Məhkəmə qərarları › İş №e-2(001)-2774/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2774/2025

30.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2774/2025 30.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Sadiqoc Daməd Əli oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh1, Cavabdeh2 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kreditin, ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kreditin, ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X3, Cavabdeh2 və X1 birgə qaydada onun xeyrinə 27724,49 manat məbləğində əsas borcun, 2664,75 manat məbləğində faiz borcunun, 827,92 manat məbləğində cərimə borcunun, cəmi 31217,16 manat borcun və 188 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X3 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli Kredit sazişi müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə, illik 18,5% olmaqla 30000 manat məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 dəfə pozulduqda bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə tələbimizin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, iddianı gəbul etmir. Belə ki, həmin borcu Cavabdeh3 götürmüşdür. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, iddianı iddianı gəbul etmir. Belə ki, həmin borcu Cavabdeh3 götürmüşdür. Öz evini satıb bir aya borcunu ödəyəcək. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 izahatında bildirmişdir ki, iddianı qismən qəbul edir. Belə ki, o, əsas və faiz borcunu qəbul edir, cərimə borcunu isə qəbul etmir. O, bu barədə məhkəmə ərizə də təqdim etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh3 məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının Cavabdeh3 iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə kredit alan X4 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MK/16912/A1/3 saylı kredit Sazişindən və ödəniş cədvəlindən görünür ki, kreditor borcalana 36 ay müddətinə illik 18,5 faiz dərəcəsi ilə 30000 manat məbləğində kredit verməyi, kredit alan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanmış faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. Həmin Sazişin 4-cü bəndinə əsasən müqavilə üzrə müştərinin öhdəliyi zaminliklə təmin olunmuşdur. Zaminlər: Cavabdeh2 və Cavabdeh1dur. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, həmin tarixdə İddiaçı ASC tərəfindən Cavabdeh3 hesabına 29999 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Cavabdeh3 27724,49 manat əsas, 2664,75 manat faiz və 827,92 manat məbləğində cərimə borcu vardır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlərə ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, onlara kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə yaranmış borcun ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit borcunun ödənilməsi üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişlər. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 188 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MK/16912/A1/3 saylı kredit Sazişinə əsasən kreditverən sonuncuya illik faiz dərəcəsi 18,5% olmaqla 36 ay müddətinə 30000 manat məbləğində kredit verməyi, sonuncu isə verilmiş krediti və ona hesablanan faizləri bu müqaviləyə uyğun kreditora ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Daha sonra tərəflər arasında zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zaminlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı ilə borcalan arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün kredit alan ilə birgə məsuliyyət daşımağı və kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərinin icra edilməsini öhdəsinə götürmüşlər. Göründüyü kimi, Cavabdeh3 bağlanmış müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh3 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməli, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 da zaminlər kimi Cavabdeh3nın iddiaçı qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, Cavabdeh3 ilə birlikdə iddiaçı qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdırlar. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Eyni zamanda, iş materiallarından görünür ki, yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdehlər cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin müqavilələrdə öz əksini tapmışdır. Hazırda da iddiaçı müqavilə üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehlərdən öhdəliyin icrasını, o cümlədən cərimənin ödənilməsini tələb edir. İşin hallarını nəzərə alıb məhkəmə belə qənaətə gəlir ki, cərimə müəyyən edilərkən tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə tənasüblük qorunmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən həmin müqavilə üzrə hesablanmış cərimə məbləği azaldılmalı, həmin müqavilə üzrə 83 manat məbləğində müəyyən edilməli və cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli, MK/16912/A1/3 saylı kredit Sazişi üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 27724,49 manat məbləğində əsas borc, 2664,75 manat məbləğində faiz borcu və 83 manat məbləğində cərimə olmaqla, cəmi 30472,24 manat məbləğində borc İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 184 manatı cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli, MK/16912/A1/3 saylı Kredit Sazişi üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 27724,49 manat məbləğində əsas borc, 2664,75 manat məbləğində faiz borcu və 83 manat məbləğində cərimə olmaqla, cəmi 30472,24 (otuz min dörd yüz yetmiş iki manat, qırx iki qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 184 (yüz səksən dörd) manatı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar