Məhkəmə qərarları › İş №e-2(001)-2587/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2587/2024

04.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2587/2024 04.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Cavabdeh3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada xx.xx.2020-ci il tarixli, 100804-527939/3 nömrəli kredit müqaviləsi üzrə 7445,52 manat əsas borc və 7,12 manat faiz borcu olmaqla, cəmi 7452,64 manat və xx.xx.2020-ci il tarixli, 100893-PC********** nömrəli kredit müqaviləsi üzrə 741,80 manat əsas borc və 0 manat fazi borcu olmaqla, cəmi 741,80 manat, iki kredit müqaviləsi üzrə ümumilikdə 8194,44 manat və 102,35 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə X6 arasında bağlanmış 09 oktyabr 2020-ci il tarixli, 100804-527939\3 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 18% dərəcəsi ilə 8000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə X6 arasında bağlanmış 09 oktyabr 2020-ci ü tarixli, 100893-PC********** nömrəli kredit xətti müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 0% dərəcəsi ilə 1000 manat məbləğində kredit xətti ayrılmışdır. X6 13 yanvar 2021-ci il tarixdə vəfat etmişdir. X2 vərəsələrinin olub-olmaması araşdırılarkən məlum olmuşdur ki, X3 dair Bakı şəhəri 26 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. Bundan sonra notariat ofisinə vəkil sorğusu verilmiş və sorğu nəticəsində müəyyən edilmişdir ki, X2 vərəsəsi kimi Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tanınmış və bu barədə xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələr verilmişdir. Həmin Şəhadətnamələrə əsasən Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 miras əmlak olan — daşınmaz əmlakdan və nəqliyyat vasitəsindən hər biri 1/3 hissədə pay almışlar. Bundan sonra X2 vərəsələri olaraq, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 xəbərdarlıq məktubu göndərilmiş, lakin Banka olan borc ödənilməmişdir. 05 fevral 2024-cü il tarixinə 09 oktyabr 2020-ci il tarixli, 100804-527939\3 nömrəli kredit müqaviləsi üzrə 7445.52 manat əsas borc və 7.12 manat faiz borcu olmaqla, cəmi 7452.64 manat məbləğində kredit borcu yaranmışdır. 05 fevral 2024-cü il tarixinə 09 oktyabr 2020-ci il tarixli 100893-PC********** nömrəli kredit müqaviləsi üzrə 741.80 manat əsas borc və 0 manat faiz borcu olmaqla, cəmi 741.80 manat məbləğində kredit borcu yaranmışdır. Kredit müqavilələrinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqavilələrə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Göründüyü kimi, qanunvericiliyə əsasən vərəsə borcunun kreditorlarının mənafelərini alınmış aktivdə payına mütənasib surətdə tam ödəməyə borcludur. İddiaçının nümayəndəsi elektron məhkəmə informasiya sisteminə ərizə yükləyərək, işə onların iştiakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında bildirdi ki, iddianı qəbul edir, borcu ödəyəcək. Lakin borcun müştərək qaydada yox, təkcə ondan tutulmasını xahiş edir. Digər cavabdehlər məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə baxışı iclasına gəlməmişlər və gəlməmələrinin səbəblərini bildirməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh3 dinləyib, iş materiallarını araşdırıb və sübutları hərtərəfli tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 100804-527939/3 saylı kredit müqaviləsindən görünür ki, bank sonuncuya 8000 manat məbləğində 24 ay müddətə illik 18 faiz dərəcəsi ilə kreditin verilməsini, sonuncu isə kreditora alınmış kreditin bu müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və miqdarda qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdələrinə götürmüşdür. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 100893-PC********** saylı Smile kredit xətti müqaviləsindən görünür ki, bank tərəfindən sonuncuya 1000 manat məbləğində 36 ay müddətə illik 0 faiz dərəcəsi ilə kredit xətti ayrılmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X2 xx.xx.2020-ci il tarixli, 100804-527939/3 nömrəli kredit müqaviləsinə əsasən 7445,52 manat əsas, 7,12 manat faiz borcu olmaqla, cəmi 7452,64 manat borcu vardır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X2 xx.xx.2020-ci il tarixli, 100893-PC********** nömrəli kredit müqaviləsinə əsasən 741,8 manat əsas, 0 manat faiz borcu olmaqla, cəmi 741,8 manat borcu vardır. AZ-İİ 160598 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Bakı şəhəri 26 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 vərəsələri ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3dır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, X1 və X5 ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehlərə X2 borcu barədə məlumat verilməklə gecikdirilmiş məbləğin ödənilməsi tələb edilmiş, əks halda barəsində məhkəməyə veriləcəyi barədə xəbardar edilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 101,95 manat məbləğində dövlət rüsumu və 0.4 manat bank xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 4 iyun 2018-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. İş materiallarından müəyyən edilir ki, bankla X6 arasında qanunvericilklə nəzərdə tutulmuş qaydada kredit müqavilələri bağlanılmış, bank müqavilələr üzrə öhdəliklərini tam yerinə yetirsə də, X6 müqavilələrin şərtlərinə əməl etməmişdir. Həmçinin müəyyən edildi ki, X6 xx.xx.2021-ci il tarixdə vəfat etmiş və onun vərəsəsi hazırki iş üzrə cavabdehlər olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3dır. Yuxarıda göstərilən maddi hüquq normalarından göründüyü kimi, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Ona görə də məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən müştərək qaydada xx.xx.2020ci il tarixli, 100804-527939/3 nömrəli kredit müqaviləsi üzrə 7445,52 manat əsas, 7,12 manat faiz borcu, xx.xx.2020-ci il tarixli, 100893-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə 741,80 manat əsas, 0 manat faiz borcu olmaqla, ümumilikdə 8194,44 manat pul vəsaiti və iş üzrə ödənilmiş 102,35 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2020-ci il tarixli, 100804-527939/3 nömrəli kredit müqaviləsi üzrə 7445,52 manat əsas borc, 7,12 manat faiz borcu, xx.xx.2020-ci il tarixli, 100893-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə 741,80 manat əsas, 0 manat faiz borcu olmaqla, ümumilikdə 8194,44 (səkkiz min yüz doxsan dörd manat, qırx dörd qəpik) manat məbləğində pul vəsaiti və iş üzrə ödənilmiş 102,35 (yüz iki manat, otuz beş qəpik) manat dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar