməlidir..

48. Məhkəmə qeyd edir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla ipoteka qoyana (cavabdehə) qaytarılmalıdır. Eyni zamanda, ipoteka predmetinin satışından əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, çatışmayan məbləğ “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla Cavabdeh tutularaq iddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin xeyrinə ödənilməlidir. Tətbiq edilən prosessual normalar:

49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

50. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

51. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

52. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

53. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

54. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, 02 may 2013-cü il tarixli, 1xx/xx/11897/13 saylı kredit müqaviləsi üzrə əsas borca görə 7355,21 manat məbləğində vəsait Cavabdeh tutularaq iddiaçı LPO QSC "xxxx" KB-yə ödənilməli, tutma Cavabdeh məxsus ipoteka ilə yüklü edilmiş **-SG-*** dövlət qeydiyyat nişanlı, BMW 735 minik markalı (buraxılış ili-2003, ban WBAGN41090DM79806, rəngi-qara metal) nəqliyyat vasitəsinə yönəldilməli, nəqliyyat vasitəsi açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsaitdən 7355,21 manat məbləğində borc məbləği iddiaçı LPO QSC "xxxx" KB-yə ödənilməli, qalan məbləğ Cavabdeh qaytarılmalı, əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, çatışmayan məbləğ Cavabdeh tutularaq iddiaçı LPO QSC "xxxx" KByə ödənilməli, iddia digər hissədə təmin edilməməlidir.

55. İddia qismən təmin edildiyindən iddianın təmin edilmiş hissəsinə münasibətdə 71 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq LPO QSC "xxxx" KB-yə, ekspertiza xərci qismində isə 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 02 may 2013-cü il tarixli, 1xx/xx/11897/13 saylı kredit müqaviləsi üzrə əsas borca görə 7355,21 (yeddi min üç yüz əlli beş manat, iyirmi bir qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı LPO QSC "xxxx" KB-yə ödənilsin. Tutma ipoteka predmeti olan Cavabdeh məxsus **-SG-*** dövlət qeydiyyat nişanlı, BMW 735 minik markalı (buraxılış ili-2003, ban WBAGN41090DM79806, rəngi-qara metal) nəqliyyat vasitəsinə yönəldilsin, ipoteka predmeti açıq hərrac yolu ilə satılaraq 7355,21 (yeddi min üç yüz əlli beş manat, iyirmi bir qəpik) manat məbləğində kredit borcunun ödənilməsinə yönəldilsin, ipoteka predmetinin satışından əldə edilən vəsait kredit borcunun ödənilməsinə kifayət etmədikdə, çatışmayan məbləğ Cavabdeh ümumi qaydada tutulsun, ipoteka predmetinin satışından artıq qalan vəsait Cavabdeh qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. İddianın təmin edilmiş hissəsinə münasibətdə 71 (yetmiş bir) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq LPO QSC "xxxx" KB-yə ödənilsin. Ekspertiza xərci qismində isə 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar