Məhkəmə qərarları › İş №e-2(001)-263/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-263/2025

25.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-263/2025 25.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər X3 və Cavabdeh qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin verdiyi BA104412 №-li,xx.xx.2021-ci il tarixli texniki pasporta əsasən (1497 №li mühərrik, XETÇBEK №li kuza və JTDKB20UX978288868 ban №li) **-VX-*** dövlət nömrə nişanlı, “Toyota Prius (Hibrid)” markalı avtomobil ona məxsusdur. 29 avqust 2023-cü il tarixdə, təxminən saat 16:40 radələrində Bakı şəhəri, Babək prospektində yuxarıda qeyd olunan avtomaşın idarə edilərkən yol-nəqliyyat hadisəsi baş vermişdir. Göstərilən yolnəqliyyat hadisəsi X2 mülkiyyətində olan “GMS Yukon” markalı **-RF-*** dövlət nömrə nişanlı avtomaşının Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta törətməsi nəticəsində baş vermişdir. Qeyd olunan inzibati xəta ilə yol-nəqliyyat hadisəsi arasında əlaqənin olması təsdiq olunur. Yolhərəkəti hadisəsinə səbəb olan inzibati xətanı törədən Cavabdeh təqsirli bilinmişdir. Cavabdeh inzibati xəta haqqında iş üzrə inzibati tənbeh edilməsinə dair müvafiq qərar qanuni qüvvəyə minmişdir. Yol–nəqliyyat hadisəsi nəticəsində onun nəqliyyat vasitəsinə 5210 manat məbləğində ziyan dəymişdir. "xxxx" MMC-nin tərtib etdiyi qüsur aktına (malın maya və satış qiymətinin hesablanması) uyğun olaraq onun nəqliyyat vasitəsinin təmir işləri 5210 manata başa gələcəkdir. X2 PXA********** nömrəli sığorta şəhadətnaməsinə əsasən "xxxx" ASC tərəfindən ona dəymiş maddi ziyanın əvəzi olaraq cəmi 2502.40 manat vəsait ödənilmişdir. Avtomobilə dəymiş ziyanın qalan hissəsi, yəni 2707.60 manat bu günə qədər cavabdeh tərəfindən ona ödənilməmişdir. Bundan başqa, sözügedən nəqliyyat vasitəsi taxi fəaliyyəti ilə məşğul olmaq üçün alınmışdır. Cavabdehin maddi ziyan vurması nəticəsində 3 aya yaxındır ki, o, əlavə 1500 manat gəlirindən də məhrum olmuşdur. Həmçinin cavabdehə qarşı məhkəməyə müraciət etmək üçün Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Vəkil ilə hüquqi xidmətin göstərilməsinə dair xx.xx.2023-cü il tarixdə 1171 saylı müqavilə imzalanmış və xidmət haqqı olaraq 500 manat pul ödənilmişdir. Beləliklə, vurulmuş ziyanın ümumi miqdarı 4707.60 manat təşkil edir. Yol– nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi üçün cavabdehdən pulun ödənilməsi tələb olunsa da, müraciətləri hazırki günədək cavabsız qalmışdır. İddiaçı göstərilənləri nəzərə alaraq, cavabdeh X1 və Cavabdeh müştərək qaydada 4207.60 manat maddi ziyan və 500 manat vəkilə ödənilmiş xidmət haqqı olmaqla, cəmi 4707.60 manat pul vəsaitinin tutularaq ona, yəni İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları bir daha təsdiq etmişdir. Nümayəndə eyni zamanda məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, mülki məhkəmə icraatı dövründə “GMS Yukon” markalı **- RF-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisinin dəyişdirilməsini və Cavabdeh adına rəsmiləşdirilməsini əsas gətirərək, Cavabdeh 4207.60 manat məbləğində maddi ziyan və 500 manat vəkilə ödənilmiş xidmət haqqı olmaqla, cəmi 4707.60 manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən hazırki iş üzrə cavabdeh X4 cavabdehlər sırasından çıxarılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və ya nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin etməmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, avtomobilə dəymiş ziyanın tələb olunan məbləğdən aşağı olmasını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının namyəndəsinin çıxışını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Nəbiyev X5 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmiş və 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş izahatın surətindən görünür ki, o, xx.xx.2023-cü il tarixdə saat təxminən 16:40 radələrində etibarnamə ilə idarə etdiyi “GMS” markalı, ** RF *** qeydiyyat nişanlı avtomobillə Babək prospektində hərəkət edərkən qarşıda hərəkət edən “Toyota Prius” markalı ** VX *** dövlət qeydiyyat nişanlı avtomobilin işıqforun qırmızı işığının yanması səbəbindən saxladığını, o, isə nəqliyyat vasitəsini saxlaya bilməməsi səbəbindən həmin avtomobillə toqquşmuşdur. Qarşıdakı avtomobil də, aldığı zərbədən qarşısında dayanmış “BMW” markalı ** FN *** qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı bədən xəsarəti almamışdır. İş materiallarında olan "xxxx" tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli yekun qüsur aktından görünür ki, “Toyota Prius” markalı, ** VX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci ümumilikdə 5210 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Sığorta aktından görünür ki, ** RF *** dövlət qeydiyyat nişanlı “GMS Yukon” minik markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən sığortalanmışdır. Sığortanın növünün “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” olması müəyyən edilmişdir. Bunun nəticəsində "xxxx" ASC tərəfindən İddiaçı 2502.40 manat məbləğində sığorta ödənişi edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, QCM/A 09-031/25 nömrəli mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus buraxılış ili 2008-ci il olan, “Toyota Prius (hibrid)” minik markalı, ** VX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği 3534 (üç min beş yüz otuz dörd) manat müəyyən edilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Prius” markalı ** VX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi (mülkiyyətçi) İddiaçıdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzin surətindən görünür ki, həmin tarixdə İddiaçı tərəfindən “AccessBank” ödəniş sistemi vasitəsilə 500 manat məbləğində pul vəsaiti Bakı şəhəri 12 saylı vəkil bürosunun hesabına ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsində başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsas kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsində öhdəliyin əmələ gəlməsinin əsasları arasında zərərin vurulması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 16:40 radələrində etibarnamə əsasında idarə etdiyi “GMS Yukon” minik markalı ** RF *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Babək prospektində hərəkətdə olarkən qırmızı işıqda avtomobili saxlaya bilməmiş və “Toyota Prius” markalı, ** VX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Həmin yol-nəqliyyat hadisəsinin törədilməsində müvafiq qərarla Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. "xxxx" tərəfindən verilmiş xx.xx.2023cü il tarixli yekun qüsur aktından görünür ki, “Toyota Prius” markalı, ** VX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci ümumilikdə 5210 manat məbləğində qiymətləndirilmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, QCM/A 09-031/25 nömrəli mütəxəssis rəyi ilə təsdiq olunur ki, 2008-ci il buraxılışlı “Toyota Prius” markalı, ** VX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 3534 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli “yol-nəqliyyat hadisəsində zərəçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı” ödəniş aktı ilə təsdiq edilir ki, sığorta şirkəti tərəfindən 2502.40 manat məbləğində pul vəsaiti İddiaçının hesabına köçürülmüşdür. Məhkəmə hesab edir ki, “Toyota Prius” markalı, ** VX *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəyməsi faktı iş materiallarında olan sübutlarla təsdiq olunduğundan, iddia tələbi qismən təmin edilməli, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, QCM/A 09-031/25 nömrəli mütəxəssis rəyində olan “Toyota Prius” markalı, ** VX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 3534 manat müəyyən edildiyindən həmin məbləğdən "xxxx" ASC tərəfindən ödənilmiş 2502.40 manat sığorta məbləği çıxılmaqla, Cavabdeh 1031.60 manat məbləğində dəymiş ziyan tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin “1500 manat məbləğində maddi ziyanın (əlavə gəlirdən məhrum olma) cavabdehdən tutulması" hissəsinə münasibətdə məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi mötəbər sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş üzrə məhkəmə xərcləri hüquqi yardıma görə vəkilə ödənilmiş 500 manat məbləğində vəsaitdən və ödənilmiş dövlət rüsumundan ibarətdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh dəymiş ziyana görə 1031.60 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qismən təmin edildiyi üçün iddiaçı tərəfindən hüquqi yardıma görə vəkilə ödənilmiş 500 manat və dövlət rüsumu olaraq ödənilmiş 67 manat pul vəsaitinin 50%-i, yəni 283.5 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilsin, qalan 50%-i, yəni 283.5 manatı iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar