Məhkəmə qərarları › İş №e-2(001)-2705/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(001)-2705/2025

24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2705/2025 24.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6 oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, qiyabi icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, İddiaçı MMC-nin direktoru Nümayəndə xx.xx.2022-ci il tarixdə "xxxx" MMC ilə imzalanmış hüquqi müqaviləyə əsasən, sonuncunun Cavabdeh arasında bağlanmış 10 yanvar 2019-cu il tarixli 01- AGT000032640 nömrəli alqı-satqı müqaviləsinin tələb etmə hüququnu əldə etmişdir. Müqaviləyə əsasən alıcı olan Cavabdeh "xxxx" mağazasından ümumi nisyə dəyəri 500 manat olan Samsung A520 ds 32 (İMEİ: **********83993) markalı mobil telefon almışdır. Müqavilənin 4-cü bəndinə uyğun olaraq alıcı, yəni Cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq hər ayın 10-dən gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 42 manat ödəniş etməli olduğu halda aylıq ödənişlər etməmiş, aldığı malın qalıq pulunu ümumi dəyəri 368 manatı mağazaya ödəməmişdir. Müqavilənin 7.3-cü bəndinin tələblərinə əsasən bu müqavilənin icrası ilə bağlı meydana çıxan bütün mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll ediləcəkdir. Həmin mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə, mövcud qanunvericiliyə uyğun məhkəmə qaydasında həll ediləcəkdir. Dəfələrlə Cavabdeh borcunun ödənilməsi barədə edilən müraciətlər nəticəsiz qalmış, cavabdeh götürdüyü malın dəyərini ödəməkdən yayınmışdır. Göründüyü kimi şirkət olaraq, cavabdeh tərəfindən müqavilə öhdəliyinə görə yaranmış borc ödənilmədiyindən məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışlar. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 368 manat əsas borc, 36 manat cərimə borcu və 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 434 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin İddiaçı MMC-nin direktoru Nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onların iştirakları olmadan qiyabi icraat qaydasında baxılaraq, qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, məhkəmə bildirişləri müvafiq qeyd aparılaraq məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC-nin müdiri X1 ilə Cavabdeh arasında bağlanmış 01-AGT000032640 saylı xx.xx.2019-cu tarixli müqavilədən görünür ki, cavabdehlə 500 manat dəyərində nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarında olan "xxxx" MMC-nin direktoru X2 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 01-AGT000032640 saylı xx.xx.2019-cu tarixli müqaviləyə əlavədən görünür ki, alıcıya qarşı müqavilədən irəli gələn pul tələbini istənilən vaxt xx.xx.2019-cu il tarixli 01- AGT000032640 saylı alqı-satqı müqaviləsi üzrə tələb etmə hüququ hüquqi şəxs olan İddiaçı MMC-yə güzəşt edilir. İş materiallarında olan 001 saylı xx.xx.2022-ci il tarixli Faktorinq müqaviləsindən məlum olur ki, "xxxx" MMC-nin Cavabdeh qarşı olan 404 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. İş materiallarında olan "xxxx" MMC-nin müdiri X1 ilə Cavabdeh arasında bağlanmış 01-AGT000032640 saylı xx.xx.2019-cu il tarixli girov müqaviləsindən görünür ki, Girov saxlayanla Girov qoyan arasında bağlanmış xx.xx.2019-cu il tarixli 01-AGT000032640 nömrəli hissə-hissə şərtləri ilə mal alqı-satqısı haqqında müqaviləyə əsasən bundan sonra “Əmlak” adlandırılma TC Fast Samsung 2 PİN İmei: G20050; Silikon soft Samsung A5 2017 (K) İmei: G21430; Samsung A520 Ds 32 (0.6) Black % **********83993 İmei: **********83991 modeli, 500 manat məbləğində avadanlığının dəyərinin ödənilməsini təmin etmək məqsədilə Girov qoyan ona təhvil verilmiş əmlakı, özündə saxlamaq şərti ilə girov qoyur. Müştəri əşyanın (telefonun) dəyərini vaxtında ödəmədikdə, tam ödənilməsini həyata keçirmədikdə "xxxx" MMC-nin müdiri X1 (VÖEN: **********) əşyanın (telefonun) istifadəsinin qeyri-mümkünlüyünü təmin etmək məqsədilə (müqavilənin 4.2-ci bəndinə əsaslanaraq) həmin əşyanın (telefonun) müvafiq İMEİ kodunun istifadəsinə məhdudiyyət (deaktiv etmək) tətbiq etmək hüququna malikdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli 01-AGT000032640 saylı kredit (nisyə alqı-satqı) müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə 368 manat əsas, 36 manat cərimə borcu olmaqla, cəmi 404 manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış bildirişə əsasən məlum olur ki, cavabdehə 5 gün ərzində borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Ona görə də, məhkəmə hesab edir ki, mövcud mübahisənin həlli zamanı hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsinin qaydaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, belə qənaətə gəlir ki, Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, iddia tələbi təmin edilməli, cavabdehdən xx.xx.2019-cu il tarixli 01- AGT000032640 saylı müqaviləyə əsasən 368 manat əsas borc, 36 manat cərimə borcu olmaqla, cəmi 404 manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı MMC-yə ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 01-AGT000032640 saylı müqaviləyə əsasən 368 manat əsas borc, 36 manat cərimə borcu olmaqla, cəmi 404 (dörd yüz dörd) manat məbləğində pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Cavabdeh qətnaməni rəsmi qaydada qəbul etdiyi gündən sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğvi üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər bu qətnamənin ləğvi üçün ərizənin verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar