Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2698/2023 01.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh Yusubova (Əliyeva) Sədaqət Dadaş qızının iştirakları ilə, İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının cavabdeh Yusubova (Əliyeva) Sədaqət Dadaş qızına qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı cavabdeh Yusubova (Əliyeva) Sədaqət Dadaş qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standard” KB ilə Yusubova (Əliyeva) Sədaqət Dadaş qızı arasında bağlanmış 07 aprel 2012-ci il tarixli 1xx/xx/4558/12 saylı kredit müqaviləsi üzrə cavabdehdən 825.44 (səkkiz yüz iyirmi beş manat, 44 qəpik) manat məbləğində əsas borc, 936.15 (doqquz yüz otuz altı manat, 15 qəpik) manat məbləğində faiz borcu, 1.717.86 (min yeddi yüz on yeddi manat, 86 qəpik) manat məbləğində cərimə borcu, 358.16 (üç yüz əlli səkkiz manat, 16 qəpik) manat məbləğində gecikmiş vaxt üçün hesablanmış illik 5 faiz dərəcəsi, ümumilikdə isə 3837.61 (üç min səkkiz yüz otuz yeddi manat, 61 qəpik) manat məbləğində pulun və 58.38 (əlli səkkiz manat 38 qəpik) manat dövlət rüsümunun hesablanmaqla ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, QSC “Bank Standard” KB ilə cavabdeh Yusubova (Əliyeva) Sədaqət Dadaş qızı arasında 07 aprel 2012-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/4558/12 saylı müqavilə bağlanmış, Bank tərəfindən Cavabdehə illik 25 (iyirmi beş) faiz ödənilməsi şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 4000 (dörd min) manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin xx.xx.2023-cü il tarixinə Banka 825.44 (səkkiz yüz iyirmi beş manat, 44 qəpik) manat məbləğində əsas borc, 936.15 (doqquz yüz otuz altı manat, 15 qəpik) manat məbləğində faiz borcu, 1.717.86 (min yeddi yüz on yeddi manat, 86 qəpik) manat məbləğində cərimə borcu, 358.16 (üç yüz əlli səkkiz manat, 16 qəpik) manat məbləğində gecikmiş vaxt üçün hesablanmış illik 5 faiz dərəcəsi, ümumilikdə isə 3837.61 (üç min səkkiz yüz otuz yeddi manat, 61 qəpik) manat məbləğində borcu qalmışdır. CavabdehYusubova (Əliyeva) Sədaqət Dadaş qızının kredit borcu üzrə iddia ərizəsi ilə xx.xx.2018-ci il tarixdə məhkəməyə müraciət edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli e-2(001)-1245/2019 saylı qərardadı ilə mülki iş Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanla əlaqədar baxılmamış saxlanılmışdır. Lakin fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu illin dekabrın 31-də başa çatmasına baxmayaraq, tövsiyə edilən tədbirlər tərəflərindən təmin edildiyi halda, bu günədək cavabdeh tərəfindən bankla Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın icrası ilə bağlı yeni müqavilə bağlanması üçün müraciət olunmamış və güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi imzalanmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli e-2(001)-1245/2019 saylı qərardadında müvafiq fərmanın vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddətin bankların ziyanına istifadə oluna bilməyəcəyi qeyd olunmuşdur. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə yazılı xəbərdarlıq edilmişdir, lakin bundan sonra da Kredit Müqaviləsi üzrə öhdəliklər onun tərəfindən lazımınca icra edilməmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, iddiaçı tərəfindən ərizə verilərkən iddia müddəti ötürülmüşdür. Ona görə də iddia müddətinin ötürülməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsi ilə bağlı bildirmişdir ki, cavabdehə qarşı borcun tutulması barədə iddia ərizəsi ilə xx.xx.2018-ci il tarixdə məhkəməyə müraciət edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli e-2(001)-1245/2019 saylı qərardadı ilə mülki iş Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanla əlaqədar baxılmamış saxlanılmışdır. Lakin fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu illin dekabrın 31-də başa çatmasına baxmayaraq, tövsiyə edilən tədbirlər tərəflərindən təmin edildiyi halda, bu günədək cavabdeh tərəfindən bankla Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın icrası ilə bağlı yeni müqavilə bağlanması üçün müraciət olunmamış və güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi imzalanmamışdır.Ona görə də hesab edir ki,iddia müddəti ötürülməmişdir. Məhkəmə iclasında iştriak edən cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəsini müdafiə edərək, iddia müddətinin tətbiq edilərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan: 07 aprel 2012-ci il tarixli, 1xx/xx/4558/12 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh (borclu) ilə Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı (kreditor) arasında kredit müqaviləsi bağlanmış və bank borcluya istehlak məqsədi ilə 24 ay müddətinə, illik 25 faiz olmaqla 4.000 manat məbləğində kredit vermişdir. Müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlindən görünür ki, cavabdeh banka olan borcunu hər ay 213,49 manat olmaqla 07 aprel 2014-cü il tarixinə kimi ödəməli idi. 17 mart 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 07 aprel 2012-ci il tarixli, 1xx/xx/4558/12 saylı kredit müqaviləsi üzrə 07 mart 2023-cü il tarixə 825,44 manat məbləğində əsas borcu, 936,15 manat məbləğində faiz borcu, 1717,86 manat məbləğində cərimə, 358,16 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, cəmi 3837,61 manat məbləğində borcu yaranmışdır. Beləliklə də məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmışdır. Tərəflər arasında 07 aprel 2012-ci il tarixdə bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən, kredit 24 ay müddətinə 07 aprel 2014-cü il tarixədək verilmişdir. Hazırda iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə borcun tutulmasını məhkəmədən xahiş edir, cavabdeh isə iddianı qəbul etmir və iddia müddətini tətbiq edilməsi ilə iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarından müəyyən edildiyi kimi, cavabdeh tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Lakin göstərilənlərə baxmayaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı borcun qaytarılması tələbinə dair iddiası, iddia müddəti tətbiq edilməklə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır; 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 ). Məhkəmə hesab edir ki, 07 aprel 2012-ci il tarixli, 1xx/xx/4558/12 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra müddəti müəyyənləşdirilmiş və həmin müddət 07 aprel 2014-cü il tarixdə bitmiş, Hazırki vəziyyətdə həmin müqavilədən irəli gələn öhdəliklər üzrə iddia müddətinin axımı 07 aprel 2014-cü il tarixdən başlanmasına baxmayaraq, iddiaçı bu növ müqavilələr üzrə müəyyən edilmiş 3 illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etməmiş və hüquqi nəticə etibarı ilə iddia müddətini ötürmüşdür. Cavabdeh hazırki mülki iş üzrə məhkəmə qərarı qəbul edilənədək iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Məhkəmə iddiaçının iddia müddətinin ötürülməməsi ilə bağlı arqumentləri ilə əlaqədar isə qeyd edir ki, iddiaçı cavabdehə qarşı ilk dəfə iddia ərizəsi ilə xx.xx.2018-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edilən zamanda artıq iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Eyni zamanda məhkəmə onu da qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanının icra müddəti xx.xx.2019-cu il tarixdə bitmiş və həmin dövrdən də artıq 3 il müddət keçmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının cavabdeh Yusubova (Əliyeva) Sədaqət Dadaş qızına qarşı “borcun tutulması” tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının cavabdeh Yusubova (Əliyeva) Sədaqət Dadaş qızına qarşı “borcun tutulması” tələbinə dair iddiası təmin edilməsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-2698/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2698/2023
01.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver