Məhkəmə qərarları › İş №e-2(001)-2590/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2590/2022

03.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2590/2022 03.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, ləğv prosesində olan (LPO) "xxxx" Kommersiya Bankı (KB) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Cavabdeh qarşı kredit borcunun tutulması tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" KB QSC ilə Cavabdeh arasında bağlanmış 06 aprel 2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 36 ay müddətinə, illik 24 faiz ödəmək şərtilə 6000 manat məbləğində kredit verilmiş, tərəflər arasında bağlanmış 30 mart 2016cı il tarixli əlavə sazişə əsasən, müqavilə müddətinin sonu 30 mart 2019-cu il müəyyən edilmişdir. Cavabdeh krediti faizləri ilə birlikdə ödəniş qrafikinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüş, lakin, öhdəliklər lazımınca yerinə yetirilmədiyinə görə bank tərəfindən təqdim olunmuş maliyyə arayışına əsasən 12 yanvar 2022-ci il tarixə banka əsas borc üzrə 5465,81 manat, faiz borcu üzrə 5371,14 manat, cərimə borcu üzrə 2170,99 manat, illik 5 faiz hesablanmaqla gecikdirilmiş faiz borcu üzrə 774,44 manat olmaqla, ümumilikdə 13782,38 manat məbləğində borcu yaranmışdır. Ləğv prosesində olan "xxxx" KB QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən yuxarıda göstərilən məbləğdə borcun, həmçinin iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 132 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianı müdafiə etdiyini bildirib təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələbinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, Cavabdeh LPO "xxxx" KB QSC qarşısında götürdüyü öhdəliklərə tam etmədiyinə görə iddianın qismən təmin olunması üçün hüquqi əsaslar mövcuddur. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsas və faiz borcuna münasibətdə maliyyə arayışında göstərilən məbləğlərə uyğun təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Cavabdeh ilə "xxxx" KB QSC arasında bağlanmış kredit müqaviləsində borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Lakin məhkəmə 5465,81 manat məbləğində əsas borca tənasübsüz olaraq 2170,99 manat məbləğində dəbbə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 2170,99 manat məbləğində dəbbə pulunun məbləği azaldılaraq 382,6 manat məbləğində müəyyən edilməlidir. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, borc hal-hazıradək ödənilmədiyindən, müqavilənin müddətinin bitdiyi 30 mart 2019-cu il tarixdən maliyyə arayışında göstərilən 12 yanvar 2022-ci il tarixədək olan müddət üçün illik 5 faizlə hesablanmış gecikdirilmiş faiz borcu olaraq 774,44 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilməli, 5465,81 manat məbləğində əsas, 5371,14 manat faiz, 382,6 manat dəbbə borcu, 774,44 manat gecikdirilmiş faiz borcu olmaqla ümumilikdə 11993,99 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq ləğv prosesində olan "xxxx" KB QSC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ləğv prosesində olan LPO "xxxx" KB QSC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 132 manat məbləğində pul vəsaitinin 114 manat məbləğində hissəsi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ləğv prosesində olan "xxxx" X3 Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh 5465,81 manat məbləğində əsas, 5371,14 manat faiz, 382,6 manat dəbbə borcu, 774,44 manat gecikdirilmiş faiz borcu olmaqla ümumilikdə 11993,99 manat məbləğində pul vəsaiti ləğv prosesində olan "xxxx" X3 Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 114 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq ləğv prosesində olan Ləğv Prosesində olan "xxxx" X3 Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar