Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2771/2025 23.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Məmmədov Əli İlham oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra tələbini azaldaraq məhkəmədən Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 20488.3 AZN əsas borcun və 156,44 AZN dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cı il tarixli Kredit müqaviləsinə əsasən ona illik 20 faiz dərəcəsi ilə 83 ay müddətinə 25310,88 AZN məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi isə İddiaçı ASC Cavabdeh2 ilə xx.xx.2023-cı il tarixliZaminlik müqaviləsi bağlamışdır. Bu müqavilənin 1-ci bəndinə əsasən zamin şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdehlər öz üzərilərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsələr də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmirlər. Cavabdeh1 xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə yuxarıda qeyd olunan Kredit müqaviləsinə əsasən 22134,43 AZN əsas; 11,74 AZN faiz; cəmi 22146,17 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdehlər tərəfindən borcun qaytarılması təmin edilməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış Kredit müqaviləsi, Zaminlik müqaviləsi, əsas və faiz borcunu özündə əks etdirən Maliyyə arayışı, pul vəsaitinin cavabdehə nəğd qaydada verilməsini təsdiq edən Xəzinə Məxaric orderi, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanladıqları Bildiriş məktubu və məktubun göndərilməsini sübut edən Poçt reyestridir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclaslarının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
5. Kredit verən bank İddiaçı ASC ilə kredit alan Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RGTK9071462A116 saylı kredit sazişindən görünür ki, kreditor borcalana 83 ay müddətinə, illik 20% dərəcəsi ilə, 25310,88 manat məbləğində kredit verməyi, borcalan isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi, habelə krediti və kreditə hesablanmış faizləri kreditora ödənilməsinə dair öhdəlik götürmüşdür.
6. Kredit verən bank İddiaçı ASC ilə kredit alan Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli Z-RGTK9071462A116 saylı zaminlik müqaviləsindən görünür ki, zamin xx.xx.2023-cü il tarixli, RGTK9071462A116 saylı kredit müqaviləsi üzrə borcalanın kreditor qarşısında yaranmış öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür.
7. İddiaçı ASC tərəfindən təqdim edilən məxaric orderindən görnür ki, borcalanın hesabına bank tərəfindən 25310,88 manat pul vəsaiti köçürülmüşdür.
8. İddiaçı ASC tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2023-cü il tarixli, RGTK9071462A116 saylı kredit müqaviləsi üzrə 27 fevral 2025-ci il tarixinə 22134,43 manat əsas borc, 11,74 manat faiz borcu olmaqla, cəmi 22146,17 manat borcu vardır.
9. İddiaçı ASC tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2023-cü il tarixli, RGTK9071462A116 saylı kredit müqaviləsi üzrə 01 may 2025-ci il tarixinə 20488,30 manat əsas borcu vardır.
10. İddiaçı ASC-nin cavabdehlərə ünvanlanan 15 yanvar 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclulara xx.xx.2023-cü il tarixli, RGTK9071462A116 saylı kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, yaranmış borcun ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi kredit borcunun ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi barədə xəbərdarlıq edilmişdir.
11. İddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 156,44 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
12. İddiaçı ASC ilə kredit alan Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli, RGTK9071462A116 saylı kredit sazişi bağlanmaqla, bank tərəfindən borcalana 83 ay müddətinə, illik 20% dərəcəsi ilə, 25310,88 manat məbləğində kredit verilmişdir. Cavabdeh– zamin Cavabdeh2 isə borc alanın kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borcalanla birgə öz üzərilərinə götürmüşdürlər.
13. İddiaçı cavabdehlərin Banka borcunun yarandığını iddia edir və həmin məbləği cavabdehlərdən müştərək qaydada tələb edir.
14. Belə ki, xx.xx.2025-ci il tarixli maliyyə arayışına görə İddiaçı ASC tərəfindən Cavabdeh1 27 fevral 2025-ci il tarixinə 22134,43 manat əsas borc, 11,74 manat faiz borcu olmaqla, cəmi 22146,17 manat borcu hesablanmışdır. Mülki işin məhkəmənin icraatında olduğu dövrdə ödəniş edilməsi səbəbindən İddiaçı ASC tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2023-cü il tarixli, RGTK9071462A116 saylı kredit müqaviləsi üzrə 01 may 2025-ci il tarixinə 20488,30 manat əsas borcu hesablanmışdır.
15. İddianın məhkəmədə qaldırılması üçün iddiaçı tərəfindən 156,44 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
17. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
18. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
19. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
20. 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər ;
21. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
22. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
23. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
24. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;
25. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
26. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar;
27. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır;
28. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər;
29. Göründüyü kimi, Cavabdeh1 iddiaçı ilə arasında bağlanmış kredit müqaviləsi üzrə ona verilən kredit məbləğini qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Bununla da müqavilə üzrə öhdəliyini lazimi qaydada icra etməmişdir. Odur ki, borcalanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu ödəməli, digər Cavabdeh2 isə zamin kimi Cavabdeh1 kreditor qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, borcalanla birlikdə kreditor qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdır. Tətbiq edilən prosessual normalar:
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
31. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
32. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
33. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
34. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
35. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2023-cü il tarixli, RGTK9071462A116 saylı kredit müqaviləsi üzrə əsas borca görə 20488,30 manat məbləğində pul vəsaiti və 156,44 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir.
36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli, RGTK9071462A116 saylı kredit müqaviləsi üzrə əsas borca görə 20488,30 (iyirmi min dörd yüz səksən səkkiz manat, otuz qəpik) manat məbləğində pul vəsaiti və 156,44 (yüz əlli altı manat, qırx dörd qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev