Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-270/2023 10.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Abdulova İlahə Telman qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehlərin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:
1. İddiaçı Ləğv Prosesində Olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 30378,04 manat borc olmaqla-bundan 24506,65 manat əsas və 5871,39 manat faiz borcu, iş üzrə ödənilmiş 181 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Əhmədli filialı ilə Cavabdeh1 arasında bağlanmış 16 yanvar 2020-ci il tarixli 10/0174/KBK saylı Kredit müqaviləsinə əsasən borcalana 36 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 30 000 manat məbləğində kredit verilmişdir. Borcalan Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 16 yanvar 2020-ci il tarixli üç tərəfli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 3.1.4-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********677 saylı xx.xx.2021-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixinə Cavabdeh1 kredit üzrə cəmi borcu 30378,04 AZN təşkil edir. Bundan 24506, AZN əsas, 5871,39 AZN faiz borcu təşkil edir. Azərbaycan Respubikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, cavabdehlərlə aralarında razılıq əldə edilmişdir. Müqavilənin müddəti hələki bitməmişdir. Odur ki, həmin məqamı nəzərə alaraq faiz məbləğində tərəflərə güzəşt etmək imkanı olacaq.
4. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi ekspertiza tədqiqatının nəticəsi ilə razılaşaraq iddianı qəbul etdiyini bildirmiş və tələb olunan əsas və faiz borcuynan razı olması barədə yazılı ərizə təqdim etmişdir.
5. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi izahatında bildirmişdir ki, dəfələrlə bankın nümayəndəsi Bəhlul adlı şəxsin qəbulunda olmuşdur. Ona borcu qəpiyinə kimi ödənilməli olması bildirmişdir. Respublika ərazisində olan pandemiya ilə əlaqədar borcun ödənilməsində çətinliklər yaranmışdır, amma vaxtında bankın yaxşı müştərisi olmuşlar və şəhid ailəsidirlər. Bankdan ilk əvvəl 40000 pul götürmüşlər. Borcdan ödəniş edildikdən sonra 17000 qalıq məbləğ qalmışdır. Daha sonra yenidən 10000 manat pul götürülmüşdür. Həmin məbləğ faizi ilə birlikdə 30000 manat borc kimi hesablandı.30000 manat borcdan 14000 manat ödəniş edilmişdir. Odur ki, bank tərəfindən tələb edilən borc məbləği ilə razı deyildir. Hesab edir ki, borc məbləği şişirdilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
6. "xxxx" ASC ilə Cavabdeh1 Dərdayıl oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli, №10/0174/KBK saylı kredit müqaviləsindən və kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, "xxxx" ASC borcalana 48 ay müddətinə illik 24,51 % ödəmək şərti ilə 30000 manat məbləğində kredit verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür. Aylıq ödəniş məbləği 1161,29 manat olmaqla ilkin ödəniş tarixi xx.xx.2020-ci il, sonuncu ödəniş tarixi xx.xx.2022-ci il olaraq müəyyən edilmişdir.
7. "xxxx" ASC ilə Cavabdeh1 Dərdayıl oğlu və Cavabdeh2 arasında bağlanan 16 yanvar 2020-ci il tarixli 10/0174/KBK saylı zaminlik müqaviləsindən görünür ki, zamin xx.xx.2020-ci il tarixli, №10/0174/KBK saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürür.
8. "xxxx" ASC tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, X2 xx.xx.2020-ci il tarixli, №10/0174/KBK saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə əsas borca görə 24506,65, faiz borcuna görə 5871,39 manat olmaqla, cəmi 30378,04 manat məbləğində borcu vardır.
9. "xxxx" ASC tərəfindən borclu Cavabdeh1 Dardayıl oğluna və Cavabdeh2 ünvanlanan xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, borclulara banka olan borcu 3 gün müddətində icra etməyəcəkləri təqdirdə barələrində məhkəmədə iddia qaldırılacağı ilə bağlı xəbərdarlıq olunmuşdur.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/6996 saylı ekspertiza rəyindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 Dərdayıl oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli, №10/0174/KBK saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu xx.xx.2022-ci il tarixə əsas borc üzrə 24506,67 manat, faiz borcu üzrə 5949,68 manat müəyyən edilmişdir. Ekspertiza xərci 50 manatdır.
11. 19.07.2022-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 181 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
12. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, №10/0174/KBK saylı kredit müqaviləsi bağlanmışdır.
13. Müqaviləyə əsasən "xxxx" ASC borcalana 48 ay müddətinə illik 24,51 % ödəmək şərti ilə 30000 manat məbləğində kredit vermiş, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür.
14. Cavabdeh– zamin Cavabdeh2 isə borc alanın kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borcalanla birgə öz üzərinə götürmüşdür. (16 yanvar 2020-ci il tarixli 10/0174/KBK saylı zaminlik müqaviləsi)
15. İddiaçı iddia edir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyin vaxtında və lazımınca icra etməmiş, nəticədə cavabdehin maliyyə arayışında göstərilən məbləğdə-xx.xx.2022-ci il tarixinə əsas borca görə 24506,65, faiz borcuna görə 5871,39 manat olmaqla, cəmi 30378,04 manat məbləğində borcu yaranmışdır.
16. Faktiki olaraq müqavilənin müddəti bitməmişdir. ( Müqavilənin bitmə tarixi xx.xx.2023)
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/6996 saylı ekspertiza rəyindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, №10/0174/KBK saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu xx.xx.2022-ci il tarixə əsas borc üzrə 24506,67 manat, faiz borcu üzrə 5949,68 manat müəyyən edilmişdir.
18. Əvvəlki məhkəmə iclasında cavabdehlərin nümayəndəsi iddia tələbini qəbul etməyərək, borc məbləğini mübahisələndirsə də, sonuncu məhkəmə iclasında iddia tələbini qəbul etdiyini bildirmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
20. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
21. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
22. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
23. 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər ;
24. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
25. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
26. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
27. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;
28. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar;
29. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır;
30. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər;
31. Göründüyü kimi, Cavabdeh1 iddiaçı ilə arasında bağlanmış kredit müqaviləsi üzrə ona verilən kredit məbləğini qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Bununla da müqavilə üzrə öhdəliyini lazimi qaydada icra etməmişdir.
32. Odur ki, borcalanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu ödəməli, digər Cavabdeh2 zamin kimi Cavabdeh1 kreditor qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, borcalanla birlikdə kreditor qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdır.
33. Cavabdehlərin nümayəndəsi tərəfindən tələb edilən borc məbləği mübahisələndirildiyindən mülki iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilmişdir. Ekspertiza tədqiqatı nəticəsində xx.xx.2020-ci il tarixli, №10/0174/KBK saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu xx.xx.2022-ci il tarixə əsas borc üzrə 24506,67 manat, faiz borcu üzrə 5949,68 manat müəyyən edilmişdir.
34. Müqayisəli tədqiqat nəticəsində isə müəyyən edildi ki, ekspert rəyi ilə hesablanan borc məbləği tələb edilən borc məbləğindən artıqdır. Məhkəmə isə iddia tələbinin həddi ilə bağlı olduğundan, hesab edir ki, cavabdehlərdən tələb edilən əsas və faiz borc məbləği iddia tələbi həddində tutulmalıdır. Odur ki, xx.xx.2020-ci il tarixli, №10/0174/KBK saylı kredit müqaviləsi üzrə tutulmalı olan pul vəsaiti əsas borca görə 24506,65 manat və faiz borcuna görə 5871,39 manat müəyyən edilməlidir. Tətbiq edilən prosessual normalar:
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
36. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
37. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
38. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
39. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
40. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2020-ci il tarixli, №10/0174/KBK saylı kredit müqaviləsi üzrə əsas borca görə 24506,65 manat, faiz borcuna görə 5871,39 manat olmaqla, ümumilikdə 30378,04 manat məbləğində pul vəsaiti və 181 (yüz səksən bir) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir.
41. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində vəsait cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************).
42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. xx.xx.2020-ci il tarixli, №10/0174/KBK saylı kredit müqaviləsi üzrə əsas borca görə 24506,65 manat, faiz borcuna görə 5871,39 manat olmaqla, ümumilikdə 30378,04 (otuz min üç yüz yetmiş səkkiz manat, dörd qəpik) manat məbləğində pul vəsaiti və 181 (yüz səksən bir) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində vəsait cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev