Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2517/2023 13.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh 99TD176 dövlət qeydiyyat nişanlı Hyundai Elantra markalı avtonəqliyyat vasitəsinin qapısını açarkən təhlükəsizlik qaydalarına əməl etməməsi nəticəsində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış 90PT813 dövlət qeydiyyat nişanlı Mazda 6 markalı avtonəqliyyat vasitəsinə zərər vurmuşdur. Hadisə ilə bağlı Binəqədi rayon DYPS-nin əməkdaşı tərəfindən 3TP saylı TP3936574 sayı qərar çıxarılmış və qərara əsasən Cavabdeh İXM-nin 338.3-cü maddəsi ilə təqsirli bilinmişdir. Sığortalı zərərçəkən 90PT813 dövlət qeydiyyat nişanlı Mazda 6 markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə müraciət etmişdir. 90PT813 dövlət qeydiyyat nişanlı Mazda 6markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 1300,88 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli “Sığorta aktı”na əsasən azadolma çıxılmaqla 1200,88 manat məbləğində sığorta ödənişi nəqliyyat vasitəsinin təmir olunması üçün təmir mərkəzinin hesabına köçürülmüşdür. Həmçinin araşdırma zamanı məlum olmuşdur ki, təqsirli tərəfin icbari sığortası olmamışdır. Bu səbəbdən dəymiş zərər məbləği tam olaraq cavabdehdən tələb olunmuşdur.. xx.xx.2020-ci il tarixində 1200,88 manatın subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehə məktub göndərilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən xx.xx.2020-ci il tarixli, AP ******* saylı İnzibati xəta haqqında protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi xx.xx.2020-ci il tarixdə, saat 17:00 dəqiqədə baş vermiş və həmin hadisə zamanı Hyundai Elantra minik markalı, 99TD176 dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini olduğu halda, avtomobilin arxa qapısını açdıqda qapı hərəkətdə olan Mazda 6 minik markalı, 90PT813 dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmin maddəyə əsasən, sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulmasına, təhlükəsizlik kəmərinin bağlanılmamasına, motodəbilqənin geyilməməsinə, nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atılmasına və ya sürücünün nəqliyyat vasitəsini idarə etməkdən yayındırılmasına görə otuz manat məbləğində cərimə edilir. İş materiallarında olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərruatları barədə arayışdan görünür ki, yol-nəqliyyat hadisəsi xx.xx.2020-ci il tarixdə, saat 17:00 dəqiqədə Davudoğlu küçəsində baş vermişdir və hadisə nəticəsində Mazda 6 minik markalı, 90PT813 dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. İş materiallarında olan Avtomobilin keçirilən texniki baxış və aparılan təmiri haqqında MZ-52793 saylı aktdan görünür ki, Mazda 6 minik markalı avtomobilə cəmi 1300,88 manat ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, xx.xx.2020-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində zərərə məruz qalmış Mazda 6 minik markalı, 90PT813 dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən 1300,88 manat məbləği müqabilində təmir olunaraq səlahiyyətli şəxsə təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə müvafiq olaraq, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki Məcəllənin 936.2-ci maddəsinə görə, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1097.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia ərizəsi təmin edilməli, 1200,88 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. 1200,88 (min iki yüz manat səksən səkkiz qəpik) manat məbləğində pul və 32,01 (otuz iki manat bir qəpik) manat ödənilmiş dövlət rüsumu və 40 (qırx) qəpik bank xiddmət haqqı Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №e-2(001)-2517/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2517/2023
13.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver