Məhkəmə qərarları › İş №e-2(001)-2768/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2768/2024

10.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2768/2024 10.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə BOKT “X1” MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-BK- 0048510-F saylı Kredit müqaviləsinə əsasən Cavabdeh ödənilməmiş 7769,10 (yeddi min yeddi yüz altmış doqquz manat 10 qəpik) manat məbləğində əsas məbləğ üzrə borcu, 2998,87 (iki min doqquz yüz doxsan səkkiz manat 87 qəpik) manat faiz borcu, 30,39 (otuz manat 39 qəpik) manat cərimə borcu və 595,63 (beş yüz doxsan beş manat 63 qəpik) manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla, cəmi 11393,99 (on bir min üç yüz doxsan üç manat 99 qəpik) manat məbləğində kredit borcunun və ödənilmiş 125 (bir yüz iyirmi beş) manat dövlət rüsumunun alınaraq BOKT “X1” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdehbank olmayan kredit təşkilatı (bundan sonra BOKT) “X1” MMC-nə kreditin ayrılması ilə əlaqədar müraciət etmişdir. Borclunun müraciətinə müvafiq olaraq onunla BOKT “X1” MMC (bundan sonra təşkilat) arasında xx.xx.2019-cu il tarixli, L-BK-0048510-F saylı Kredit Müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1 və 6.1-ci bəndlərinə əsasən, “ev təmiri” məqsədilə borcluya 18 ay müddətinə, aylıq 3 %, illik 36 % olmaqla 10000 (on min ) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin bağlandığı müddətdən, yəni xx.xx.2019-cu il tarixindən bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 2.230,90 (iki min iki yüz otuz manat 90 qəpik) manat, müqavilənin 6.1-ci bəndinə əsasən hesablanmış faiz borcu üzrə 1.509,54 (bir min beş yüz doqquz manat 54 qəpik) manat və müqavilənin 4.3-cü bəndinə əsasən hesablanmış cərimə borcu üzrə 73,56 (yetmiş üç manat 56 qəpik) manat olmaqla, cəmi 3.814,00 (üç min səkkiz yüz on dörd manat 00 qəpik) manat məbləğində pul ödənilmişdir. Hal hazırda Cavabdeh təşkilata ödənilməmiş 7.769,10 (yeddi min yeddi yüz altmış doqquz manat 10 qəpik) manat məbləğində əsas məbləğ üzrə borcu, 2.998,87 (iki min doqquz yüz doxsan səkkiz manat 87 qəpik) manat faiz borcu və 30,39 (otuz manat 39 qəpik) manat cərimə borcu var. Bundan əlavə, “X1” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-BK-0048510-F saylı Kredit Müqaviləsinin 6.7 maddəsində bu müqavilədən irəli gələn öhdəliklərin borclu tərəfindən yerinə yetirilməməsi nəticəsində məhkəməyə müraciət olunacağı təqdirdə cavabdehdən kreditora vurulmuş zərər(əldən çıxmış fayda) tələb olunması nəzərdə tutulmuşdur. Müqavilənin həmin maddəsinə əsasən zərər(əldən çıxmış fayda) ödənilməmiş əsas məbləğə hesablanmış 6 aylıq faizin məbləğinə bərabər olur.Hal-hazırda müqaviləyə əsasən hesablanmış zərər(əldən çıxmış fayda) 595,63 (beş yüz doxsan beş manat 63 qəpik) manat təşkil edir. Proses iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iştirak edən Nümayəndə iddia ərizəsinin dəlillərinə uyğun izahat vermişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmiş işin faktiki halları:

5. Bank Olmayan Kredit Təşkilatı İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə, L-BK-0048510-F nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqavilənin predmetini kreditor tərəfindən borcalana ev təmiri məqsədi üçün 18 ay müddətinə verilmiş 10000 manat kredit təşkil etmişdir. Borclu kreditdən istifadə edilməsinə görə aylıq 3 faiz, illik 36 faiz ödəməli idi. Müqavilənin 6.7-ci bəndində qeyd edilmişdir ki, kreditora dəymiş zərər müqavilənin 6.1-ci bəndində nəzərdə tutulmuş aylıq faiz dərəcəsi miqdarında ödənilməmiş əsas məbləğə 6 ay müddətinə hesablanacaq, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının borclu tərəfindən gecikdirilməsi nəticəsində keditor tərəfindən məhkəməyə müraciət edilərsə, kreditora dəymiş zərər hesablanaraq iddia məbləğinə əlavə ediləcəkdir. Həmin müqavilənin 3.2-ci bəndində qeyd edilmişdir ki, kreditor borclu tərəfindən öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzini tələb etmək hüququna malikdir, zərər dedikdə borclu tərəfindən öhdəliklər pozulmasaydı kreditorun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər(əldən çıxmış fayda) başa düşülür, zərərin hesablanması bu müqavilənin 6.7-ci bəndində nəzərdə tutulmuş qaydada həyata keçiriləcəkdir. Həmin müqavilənin 4.3-cü bəndində qeyd edilmişdir ki, borclu bu müqavilə üzrə aylıq kredit ödənişlərini gecikdirdiyi hallarda gecikdirilən əsəs məbləğə görə hər gün üçün gecikdirilmiş əsas məbləğin 1 faizi həcmində cərimə ödəməyi öhdəsinə götürmüşdür.

6. 04.03.2024-cü il tarixə tərtib edilən maliyyə arayışından görünür ki, borclu tərəfindən sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 437 manat olmaqla, cəmi 3814 manat ödəniş edilmişdir. Həmin məbləğin 2230.9 manatı əsas borcdan, 1509.54 manatı faiz borcundan, 73.56 manatı isə cərimə borcundan silinmişdir. Cari tarixə cavabdehin borcu əsas borca görə 7769.1 manat, faiz borcuna görə 2998.87 manat, cərimə borcuna görə 30.39 manat, əldə çıxmış fayda olaraq 595.63 manat olmaqla, cəmi 11393.99 manat təşkil edir.

7. 05.12.2022-ci il tarixli məktubla borcluya ünvanlanmış məktubdan görünür ki, cavabdehə kredit müqaviləsi üzrə yaranmış 11393.99 manat borcunun 5 iş günü ərzində ödəməsi, əks halda məhkəməyə iddia veriləcəyi barədə xəbərdarlıq olunmuşdur. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

9. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

10. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

11. 386.1-i maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

12. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

13. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir;

14. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

15. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

16. İşin halları ilə müəyyən edilir ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, kreditor 10000 manat krediti illik 36 ay faiz dərəcəsi ilə 18 ay müddətinə borcalana vermişdir. Borcalan 732 manat aylıq ödəniş etməklə, müqavilə müddətinin sonuna əsas məbləğdən əlavə 3184.39 manat faiz ödəməli idi. Lakin hesabdan çıxarış məlumatlarından görünür ki, cavabdeh 2020-ci ilin mart ayından öhdəliyini icra etməmişdir. Buna qədər isə əsas borc üzrə 2230.9 manat, faiz borcu üzrə 1509.4 manat ödəniş etmişdir. Hazırda isə iddiaçı cavabdehdən haqlı olaraq əsas borca görə 7769.1(10000-2230.9) manat, faiz borcuna görə 2998.87 ( qalıq əsas borcun 7769.1 manat olduğu, aylıq 3 faiz olmaqla 13 ay hesablanmalı olduğu nəzərə alınarsa) tələb edir. Belə ki, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, müqavilə üzrə yaranmış borcunu ödəməlidir.

17. Məhkəmə kreditorun borcludan müqavilənin 6.7-ci bəndinə əsasən əldən çıxmış fayda qismində zərərin tutulması barədə tələbini qismən əsaslı hesab edir. Belə ki, iddiaçı tələbində müqavilənin 6.7-ci bəndinə istinad edərək ödənilməmiş əsas məbləğə 6 aylıq faizin məbləğinə bərabər olduğunu iddia etdiyi 595.63 manat tələb edir. Lakin iddiaçının nə iddia ərizəsində, nə borc haqqında arayışda həmin məbləği hansı qaydada hesabladığı müəyyən edilmir. Üstəlik müqavilən həmin şərtində də zərərin hesablanması qaydası qeyri-müəyyəndir. Hansı ki, Mülki Məcəllənin 419.2-ci maddəsində qeyd edilmişdir ki, müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyrimüəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Bu səbəbdən məhkəmə iddianı həmin hissədə qismən əsaslı hesab edir və Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən cavabdehdən illik 5 faiz miqdarında 6 ay üçün əldən çıxmış fayda qismində zərərin tutulması qənaətinə gəlir. Həmin məbləğ isə əsas borcun 7769.1 manat olduğu nəzərə alındıqda 6 ay üçün 194.22 manat təşkil edir. Tətbiq edilən prosessual normalar:

18. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin:

19. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

20. 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir;

22. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

23. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə iddia qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli, L-BK-0048510-F nömrəli kredit müqaviləsi üzrə əsas borca görə 7769.1 manat, faiz borcuna görə 2998.87 manat, cərimə borcuna görə 30.39 manat, əldən çıxmış faydaya görə zərər qismində 194.22 manat olmaqla, cəmi 10992.58 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 125 manat Cavabdeh tutularaq Bank Olmayan Kredit Təşkilatı İddiaçınə ödənilməlidir.

24. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu,216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli, L-BK-0048510-F nömrəli kredit müqaviləsi üzrə əsas borca görə 7769.1 manat, faiz borcuna görə 2998.87 manat, cərimə borcuna görə 30.39 manat, əldən çıxmış faydaya görə zərər qismində 194.22 manat olmaqla, cəmi 10992.58(on min doqquz yüz doxsan iki manat, əlli səkkiz qəpik) manat məbləğində pul vəsaiti və 125(yüz iyirmi beş) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar