Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-289/2023 06.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi (əri) Nümayəndə, Cavabdehin vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə (MMC) qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə 06 aprel 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 25 sentyabr 2019-cu il tarixli müqaviləyə əsasən, İddiaçı cavabdeh tərəfindən ünvan 1 ünvanda inşa edilən, 14 mərtəbəli yaşayış binasının 2-ci giriş, 6-cı mərtəbəsində 108,7 kv.metr sahəli, 101 saylı mənzili 130000 manata almışdır. Müqavilə bağlanan zaman mənzilin hər kv.metrinin dəyəri 1196 manat olaraq hesablanmışdır. Sonradan iddiaçının mənzili dövlət qeydiyyatına alınan zaman sahəsinin 108,7 kv.metr deyil, 94,6 kv.metr olduğu müəyyənləşdirilmişdir. Hazırda İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən ondan mənzilin ölçüsünə görə artıq alınmış 16864 manat ödənişin, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 140 manatın onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. İddia tələbinin əsası: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehin ünvan 2 ünvanında yerləşən ofisində 25 sentyabr 2019-cu il tarixdə müqavilə əsasında ünvan 1 ünvanda 14 mərtəbəli yeni tikili olan yaşayış binasında sahəsi 108,7 kv.metr olan 101 saylı mənzili almış və 130000 manat tam ödəniş etmişdir. 25 mart 2020-ci ildə müqaviləni və maliyyə arayışının əslini 3 saylı Bakı “ASAN xidmət” Mərkəzində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edərək ********** saylı çıxarışı əldə etmişdir. Sonradan mənzili təmir edərkən təsadüfən mənzilin sahəsinin az olduğunu fərq etmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək mənzilin sahəsinin yenidən hesablanmasını xahiş etmişdir. Mənzilin sahəsi yenidən ölçülmüş və iddiaçıya xx.xx.2022-ci il tarixli, ********** saylı çıxarış təqdim edilmişdir. Həmin çıxarışda mənzilin sahəsi 108.7 kv.metr deyil, 94,6 kv.metr qeyd edilmişdir. Çıxarışı alarkən birinci çıxarışda nədən yanlış olduğunu soruşduqda iddiaçıya bildirilmişdir ki, bu ölçülər tikinti şirkəti tərəfindən təqdim edilir. Cavabdeh mənzilin sahəsində yaranmış 14,1 kv.metr fərq üçün (1 kv.metr üçün 1196 manat) iddiaıdan 16864 manat artıq ödəniş almışdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianı müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, iddiaçı cavabdeh MMC-dən sözügedən mənzili alarkən aralarında müqavilə bağlanmış, həmin müqavilədə mənzilin ölçüsü 108,7 kv.metr kimi göstərimiş və iddiaçıdan məhz bu sahəyə uyğun ödəniş alınmışdır. Sonradan mütəxəssislər tərəfindən evə baxış keçirilmiş, ölçülər götürülmüş və texniki pasport tərtib edilmişdir ki, həmin texniki pasportda evin ümumi sahəsinin 94,6 kv.metr olduğu göstərilmişdir. Bu fakt mənzilin iddiaçının mülkiyyəti kimi dövlət qeydə alınmasına dair dövlət reyestrindən çıxarışda da öz təsdiqini tapmışdır. Ekspert rəyi ilə mənzilin faktiki sahəsinin 97,5 kv.metr olduğu göstərilmiş, çıxarışla ekspert rəyində göstərilən ölçü arasındakı fərd 2,9 kv.metr təşkil edir ki, bu fərq ehtimal olunur ki, mənzilin daxili arakəsmələrinə görədir. O, mənzilin sahəsinin 97,5 kv.metr kimi qəbul edilməsinə etiraz etmir. Lakin iddiaçı cavabdehə 108,7 kv.metrə görə pul ödədiyindən, yaranmış fərq cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iclasında cavabdehin vəkili Vəkil iddianı qəbul etmədiklərini bildirərək, izahatında göstərdi ki, iddiaçı ilə cavabdeh arasında mənzillə bağlı müqavilə bağlanarkən mənzilin daxilindəki arakəsmələr, eyvan sahəsi və mənzilin kənar divarları da ümumi sahəyə daxil edilmiş, buna uyğun qiymət hesablanmışdır. Mənzilin qonşu divarla kəsişmələrinin tutduğu sahənin yarı hissəsi bir mənzilə, yarı hissəsi isə digər mənzilə hesablanır, çünki, bina inşa edilən zaman mənzillərin ölçüləri və qiymətlər ümumi proyektə uyğun müəyyənləşdirilir. Ekspert rəyi ilə də mənzilin arakəsmələrin altı ilə birlikdə ümumi sahəsinin 108,7 kv.metr olduğu təsdiq edilmişdir. Sahələrin fərqli olması Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən mənzilin hesablanmasında divaraltı, sütun, şaxta sahələrinin nəzərə alınması və balkonlara 0,3 əmsalın tətbiqi ilə bağlıdır. Sonda Vəkil məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin mühəndis-texniki ekspertilar şöbəsinin aparıcı eksperti X2 ifadəsində göstərdi ki, onun tərəfindən hazırki mülki işlə bağlı iddiaçnın mənzilində ekspertiza aparılarkən “Autocad” tətbiqindən istifadə edilmiş, 19 yanvar 2023-cü il tarixli, 10/7517 saylı rəy verilərkən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin, habelə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələbləri nəzərə alınmış, buna uyğun rəy verilmişdir. Tədqiq edilən sübutlar: - Cavabdeh MMC (Şirkət) ilə İddiaçı arasında bağlanmış 25 sentyabr 2019-cu il tarixli müqaviləyə əsasən, İddiaçı Şirkət tərəfindən tikiləcək ünvan 1 ünvanda 14 mərtəbəli binanın 2-ci giriş, 6-cı mərtəbədə yerləşən 108,7 kv.metr sahəli, 101 saylı mənzili almışdır. Mənzilin hər kvatdat-metrinin dəyəri 1196 manat, ümumi dəyəri isə 130000 manat müəyyənləşdirilmişdir. İddiaçı həmin tarixdə tam ödəniş olaraq 130000 manat məbləğində pul vəsaitini Cavabdeh MMC-nin kassasına ödəmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, b.558, 560, 562, 564, m.101 (yeni qaydalarla: AZ1122, Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, 560, M6, m2) ünvanında yerləşən 103 kv.metr sahəli mənzil 25 mart 2021-ci il tarixdə İddiaçı mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsi tərəfindən verilmiş, iddiaçıya məxsus, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, b.558, 560, 562, 564, m.101 (yeni qaydalarla: AZ1122, Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, 560, M6, m2) ünvanında yerləşən mənzilə dair “Texniki Pasport”dan və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, mənzilin ümumi sahəsi 94,6 kv.metrdir. Bu çıxarış 20 may 2022-ci il tarixdə verilmişdir. - Məhkəmənin 17 oktyabr 2022-ci il tarixli, 2(001)-5346/2022 saylı qərardadına əsasən, sözügedən mənzilin faktiki ümumi sahəsinin neçə kvadrat-metr olmasının müəyyənləşdirilməsi üçün mülki iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 yanvar 2023-cü il tarixli, 10/7517 saylı müvafiq rəyində göstərilmişdir ki, mənzilin ümumi faktiki sahəsi 97,5 kv.metr, arakəsmələrin altı ilə birlikdə ümumi sahəsi isə 108,7 kv.metr təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 227.1. Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Maddə 227.2. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ixtiyarı yoxdur ki, yaşayış binasının ümumi əmlakına mülkiyyət hüququndakı payını özgəninkiləşdirsin, habelə həmin payın yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququndan ayrılıqda verilməsinə səbəb olan digər hərəkətləri yerinə yetirsin. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Maddə 773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 1. Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir. Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesalanması qaydaları”nın 3.2 və 3.8-ci bəndlərində göstərilmişdir ki, yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. Mənzillərin ümumi sahəsi – yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların əzaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri – 0,3; şüşəbənd və lociyalar – 0,5; eyvanlar (verandala) – 1,0 azalma əmsallarına vurulmaqla hesablanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidirlər. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar. İddiaçı, cavabdeh tərəfindən inşa edilən binada ona təhvil verilmiş mənzilin sahəsinin müqavilədə göstəriləndən az olduğuna istinad edərək müvafiq iddia tələbini irəli sürür; cavabdeh isə iddiaya etiraz edərək bildirir ki, iddiaçıya müqaviləyə uyğun sahəsi olan mənzil vermişdir. Belə olan halda, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 752.1, 766-cı maddələri nəzərdən keçirilə bilər. Bununla belə qeyd olunmalıdır ki, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal - cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsi iş üzrə sübutetmənin predmetidir. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Hazırkı işdə iddiaçı mübahisəli hala dair sübut təqdim etməmiş, mənzili təhvil aldıqdan sonra ölçdüyü zaman onun ölçüsünün müqavilədə nəzərdə tutulduğundan az, yəni 94,6 kv.metr olduğunu müəyyənləşdirdiyini göstərmişdir. Məhkəmə iddiaçının irəli sürdüyü bu halı (mübahisəli halı) yoxlamaq məqsədilə mühəndistexniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 yanvar 2023-cü il tarixli, 10/7517 saylı müvafiq rəyində mənzilin faktiki ümumi sahəsinin 97,5 kv.metr, mənzilin arakəsmələrin altı ilə birlikdə ümumi sahəsinin isə 108,7 kv.metr təşkil etdiyi göstərilmiş, mənzildə 7 tikilinin olduğu vurğulanaraq tikililərin ayrı-ayrılıqda sahələri qeyd olunmuşdur (1 saylı tikilinin sahəsi 20,7 kv.metr, 2 saylı tikilinin sahəsi 24 kv.metr, 3 saylı tikilinin sahəsi 3,1 kv.metr, 4 saylı tikilinin sahəsi 5,9 kv.metr, 5 saylı tikilinin sahəsi 25,3 kv.metr, 6 saylı tikinti sahəsi 14,4 kv.metr, 7 saylı tikinti sahəsi 4,1 kv.metr). İddiaçı tələbində mənzilinin kvadrat-metrinin müqavilədə nəzərdə tutulandan az olmasını daşınmaz əmlakın reyestrindən çıxarış alandan sonra bildiyini göstərmiş və tələbini məhz bununla əsaslanmışdır. Məhkəmə qeyd edir ki, mülkiyyəti təsdiq edən çıxarışda müvafiq normalara uyğun ölçülərin fərqli göstərilməsi isə cavabdeh tərəfindən öhdəliklərinin lazımınca yerinə yetirilməməsini sübuta yetirmir və qanunun tələbi kimi qəbul edilən ölçülərlə faktiki tikinti sahələrinin eyniləşdirilməsi fərqli meyardır. Belə ki, müqavilədə əks edilmiş mənzilin ölçüləri Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin və (ya) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın tələbləri nəzərə alınmaqla göstərilməmiş və belə bir qeyd əks edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tələbi rədd edilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, habelə, ekspertiza xərci iddiaçıdan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddiası təmin edilməsin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza xərci kimi 50 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-289/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-289/2023
06.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver