Məhkəmə qərarları › İş №e-2(001)-2599/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2599/2024

02.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2599/2024 02.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbi barədə kiçik iddia üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı “X1 Azərbaycan” QSC Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 105,15 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" QSC arasında xx.xx.2018-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş, xx.xx.2020-ci il tarixli, e-2(001)-3613/2020 saylı məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə, iddiaçı "xxxx" QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləyə əsasən, məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMCyə sifariş etmişdir. “Azcollect MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixindəki 100 manat, xx.xx.2023-cü il tarixindəki 601 manat məbləğindəki vəsait "xxxx" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə 105,15 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən xx.xx.2021-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC -yə cavabdeh(lər) tərəfindən "xxxx" QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində yəni ümumilikdə 105.15 manat məbləğində xidmət haqqı ödəmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, xx.xx.2024-cü il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlirəm ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir: Belə ki, iş materiallarında olan: “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh 24 ay müddətinə, illik 21%-lə 1050 manat kredit verilmiş, həmin müqavilə üzrə ödəniş cədvəlindən görünür ki, götürülmüş kreditin hər ay 53,95 manat olmaqla xx.xx.2020-ci il tarixə kimi qaytarılması razılaşdırılmışdır. Həmin Müqavilənin 6.2-ci bəndinə əsasən, bu müqavilə üzrə borcalan öhdəliklərini lazımı qaydada yerinə yetirmədikdə “Bank” borcalana qarşı iddia qaldırmaq və ya icra tətbiqinin həyata keçirmək məcburiyyətində qalarsa , “Bank”ın çəkəcək hər cür xərclərinin (vəkil/hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) “Bank” a ödənilməsini qəbul, bəyan və təsdiq edir. "xxxx" MMC ilə “X1 Azərbaycan” QSC arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Hüquqi xidmət haqqında” müqavilədən görünür ki, bu müqavilə İstehlak kreditləri, Kredit Kartları və/ və ya Kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsasən istifadə edilən kreditlərdən Bank qarşısında yaranan borcların alınması üçün göstəriləcəyi hüquq xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimləyir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-3613/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh cəmi 731,29 manat pulun “X1 Azərbaycan” QSC-yə ödənilməsi qət edilmişdir. xx.xx.2022-ci il tarixli hesabatdan görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixində 100 manat, xx.xx.2023-cü il tarixində 601 manat və xx.xx.2023-cü il tarixində 32 manat məbləğindəki vəsait "xxxx" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə 105,15 manat məbləğində xidmət haqqı ödənilmişdir. “X1 Azərbaycan” QSC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, “X1 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Hüquqi xidmət haqqında müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli kart krediti müqaviləsi əsasında ödənilən son tarix xx.xx.2023-cü il tarixdə təmin edilmiş, 701 manat məbləğində pul vəsaitinə görə “X1 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-yə 105,15 manat məbləğində xidmət haqqı ödənilmişdir. “X1 Azərbaycan” QSC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya bildirişinin surətindən görünür ki, ondan "xxxx" MMC-yə köçürülmüş 105,15 manat məbləğində xidmət haqqının 5 iş günü müddətində ödənilməsi xahiş edilmişdir. Qeyd olunan bildirişin göndərilməsini təsdiq edən poçt qəbzindən görünür ki, bildiriş Cavabdeh çatdırılmışdır. xx.xx.2024-cü il tarixli qəbzə əsasən iddiaçı tərəfindən iddianın məhkəmədə qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, cavabdeh tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, bununla bağlı iddiaçı bank iddia ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilmişdir. Daha sonra iddiaçı bank "xxxx" MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli “Hüquqi xidmət haqqında” müqaviləyə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini sonuncuya sifariş etmiş və bunun üçün bank tərəfindən 105,15 manat xidmət haqqı ödənilmişdir. Hazırda iddiaçı həmin məbləği cavabdehdən tutulmasını tələb edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir; 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir; 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir; 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir; 78.1-ci maddəsinə əsasən, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qanunvericiliyin istinad edilən tələblərindən göründüyü kimi, məhkəmə qətnaməsi icrası məcburi olan akt olmaqla onu çıxarmış məhkəmə tərəfindən icraya yönəldilir və hər hansı bir orqana müraciət edilib-edilməməsindən asılı olmayaraq icra məmuru tərəfindən həyata keçirilir. Qeyd edirəm ki, məhkəmə qətnaməsi ilə iddiaçının borcun ödənilməsi barədə iddiası təmin edilmiş, həmin qətnamə qanunvericiliyin tələbinə uyğun olaraq məhkəmə tərəfindən icraya yönəldilmiş və məcburi icrası icra məmuru tərəfindən həyata keçirilmişdir. Qanunvericilikdə məhkəmə aktının məcburi icrasının icra məmurundan qeyri hər hansı şəxs tərəfindən həyata keçirilməsi nəzərdə tutulmamışdır. Bu mənada hər hansı hüquqi şəxs və ya konkret olaraq "xxxx" MMC tərəfindən hər hansı məcburi icra hərəkətlərinin (“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinin tələblərinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və s.) həyata keçirilməsi də qeyri-mümkündür. Həmçinin nəzərə alınmalıdır ki, icra məmuru tərəfindən həyata keçirilən icra hərəkətləri ilə bağlı qanunvericilikdə tələbkardan hər hansı ödənişin alınması da nəzərdə tutulmamışdır. Əksinə, həmin ödəniş borclu tərəfindən həyata keçirilir. Göstərilənlərə əsasən hesab edirəm ki, hazırki iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək belə bir nəticəyə gəlirəm ki, iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 284-6-cı maddələrini rəhbər tutaraq, QƏTETDİM: İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar