Məhkəmə qərarları › İş №e-2(001)-2570/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2570/2025

12.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2570/2025 12.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Məmmədov Əli İlham oğlunun katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra isə tələbini dəqiqləşdirməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (qanuni nümayəndəsi Qanuni nümayəndə vasitəsilə) paylarına nisbətdə iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, CL-EE000420264 saylı kredit müqaviləsi üzrə 4708.9 manat əsas borc, 71.07 manat faiz borcu, 0.01 cərimə borcu olmaqla, cəmi 4779.98 manat və ödənilmiş 67.80 manat dövlət rüsumunun, habelə 0.40 manat bank xidmət haqqının paylarına tutulması barədə qətnamə edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə cavabdeh X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, CL-EE000420264 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 36 ay müddətinə, illik 18.89 faiz dərəcəsi ilə hesablanmaqla 5717 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Bakı şəhəri 20 saylı Notariat ofisi tərəfindən verilən məlumata əsasən X3 vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün vərəsəlik işi açılmış, vərəsələr Cavabdeh1 və Cavabdeh2 vərəsəlik şəhadətnamələri xx.xx.2023-cü il tarixində verilmişdir. Maliyyə arayışına əsasən, X2 xx.xx.2022-ci il tarixli, CL-EE000420264 saylı kredit müqaviləsi üzrə kredit borcu Banka ödənilməmiş borcu – 4708.9 manat əsas borc, 71.07 manat faiz borcu, 0.01 cərimə borcu olmaqla, cəmi 4779.98 manat borcu qalmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vərəsə kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 sonuncu məhkəmə iclasında iştirak etməsə də, əvvəlki məhkəmə iclasında bildirmişdir ki, iddia tələbini qəbul etmir. İİ qrup əlildir və işləmir. Mərhum əri vəfat etdikdən sonra, iş yerindən son haqq-hesab 3300 manat pul almışdır. Maddi imkanı çox aşağıdır. Qeyd olunan məbləği ödəməyə gücü çatmır. Pulu gəlininin müalicəsinə xərcləmişdir. Dəfn xərclərinə kənd camaatı köməklik edib.

5. Digər Cavabdeh2 qanuni nümayəndəsi Cavabdeh2 lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

6. "xxxx" ASC ilə X5 arasında bağlanan xx.xx.2022-ci il tarixli, CL- EE000420264 nömrəli kredit müqaviləsindən görünür ki, bank borcalana 36 ay müddətinə illik 18.89% dərəcəsi ilə 5717 manat məbləğində kredit verilmiş, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə faizi ilə birlikdə banka qaytarmağı ödəsinə götürür.

7. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, X3 xx.xx.2022-ci il tarixli, CL-EE000420264 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 4708.9 manat əsas borcu, vəfat etdiyi tarixə 71.07 faiz borcu, 1 qəpik cərimə borcu olmaqla, cəmi 4779.98 manat borcu vardır.

8. 20 saylı Bakı Notariat ofisinin xüsusi notariusu X4 tərəfindən verilən xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixində vəfat etmiş X3 vərəsələri Cavabdeh1 və Cavabdeh2 miras əmlakdan ½ irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi filialın verdiyi xx.xx.2023-cü il tarixli, 3- 17-1/2-147995/2023 nömrəli məktuba əsasən pensiya üzrə alınmış 280.35 manat və Prezident təqaüdü üzrə 59.00 manat məbləğində pul vəsaitindən ibarətdir.

9. 20 saylı Bakı Notariat ofisinin xüsusi notariusu X4 tərəfindən verilən xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixində vəfat etmiş X3 vərəsələri Cavabdeh1 və Cavabdeh2 miras əmlakdan ½ irs almalıdır. Şəhadətnamə verilən miras əmlak "xxxx" QSC-nin verdiyi xx.xx.2023-cü il tarixli, 13-1-24/2-435/2023 nömrəli məktuba əsasən 3324 manat 69 qəpik pul vəsaitindən ibarətdir.

10. "xxxx" ASC tərəfindən X1 vərəsəsi Cavabdeh1 və Cavabdeh2 ünvanlanan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2dan banka olan 4708.90 manat əsas kredit borcunu və ona hesablanan faiz borcunun 3 gün müddətində icra etməyəcəyi təqdirdə barəsində məhkəmədə iddia qaldırılacağı ilə bağlı xəbərdar olunmuşdur.

11. İddiaçı iddianın məhkəmədə qaldırılması üçün 67.80 manat məbləğində dövlət rüsumu, 0,40 qəpik bank xidmət haqqını ödəmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

12. "xxxx" ASC ilə X5 arasında xx.xx.2022-ci il tarixli, CL-EE000420264 saylı nağd kredit müqaviləsi bağlanmış, "xxxx" ASC borcalana 36 ay müddətinə illik 18.89% ödəmək şərti ilə 5717 manat məbləğində kredit vermişdir.

13. X5 xx.xx.2023-cü il tarixində ölmüş, ölümündən sonra 20 saylı Notariat ofisində V-34/2023 reyestr nömrəli vərəsəlik işi açılmışdır.

14. 20 saylı Notariat ofisinin xüsusi notariusu X4 tərəfindən verilən xx.xx.2023cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə xx.xx.2023-cü il tarixində vəfat etmiş X3 vərəsəsi Cavabdeh1 və Cavabdeh2dır.

15. Cavabdeh1 və Cavabdeh2 mərhumdan miras qalmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi filialın verdiyi xx.xx.2023-cü il tarixli, 3-17-1/2-147995/2023 nömrəli məktuba əsasən pensiya üzrə alınmış 280.35 manat və Prezident təqaüdü üzrə 59.00 manat məbləğində pul vəsaitindən və "xxxx" QSC-nin verdiyi xx.xx.2023-cü il tarixli, 13-1-24/2-435/2023 nömrəli məktuba əsasən 3324 manat 69 qəpik pul vəsaitindən tam pay hüququ əldə etmişdir.

16. İddiaçı borcalanın kredit müqaviləsi üzrə borcunun olduğunu iddia edir və həmin borc məbləğinin borclunun mirası qəbul etmiş vərəsələrindən tutulmasını tələb edir.

17. Məhkəmə iclasında iştirak etmiş borclunun vərəsəsi isə mərhumdan ona miras olaraq pul vəsaitinin qaldığını,həmin vəsaiti isə gəlininin müalicəsinə sərf etdiyini, hazırda maddi durumu olmadığından ödəniş edə bilməyəcəyini bildirmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

19. 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur.

20. 136.1-ci maddəsinə əsasən əşyalar dövriyyədən çıxarılmayıbsa və ya onların dövriyyəsi məhdudlaşdırılmayıbsa, universal hüquq varisliyi qaydasında (vərəsəlik, hüquqi şəxsin yenidən təşkili) və ya başqa üsulla əşyalar sərbəst surətdə özgəninkiləşdirilə və ya bir şəxsdən başqasına keçə bilər.

21. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

22. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

23. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

24. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

25. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;

26. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

27. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;

28. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

29. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.

30. 1151.1-ci maddəsinə əsasən Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

31. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir.

32. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

33. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

34. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

35. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.

37. İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı ilə mərhum X5 arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri olmuşdur, borcalan ölümü ilə əlaqədar öhdəliyini icra edə bilməmişdir, borcalanın öldüyü vaxtadək maliyyə arayışında qeyd edilən məbləğdə borcu qalmışdır, cavabdeh borcalandan 3664.04 (280.35+59+3324.69) manat məbləğində pul vəsaitini miras əmlak kimi qəbul etmişdir. Beləliklə məhkəmə hesab edir ki, cavabdehlər qəbul etdiyi miras aktivi həcmində miras qoyanın passivini də qəbul etməli olduğundan və qəbul edilən miras aktivinin həcmi miras passivindən az olduğundan iddia qismən əsaslıdır.

38. Beləliklə, kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün cavabdehlərdən müştərək qaydada 3664.04 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

39. Bundan əlavə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, miras əmlaka vərəsə tərəfindən sonradan hər hansı formada sərəncam verilməsi vərəsənin kreditor qarşısında məsuliyyətini istisna etmir. Tətbiq edilən prosessual normalar:

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

41. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

42. 48-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir;

43. 49.4-cü maddəsinə əsasən on dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar;

44. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

45. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır;

46. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz;

47. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

48. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

49. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" ASC ilə X5 arasında bağlanan xx.xx.2022-ci il tarixli, CL-EE000420264 saylı nağd kredit müqaviləsi üzrə ümumilikdə 3664.04 (üç min altı yüz altmış dörd manat, dörd qəpik) manat məbləğində pul vəsaiti, həmçinin iddianın təmin edilmiş hissəsinə münasibətdə 51.5 məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2(qanuni nümayəndəsi Cavabdeh2) müştərək qaydada tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

50. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. "xxxx" ASC ilə X5 arasında bağlanan xx.xx.2022-ci il tarixli, CL-EE000420264 saylı nağd kredit müqaviləsi üzrə ümumilikdə 3664.04 (üç min altı yüz altmış dörd manat, dörd qəpik) manat məbləğində pul vəsaiti, həmçinin iddianın təmin edilmiş hissəsinə münasibətdə 51.5 (əlli bir manat əlli qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2(qanuni nümayəndəsi Cavabdeh2) müştərək qaydada tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar