Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2734/2024 21.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Khutsishvili Patimaya qarşı müqavilənin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Khutsishvili Patimaya qarşı müqavilənin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında ikinciyə illik 35% faizlə 24 ay müddətinə 10000 manat kredit verilməsini nəzərdə tutan 27 oktyabr 2023-cü il tarixli BAKU1-78435-23741 saylı Kredit müqaviləsi imzalanmış və kreditin aylıq 585 manat olmaqla ödənilməsi müəyyən edilmişdir. Yuxarıda qeyd olunan “Kredit müqaviləsi”-ndən irəli gələn öhdəliklərin lazımı qaydada icrasını təmin etmək məqsədi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh1 və Patima Khutsishvili arasında 27 oktyabr 2023-cü il tarixli BAKU1-78435- 23741+BAKU1-78437 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. İş materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqramla müraciət edərək, xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə də onun iştirakını təmin etmək üçün məhkəmə hazırlıq iclasını təxirə salmışdır. Növbəti məhkəmə iclaslarına cavabdehlər nə gəlmiş, nə də ki, gəlməmələrinin səbəblərinə dair məhkəməyə hər hansı məlumat yollamışlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, BAKU1-78435-23741 saylı Kredit müqaviləsindən görünür ki, həmin müqavilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh1 arasında bağlanmış və müqaviləyə əsasən sonuncuya 24 ay müddətinə, illik 35% ödəmək şərtilə 10000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, BAKU1-78435-23741+BAKU1-78437 saylı Zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Khutsishvili Patima (və Cavabdeh1) arasında bağlanmış və müqaviləyə əsasən sonuncu borcalan Cavabdeh1 bank qarşısındakı öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi üçün kreditor qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıdığını qəbul etmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixə Cavabdeh1 Banka 10000 manat əsas borc, 1244,44 manat faiz borcu, 627,52 manat cərimə borcu olmaqla, cəmi 11871,96 manat məbləğində borcu mövcuddur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildiriş məktubundan görünür ki, cavabdehlər Cavabdeh1 xx.xx.2023-cü il tarixli, BAKU1-78435-23741 saylı Kredit müqaviləsi üzrə 10000 manat əsas borcu, 379,17 manat faiz borcu və 26,37 manat dəbbə borcu olmaqla, cəmi 10405,54 manat borcunun yaranması barədə məlumatlandırılmış və onlardan 5 gün ərzində borcun ödənilməsi tələb edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında göstərilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, tələb də məhz pretenziya məktubunda qeyd olunan məbləğlər hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Müki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Müki Məcəllənin 470.1-ci maddəsinə müvafiq olaraq, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Müki Məcəllənin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ ... Beləliklə, Mülki Məcəllənin 421.2-ci maddəsində qeyd olunan əsasların mövcud olduğu hallarda müqavilənin ləğv edilməsinin məhkəmədən kənar qaydası, Məcəllənin 423.2-ci maddəsində isə ləğvetmənin xüsusi qaydası (müstəsna hal - Mülki Məcəllənin 422.1-ci maddəsinə uyğun olaraq şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi mövcud olduğu təqdirdə) nəzərdə tutulmuşdur. Məhkəmədən kənar qayda iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə şərtləndirildiyi halda, xüsusi qayda məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. Əks yanaşma, yəni Məcəllənin 423.2-ci maddəsinin adi qaydada ümumi bir norma kimi tətbiq edilməsi ləğv etmə institutunun mahiyyətinə və hüquqi funksiyasına, hüquqi müəyyənlik prinsipinə, mülki dövriyyənin təşkilinə və inkişafına şərait yaradılması ilə bağlı mülki qanunvericilik sisteminin məqsədinə və bütövlükdə ölkənin iqtisadi maraqlarına cavab verməz. Mülki Məcəllənin 421.2 və 423.2-ci maddələrinin məntiqi nəticəsi olaraq həmin Məcəllənin 424.3-cü maddəsində müəyyən edilmişdir ki, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Burada vurğulanmalıdır ki, normada “ləğv edilmə” ifadəsi birtərəfli qaydada sonlandırmaqla müqavilə münasibətlərinə xitam verilməsi mənasında deyil, tərəflərin qarşılıqlı razılaşması ilə bağlamış olduqları müqaviləyə xitam vermələri mənasında istifadə olunmuşdur. Beləliklə, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir”. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarın müddəalarını əsas götürərək belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Khutsishvili Patimadan müştərək qaydada 10000 manat əsas borc, 379,17 manat faiz borcu və 26,37 manat dəbbə borcu olmaqla, cəmi 10405,54 manat məbləğində borc iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Khutsishvili Patimadan müştərək qaydada 10000 manat əsas borc, 379,17 manat faiz borcu və 26,37 manat dəbbə borcu olmaqla, cəmi 10405,54 (on min dörd yüz beş manat əlli dörd qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 121,22 (yüz iyirmi bir manat iyirmi iki qəpik) manat hissəsi tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №e-2(001)-2734/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2734/2024
21.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver