Məhkəmə qərarları › İş №e-2(001)-2825/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2825/2023

01.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2825/2023 01.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(001)-7047/2022 saylı qətnaməsi üzrə 12 oktyabr 2020-ci il təvəllüdlü X5 adlı uşağın 18 yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq X2 ödənilsin hissəsində dəyişdirilərək, cavabdehdən hər ay 220 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İsayeva (Müseyibova) Aynur Ağasən qızına ödənilməsi, 12 oktyabr 2020-ci il təvəllüdlü X5 3 (üç) yaşına çatanadək hər ay 100 (yüz) manat məbləğində aliment Cavabdeh tutularaq İsayeva (Müseyibova) Aynur Ağasən qızının xeyrinə tutulması və ilkin mediasiya sessiyasında ödənilmiş rüsum məbləği cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi (hakim Etibar Mustafayev) tərəfindən xx.xx.2022-ci il tarixdə aşağıdakı məzmunda e-2(001)-7047/2022 saylı qətnamə qəbul edilmişdir: “İddia təmin edilsin. Cavabdeh ilə X4 arasında 03 sentyabr 2019-cu il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış, akt qeydləri kitabında 3129 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Tərəflərin birgə nikahından olan 12 oktyabr 2020-ci il təvəllüdlü X5 adlı uşaqlarının anası X1 yanında qalması müəyyən edilsin. 12 oktyabr 2020-ci il təvəllüdlü X5 adlı uşağın 18 yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq X2 ödənilsin və alimentin tutulmasının əvvəli 14 noyabr 2022-ci il tarixdən hesablansın. Qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icra edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 manat, ilkin mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq X2 ödənilsin.” Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(001)-7047/2022 saylı qətnaməsi ilə alimentin məbləği 193 manat sabit pul məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən, yaşayış minimumu uşaqlar üçün hər ay 1 uşağa görə 220 manat sabit pul məbləğində müəyyən edilib. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, cavabdeh ticarət fəaliyyəti ilə məşğuldur. Düşünür ki, artırılacaq həcmdə alimenti ödəmək imkanı vardır. Bundan başqa cavabdeh ikinci dəfə ailə qurmamışdır. Tərəflərin birgə nikahından doğulan uşağın üç yaşına çatmasına az vaxt qalıb. Belə ki, artıq oktyabr ayında uşağın üç yaşı tamam olacaq.

4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

5. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. "xxxx" QSC-nin Dəmir yolu və süni qurğuların saxlanması və cari təmiri üzrə briqadir vəzifəsində işləyir və aylıq əmək haqqı 451 manat təşkil edir. Bu barədə Əmək müqaviləsi bildirişinin məhkəməyə təqdim etmişdir. Təyin olunmuş alimentin məbləğinin artırılmasına razı deyil. Banklara kredit ödənişləri edir və gəliri aşağıdır. Bugünədək təyin edilmiş alimenti hara ödəyəcəyini bilməmiş, ona görə də, alimenti ödəməmişdir. Lakin bugünədək olan aliment borcunu tam olaraq ödəyəcək. Bundan başqa iddiaçı uşağını ona göstərmir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)- 7047/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə X4 arasında 03 sentyabr 2019cu il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış, akt qeydləri kitabında 3129 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından olan 12 oktyabr 2020-ci il təvəllüdlü X5 adlı uşaqlarının anası X1 yanında qalmasının müəyyən edilməsi, 12 oktyabr 2020-ci il təvəllüdlü X5 adlı uşağın 18 yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq X2 ödənilməsi, alimentin tutulmasının əvvəlinin 14 noyabr 2022-ci il tarixdən hesablanması və s. qət edilmişdir.

7. Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 445627 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında olan nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, nikaha xx.xx.2023-cü il tarixində xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixində 79 № ilə qeyd edilmişdir. Nikah pozulandan sonra qadına “İsayeva” soyadı verilmişdir.

8. Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən təqdim edilən xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Müseyibova (İsayeva) Aynur Ağasən qızı xx.xx.2023-cü ildə keçirilmiş mediasiya sessiyasında iştirak etmiş və 50 manat mediasiya xərcini ödəmişdir. Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir.

9. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətində müddətli əmək müqaviləsi əsasında briqadir vəzifəsində işləyir, əmək haqqı 451,21 manatdır.

10. Lakin elektron məhkəmə informasiya sistemindən müəyyən edilmişdir ki, cavabdehin əmək haqqı artmış və 513 manat təşkil edir Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

11. Cavabdeh ilə X4 arasında olan nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)-7047/2022 saylı qətnaməsinə əsasən ləğv edilmişdir. Həmin qətnamə ilə tərəflərin birgə nikahlarından doğulan uşağın- 12 oktyabr 2020-ci il təvəllüdlü X5 adlı uşağın anasının yanında saxlanılması və 12 oktyabr 2020-ci il təvəllüdlü X5 adlı uşağın 18 yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq X2 ödənilməsi qət edilmişdir.

12. Hazırda iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)-7047/2022 saylı qətnaməsi ilə tutulan aliment məbləğinin artırılaraq 220 manat sabit pul məbləğində müəyyən edilməsini tələb edir. Həmçinin 12 oktyabr 2020-ci il təvəllüdlü X3 üç yaşına çatanadak ona 100 manat alimentin ödənilməsini istəyir.

13. Tələbini isə uşağın tələbatının artması, yaşayış minimumu məbləğinin artması ilə əlaqələndirir.

14. Cavabdeh isə iddia tələbini qəbul etməyərək, əmək haqqının 451 manat olduğunu, artırılan həcmdə aliment ödəyə bilməyəcəyini bildirməklə, iddianın rədd edilməsini xahiş edir. İddiaçının nümayəndəsi isə cavabdehin etirazına münasibətdə onun ticarətlə məğul olduğunu bildirsə də, bununla bağlı hər hansı sübut təqdim etməmişdir.

15. Əmək müqaviləsi bildirişi ilə müəyyən edilmişdir ki, həqiqətən cavabdeh Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində müddətli əmək müqaviləsi əsasında briqadir vəzifəsində işləyir, 451,21 olan əmək haqqı artırılaraq 513 manat müəyyən edilmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

16. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

17. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar;

18. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur;

19. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər;

20. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir;

21. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

22. Bundan əlavə, nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

23. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-ci il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

24. İddiaçının tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.

25. Məhkəmə, hazırda uşağın saxlanılması üçün cavabdeh tərəfindən ödənilən alimentin uşağın saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının tələbi ilə razılaşıb, yetkinlik yaşına çatmayanlar üçün 2023-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri, uşağın maddi xərclərinin onun yaşı ilə mütənasib olaraq artmasını nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı baxımından belə qənaətə gəlir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilməli və hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməlidir.

26. Cavabdeh əmək haqqının az olması səbəbindən artırılacaq məbləğlə razılaşmasa da, məhkəmə hesab edir ki, cavabdehin aldığı 513 manat əmək haqqı alimentin təqribən hər ay 30 manat artırılmasına imkan verir və bu səbəbdən uşağın mənafeyi üstün tutulmaqla cavabdehin etirazı əsassız hesab edilməlidir. Xüsusilə nəzərə alınmalıdır ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya kifayət qədər qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatını qarşılamaq vəzifəsindən azad etmir.

27. Məhkəmə iddia tələbinin uşağın 3 yaşına çatanadək iddiaçının xeyrinə 100 manat aliment tutulması hissəsində isə iddianı əsassız hesab edir.

28. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

29. 85.1-ci və 85.1.1-ci maddələrinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir;

30. 85.2-ci maddəsinə əsasən alimentin miqdarı və nikah pozulduqdan sonra onun keçmiş ərə (arvada) ödənilməsi qaydası keçmiş ər-arvad arasındakı sazişlə müəyyən edilə bilər;

31. 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir.

32. Odur ki, Ailə Məcəlləsi aralarında nikah pozulmuş keçmiş arvada ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququ versə də, bu hüququn reallaşmasını hüquqi nəticə etibarı ilə keçmiş ərin maddi imkanından, ödəniş qabiliyyətindən, başqa sözlə gəlirlərindən asılı etmişdir. Belə ki, yuxarıda qeyd olunan maddədənin məzmunundan da göründüyü kimi, bu aliment istisnasız və qeyri şərtsiz olaraq yalnız buna zəruri vəsaitə malik olan keçmiş ərdən tələb edilə bilər.

33. Bu səbəbdən də özünə aliment tutulmasını tələb edən ər və ya arvad digər tərəfin bunun üçün zəruri vəsaitə malik olması barədə məhkəmədə təqzib olunmaz qənaət formalaşdırmalı və ya bu barədə mötəbər sübutlara istinad etməlidir. Lakin iddiaçı tərəf cavabdehin ticarət fəaliyyəti ilə məşğul olmasına dair ehtimallar irəli sürmüş və mülahizəsini yanakı sübutlarla belə əsaslandıra bilməmişdir.

34. Məhkəmə isə cavabdehin əmək haqqının məbləğini və tutulan alimentin miqdarını nəzərə alaraq o qənaətə gəlir ki, cavabdeh əlavə olaraq arvadın xeyrinə aliment ödəmək üçün hər hansı vəsaitə malik deyildir. Belə ki, qanunvericilik zəruri vəsait dedikdə aliment ödəməli olan şəxsin öz zəruri tələbatını ödədikdən sonra artıq qalan hissə başa düşülməlidir. Çünki əks yanaşma ailə qanunvericiliyinin tərəflərin bərabərliyi və bütün tərəflərin diqqətəlayiq maraqlarının qorunması prinsipinə ziddir. Odur ki, əmək haqqından vergi və.s, o cümlədən 220 manat məbləğdə aliment tutulduqdan sonra cavabdehdən əlavə olaraq arvadın xeyrinə alimentin müəyyən edilməsinə zəruri vəsaiti qalmadığından, iddia həmin hissədə əsaslı hesab edilə bilməz.

35. Bundan başqa qeyd edilməlidir ki, iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən tutulur. İddiaçı isə məhkəmənin qanuni qüvvəyə minmiş aktına əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.

36. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

37. Həmçinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

38. Odur ki, Cavabdeh 30 mart 2023-cü il tarixində keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında üzürsüz səbəbdən iştirak etmədiyindən 50 manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Tətbiq edilən prosessual normalar:

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

40. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

41. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

42. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır;

43. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

44. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:

45. 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsum ödənilməlidir.

46. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Nəticə:

47. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(001)-7047/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, 12 oktyabr 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, iddia qalan hissədə təmin edilməməlidir.

48. İddiaçının ödədiyi 50 manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı verilməlidir.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(001)- 7047/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılsın. 12 oktyabr 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 50 (əlli) manat məbləğində mediasiya xərci tutularaq İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar