Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2512/2024 29.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəbizadə Nigar Xeyrulla qızı, İddiaçı «X2 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «X2 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün icraata qəbul edilmiş və cavabdehə bildiriş göndərilərək, bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi, cavabdeh tərəflər arasında bağlanmış xx.xx.2019-cu Kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, bununla bağlı iddiaçı bank iddia ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2(001)-634/2020 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmişdir. Daha sonra iddiaçı bank “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış xx.xx.2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqaviləyə əsasən məhkəmə aktı üzrə borcun tələb edilməsini sonuncuya sifariş etmiş və bunun üçün bank tərəfindən 1019 manat xidmət haqqı ödənilmişdir. Hazırda iddiaçı həmin məbləği cavabdehdən tutulmasını tələb edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Həmin Qanunun 3.1-ci maddəsinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 8.1-ci maddəsinə müvafiq olaraq, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir Həmin Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 78.1-ci maddəsinə müvafiq olaraq, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qanunvericiliyin istinad edilən tələblərindən göründüyü kimi, məhkəmə qətnaməsi icrası məcburi olan akt olmaqla onu çıxarmış məhkəmə tərəfindən icraya yönəldilir və hər hansı bir orqana müraciət edilib-edilməməsindən asılı olmayaraq icra məmuru tərəfindən həyata keçirilir. Məhkəmə qətnaməsi ilə iddiaçının borcun ödənilməsi barədə iddiası qismən təmin edilmiş, həmin qətnamə qanunvericiliyin tələbinə uyğun olaraq məhkəmə tərəfindən icraya yönəldilmiş və məcburi icrası icra məmuru tərəfindən həyata keçirilmişdir. Qanunvericilikdə məhkəmə aktının məcburi icrasının icra məmurundan qeyri hər hansı şəxs tərəfindən həyata keçirilməsi nəzərdə tutulmamışdır. Bu mənada “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hər hansı məcburi icra hərəkətlərinin (“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinin tələblərinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və s.) həyata keçirilməsi də qeyri-mümkündür. Həmçinin nəzərə alınmalıdır ki, icra məmuru tərəfindən həyata keçirilən icra hərəkətləri ilə bağlı qanunvericilikdə tələbkardan hər hansı ödənişin alınması da nəzərdə tutulmamışdır. Əksinə, həmin ödəniş borclu tərəfindən həyata keçirilir. Qeyd olunanlara əsasən və işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, iddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №e-2(001)-2512/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2512/2024
29.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver