Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2598/2024 28.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Muradova Nigar Yunis qızının katibliyi ilə, İddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “X1 Azərbaycan” QSC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə iddiaçı “X1 Azərbaycan” QSC arasında 05 noyabr 2018-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də, borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş, xx.xx.2020-ci il tarixli, e-2(001)-4946/2020 saylı məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə, iddiaçı “X1 Azərbaycan” QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli “Hüquqi xidmət haqqında” müqaviləyə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. "xxxx" MMC öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aidiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə 250.38 manat, xx.xx.2021-ci il tarixdə 250.38 manat, xx.xx.2021-ci il tarixdə 219.32 manat, xx.xx.2021-ci il tarixdə 206.79 manat, xx.xx.2022-ci il tarixdə 201.18 manat, xx.xx.2022-ci il tarixdə 37.42 manat məbləğində olan vəsait "xxxx" MMCnin vasitəsi ilə təmin edilmiş və buna görə də "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə 174.83 manat məbləğində xidmət haqqı ödənilmişdir. Qeyd edilən xx.xx.2021-ci il tarixli "Hüquqi xidmət haqqında" müqavilənin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC-yə cavabdeh(lər) tərəfindən “X1 Azərbaycan” QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində yəni, ümumilikdə 174.83 manat məbləğində xidmət haqqı ödənilmişdir. "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin 5 və 6-cı bəndində “Borcvеrən”-in hüquq və vəzifələri, Borcalanın hüquq və vəzifələri (öhdəlikləri)ndə: “Borcalan” tərəfindən bu müqavilə üzrə öhdəliklər lazımınca yеrinə yеtirilmədikdə krеdit və ona hеsablanmış faiz borcu, o cümlədən krеdit üzrə gеcikdirilmiş və\və ya ödənilməmiş əsas borcu və ondan istifadə üçün hеsablanmış bütün faizləri, bu müqaviləyə müvafiq olaraq hеsablanan cərimə məbləğlərini, krеditin gеri qaytarılması ilə bağlı çəkdiyi və və ya çəkməli olduğu (o cümlədən sığorta və hüquqi xidməti ilə bağlı çəkdiyi, çəkməli olduğu) bütün хərclərin (zərərin) əvəzinin, habelə əldən çıxmış faydanın ödənilməsini tələb еtmək (tutmaq\almaq), bu müqavilə üzrə öhdəliklərini lazımınca yеrinə yеtirmədikdə krеditin gеri qaytarılması ilə bağlı “Borcverənin” çəkdiyi və\və ya çəkməli olduğu bütün хərclərin (zərərin, məsrəflərin və s., o cümlədən sığorta və hüquq xidməti ilə bağlı çəkdiyi, çəkməli olduğu xərclərin) əvəzini, habelə “Borcverənin” əldən çıxmış faydasını ödəmək; nəzərdə tutulmuşdur. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 174.83 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, hazırki məhkəmə iclasına gəlməmişlər. Lakin iddiaçı “X1 Azərbaycan” QSC “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə baxış iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməklə, bankın iddiasının tam təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materillarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanılmış 05 noyabr 2018-ci il tarixli, 247923 saylı müqavilədən və həmin müqaviləyə əlavədən görünür ki, “X1 Azərbaycan” QSC tərəfindən illik 21% olmaqla 24 ay müddətinə Cavabdeh 2100 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" MMC ilə “X1 Azərbaycan” QSC arasında bağlanmış 18 yanvar 2021-ci il tarixli “Hüquqi xidmət haqqında” müqavilədən görünür ki, bu müqavilə İstehlak kreditləri, Kredit Kartları və/və ya Kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsasən istifadə edilən kreditlərdən Bank qarşısında yaranan borcların alınması üçün göstəriləcəyi hüquq xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimləyir. Həmin müqavilənin 5.1.1-ci bəndindən görünür ki, Bank, Müqaviləyə əsasən istifadə edilən kreditlərdən yaranan borclarla əlaqədar Büro tərəfindən icra nəzarəti başlandıqdan (məhkəmə iş dosyesi (iş qovluğu) təhvil alındıqdan) sonra pul (borcların) yığılması (qaytarılması) halında Büroya bir aylıq dövrdə həyata keçirilən ümumi borc (əsas borc, faiz, çəkilmiş xərclər və s.) yığılmasından (geri ödənişlərindən) cəmi 15% (on beş faiz) nisbətində hüquqi xidmət (vəkillik) haqqı (xərci) ödəyəcəkdir (müvafiq ödəniş sənədləri əsasında). Büro qarşı tərəfdən (kredit\borc alanlardan) borclar ilə əlaqədar məhkəmə icra işləri üzrə hüquqi xidmət (vəkalət) haqqı (xərci) və digər bank borclarına əlavə olaraq Bankın bütün xərclərini (məsrəfləri) almalı və alınan məbləğlər (borclar) Banka ödənilməlidir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, e-2(001)-4946/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh xx.xx.2018-ci il tarixli 247923 saylı kredit müqaviləsi üzrə əsas borca görə 983.07 manat, faiz borcuna görə 79.48 manat, cəriməyə görə 69.52 manat, poçt xərclərinə görə 3.40 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 1165.47 manat məbləğində pul vəsaitinin “X1 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Hüquqi xidmət haqqında” müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh tərəfindən ödənilən 1165.47 manat "xxxx" MMC tərəfindən təmin edilmiş və bu ödənişlərə görə də «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" MMC-yə 174.83 manat məbləğində xidmət haqqı ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh ilə "X1 Azərbaycan" QSC arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçı «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2(001)-4946/2020 saylı qətnaməsi ilə Cavabdeh həmin borcun tutulması qət edilmişdir. Sonradan iddiaçı "X1 Azərbaycan" QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli “Hüquqi xidmət haqqında” müqaviləyə əsasən iddiaçı məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmiş, həmin şirkətin vasitəsi ilə borcun ödənilməsi təmin edilmiş və buna görə də bank tərəfindən 174.83 manat xidmət haqqı ödənilmişdir. Hazırda iddiaçı həmin məbləğin cavabdehdən tutulmasını tələb edir. İddiaçı iddiasını Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107, 121.1-ci maddələri, həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Yuxarıda qeyd olunduğu kimi iddiaçı heç kəsin təzyiqi olmadan, könüllü şəkildə müstəqil olaraq öz seçimi ilə qüvvədə olan məhkəmə qətnaməsinin icrası ilə bağlı "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli “Hüquqi xidmət haqqında” müqavilə bağlamışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən qanunverici tərəfindən məcburi aşağıdakı icra tədbirləri göstərilmişdir: - borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; - tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; - tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; - icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; - bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq belə nəticəyə gəlir ki, məhkəmə qətnaməsinin icrası ilə bağlı icra və nəzarət mexanizmlərinin qanunda təsbit edilməsinə baxmayaraq, iddiaçı «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti qətnamənin qanuni icra edilməsi yolunu seçməmiş, özü könüllü olaraq digər özəl xidmət göstərən şirkətlə müqavilə bağılamış və qətnamənin icrası ilə bağlı göstərilmiş xidmətin qarşılığında könüllü olaraq müəyyən məbləğ ödəmişdir ki, bu halda cavabdehin həmin xidmət haqqının ödənilməsi ilə bağlı iddiaçı qarşısında hər hansı öhdəlikləri yaranmamışdır. İddiaçı tələb etdiyi məbləğin məhkəmə xərci olduğuna əsaslansa da, mülki-prosessual qanunvericiliyin təsbit etdiyi anlayışdan müəyyən olunur ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarət olan xərclər olmaqla, qətnamənin icrası ilə əlaqədar xərcləri ehtiva etmir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Belə olan halda hazırki iş üzrə məhkəmə xərcləri də iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası təmin edilməsin. İddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(001)-2598/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2598/2024
28.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver