Məhkəmə qərarları › İş №e-2(001)-2617/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2617/2024

18.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2617/2024 18.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbi iddiasına dair sadələşdirilmiş icraat üzrə mülki işə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq; müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, onun tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 1625 manat zərər məbləğinin və ödənilmiş 36,25 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə, saat 14:30 radələrində Bakı şəhəri, Akim Abbasov küçəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, cavabdehin idarə etdiyi “Ford Transit” yük markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobil, X1 idarə etdiyi “Toyota Camry” minik markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. “Ford Transit” yük markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktından görünür ki, “Toyota Camry” minik markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1625 manat zərər dəymişdir. xx.xx.2021-ci il tarixli ödəniş sənədinə əsasən 1625 manat iddiaçı tərəfindən X1 bank hesabına ödənilmişdir. Bakı şəhəri DYPİ-nin xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından və bunun əsasında tərtib olunmuş YNH-nin təfərrüatları barədə arayışdan göründüyü kimi, Cavabdeh İXM-nin 327.6-cı (hadisə yerindən yayınma) və 327.1-ci (yol nişanlarının və yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasını) maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmiş, barəsində 100 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. İş materiallarında aydın odur ki, Cavabdeh yolnəqliyyat hadisəsi zamanı hadisə yerindən yayınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Barəsində sadələşdirilmiş qaydada kiçik iddia daxil olmuş Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin iddia ilə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, sığortalı X3 “Ford Transit” yük markalı, **-UC-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən əmlaka vurulan zərərə görə 5.000 manat, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5.000 manat, bir hadisə üzrə 50.000 manat məbləğində sığortalanmışdır. Müqavilənin qüvvəyə minmə tarixi xx.xx.2020-ci il, müqavilənin qüvvədən düşmə tarixi xx.xx.2021-ci ildir; Bakı şəhəri DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və TP ******* nömrəli qərardan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Akim Abbasov küçəsi ərazisində “Ford Transit” yük markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən yol-nəqliyyat hadisəsi törətmişdir. X2 maddi zərər dəymişdir. Cavabdeh, hadisə yerini tərk etmişdir. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrinə əsasən 100 manat məbləğində cərimə edilmişdir; xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktından görünür ki, “Toyota Camry” minik markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1625 manat məbləğində zərər dəymişdir. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, həmin tarixdə "xxxx" ASC tərəfindən X1 hesabına 1625 manat məbləğində sığorta ödənişi köçürülmüşdür; xx.xx.2024-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 36,25 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Beləliklə müəyyən edildi ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə idarə etdiyi “Ford Transit” yük markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Akim Abbasov küçəsi ərazisində hərəkət edərkən yol nəqliyyat hadisəsi törətmiş, “Toyota Camry” minik markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuş və zərər iddiaçı tərəfindən həmin zərərçəkmiş şəxsə ödənilmişdir. Hazırda iddiaçı həmin məbləğdə sığorta ödənişinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş edir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, sürücü hadisə yerindən yayınmış olduqda sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, 1625 manat məbləğində sığorta ödənişi Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən iddianın qaldırılması üçün ödənilmiş 36,25 manat məbləğində dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, qətetdi: İddia təmin edilsin. Cavabdeh 1625 (min altı yüz iyirmi beş) manat məbləğində sığorta ödənişi və 36,25 (otuz altı manat, iyirmi beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar