Məhkəmə qərarları › İş №e-2(001)-2655/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2655/2022

20.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2655/2022 20.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X3 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakları ilə, «X5» Bakı filialının Cavabdeh, Zamin1 və Zamin2 qarşı kredit borcun tutulması tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: «X5” Bakı filialı ilə Cavabdeh arasında bağlanmış 11 iyun 2020-ci il tarixli, 270 nömrəli kredit müqaviləsinə əsasən, bank tərəfindən sonuncuya illik 19 faiz dərəcəsi ilə 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi həmin tarixdə bankla Zamin1 və Zamin2 arasında zaminlik müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə əsasən, Zamin1 və Zamin2 Cavabdeh kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliklərinin məsuliyyətini öz üzərinə götürmüşlər. Cavabdeh kredit müqaviləsinin şərtləri ilə müəyyənləşdirilmiş öhdəlikləri lazımınca icra etmədiyindən banka 2025,48 manat əsas, 24,18 manat faiz borcu olmaqla ümumilikdə 2049,66 manat borcu yaranmışdır. «X5” Bakı filialı Cavabdeh, Zamin1 və Zamin2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən yuxarıda göstərilən məbləğdə borcun və 43,5 manat dövlət rüsumunun müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianı müdafiə etdiyini bildirərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki hallarından görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən «X5» Bakı filialı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir, buna görə də, iddianın təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zamin1 və Zamin2 ilə bank arasında bağlanmış zaminlik müqavilələrinə əsasən, onlar kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərilərinə götürdüklərinə görə məhkəmə hesab edir ki, onlara münasibətdə də iddia təmin edilməli, 2025,48 manat əsas, 24,18 manat faiz borcu olmaqla ümumilikdə 2049,66 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh, Zamin1 və Zamin2 tutularaq «X5” Bakı filialına ödəniməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə “X5» ASC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 43,5 manat məbləğində pul vəsaiti də müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: «X5» Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh, Zamin1 və Zamin2 2025,48 manat əsas, 24,18 manat faiz borcu olmaqla ümumilikdə 2049,66 manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq “X5” Bakı filialına ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 43,5 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh, Zamin1 və Zamin2 tutularaq «X5» Bakı filialına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar