Məhkəmə qərarları › İş №e-2(001)-2733/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2733/2024

13.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2733/2024 13.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı (MMC) (bundan sonra “iddiaçı”) Cavabdeh (bundan sonra “cavabdeh”)qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 13 may 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı 18 avqust 2021-ci il tarixdə cavabdehə qarşı ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə aralarında bağlanmış 04 iyun 2020-ci il tarixli, WTCN-007818 nömrəli alğı-satqı müqaviləsi əsasında yaranmış 1246 manat borcun, 130 manat cərimənin və 20 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair məhkəmə əmri çıxarılmasını xahiş etmiş, məhkəmənin 19 avqust 2021-ci il tarixli, 2(001)-6694/2021 saylı məhkəmə əmrinə əsasən, ərizə təmin edilmişdir. Sonradan cavabdeh məhkəmə əmrinə etiraz vermiş, məhkəmənin 05 mart 2024-cü il tarixli, 2(001)-2733/2024 saylı qərardadına əsasən, məhkəmə əmri ləğv edilərək, işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıdan ümumi nisyə dəyəri 1246 manat olan “PS4 500 GB” markalı texniki avadanlıq almışdır. Cavabdeh 04 iyul 2020-ci il tarixdən başlayaraq, hər ayın 4-dən gec olmayaraq, ödəniş cədvəlinə uyğun olaraq aylıq 104 manat ödəniş etməli olduğu halda aylıq ödənişlər etməmiş, aldığı malın dəyərini ödəməmişdir. İddiaçının ünvanına həm poçt vasitəsilə, həm də “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılmış elektron kabineti vasitəsilə məhkəmə iclaslarının vaxtı və yeri barədə müvafiq bildiriş göndərilməsinə baxmayaraq, iddiaçı tərəf öz səlahiyyətli nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etmədiyini bildirərək, izahatında göstərdi ki, onun sözügedən alğı-satqı müqaviləsindən məlumatı yoxdur, həmin müqavilədəki “alıcı” tərəfin imzası ona məxsus deyil. Bu hal Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, 2(008)-489/2024 saylı qərardadında öz təsdiqini tapmışdır. Buna görə də, iddia rədd edilməlidir. Mülki iş materiallarında olan: - “Satıcı” adlanan Vorld Telekomun müdiri X2 ilə “Alıcı” adlanan Cavabdeh (doğum tarixi xx.xx.1990, FİN: xxxxxxx) arasında bağlanmış 04 iyun 2020-ci il tarixli, WTCN- 007818 saylı “Əşyanın nisyə alğı-satqı müqaviləsi”nə əsasən, “Alıcı” dəyəri 1246 manat olan əşyanı (PS4 500 GB; Jostik PS4 dualshock black; Disk PS4 FİFA 2020) 12 ay müddətinə ödəmək şərti ilə kreditlə almışdır. - 09 avqust 2021-ci il tarixli maliyyə arayışında göstərilmişdir ki, həmin müqavilə üzrə cavabdehin 09 avqust 2021-ci il tarixə əsas borcu 1246 manat, cərimə borcu 130 manat təşkil edir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, 2(008)- 489/2024 saylı qərardadından görünür ki:

1. “X3” MMC Cavabdeh qarşı “1246 manat borc, 124 manat cərimə və 33 manat dövlət rüsumu, cəmi 1403 manat pulun tutulması” barədə iddia ərizəsi ilə həmin məhkəməyə müraciət etmişdir.

2. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 04 iyun 2020-ci il tarixli WTCN-007818 nömrəli alğı-satqı müqaviləsinə əsasən, Cavabdeh İddiaçı mağazasından dəyəri 1246 manat olan PS4 500 gb. markalı əşyanı nisyə almış, lakin malın dəyərini ödəməmişdir.

3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 noyabr 2023-cü il tarixli müvafiq rəyində göstərilmişdir ki, müqavilə və ödəniş cədvəlindəki imzalar Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

4. Bundan sonra “X3” MMC-nin nümayəndəsi məhkəmə iclasında iddianı geri götürdüyünü bildirərək, işin baxılmamış saxlanmasını xahiş etmiş, Sabunçu Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli qərardadına əsasən, iddia ərizəsi baxılmamış saxlanılmışdır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 noyabr 2023-cü il tarixli, 4/1790 nömrəli ekspert rəyində göstərilmişdir ki, xx.xx.2020-ci il tarixli, WTCN-007818 nömrəli “Əşyanın nisyə alğı-satqı” müqaviləsində “Alıcı” hissəsində “İmza:” qrafasındakı imza, girov müqaviləsində “Girov qoyan:” hissəsində “İmza:” qrafasındakı imza, Təhvil-təslim aktında “Alıcı” hissəsində “İmza:” qrafasındakı imza, ödəniş cədvəlində “Alıcı” qrafasındakı imza Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi, maddə: - 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. - 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi, maddə: - 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Mülki Məcəlləsində öhdəliklərin yaranma əsasları müəyyənləşdirilmişdir. Hazırki iddia tələbinin əsasını müqavilə üzrə yaranmış öhdəliklərin icra edilməməsi təşkil edir. Məhkəmə qeyd edir ki, müqavilə üzrə öhdəliklərin yaranması üçün tərəflər arasında Mülki Məcəllədə nəzərdə tutulmuş etibarlılıq şərtlərinə uyğun gələn müqavilə bağlanmış olmalıdır. Hazırki halda iş materialları ilə müəyyən edilir ki, 04 iyun 2020-ci il tarixli, WTCN- 007818 saylı “Əşyanın nisyə alğı-satqı müqaviləsi” və həmin müqavilədən irəli gələn digər sənədlər (ödəniş cədvəli, girov müqaviləsi) cavabdeh tərəfindən imzalanmamış, yəni bu müqavilə iddiaçı ilə cavabdeh arasında bağlanmamışdır. Məhkəmə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir? Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar. Yuxarıda göstərilənlərə əsaslanaraq, məhkəmə hesab edir ki, cavabdehin iddiaçı qarşısında 04 iyun 2020-ci il tarixli, WTCN-007818 saylı “Əşyanın nisyə alğı-satqı müqaviləsi” üzrə heç bir öhdəliyi müəyyən edilmədiyindən, iddia rədd edilməli, Azərbaycan Respublikasının Mülk Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbləri nəzərə alınmaqla, iddia rədd edildiyindən, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası rədd edilsin, məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar