Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-293/2025 02.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 tərəfindən ona vurulmuş 31.971,50 (otuz bir min doqquz yetmiş bir manat, 50 qəpik) manat dəyərində zərərin, 27.140 (iyirmi yeddi min bir yüz qırx) manat cərimə məbləğinin, 5000 (beş min) manat mənəvi zərərin və hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş 300 manat xidmət haqqının, cəmi - 64.411,50 (altmış dörd min bir yüz on bir manat 50 qəpik) manat pulun və ödənilmiş 283.24 (iki yüz səksən üç manat 24 qəpik) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra əsl olmayan tərəfin əvəz edilməsi barədə ərizə təqdim edərək, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələrin Cavabdeh MMC ilə bağlandığını və bu səbəbdən iddia tələbinin X2 qarşı deyil, həmin MMC-yə qarşı yönəlməli olduğunu bildirmiş və Cavabdeh MMC tərəfindən vurulmuş 31.971,50 (otuz bir min doqquz yetmiş bir manat, 50 qəpik) manat dəyərində zərərin, 27.140 (iyirmi yeddi min bir yüz qırx) manat cərimə məbləğinin, 5000 (beş min) manat mənəvi zərərin və hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş 300 manat xidmət haqqının, cəmi - 64.411,50 (altmış dörd min bir yüz on bir manat 50 qəpik) manat pulun və ödənilmiş 283.24 (iki yüz səksən üç manat 24 qəpik) manat dövlət rüsumunun Cavabdeh MMC-dən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən qeyri yaşayış sahəsinə havalandırma və soyutma sistemlərinin quraşdırılmasına zərurət yarandığından Cavabdeh MMC-nin direktoru X3 ilə danışıqlar aparmış və sonda Ceyhun Əfəndiyev ona bildirmişdir ki, havalandırma sistemlərinin quraşdırılması üçün şirkətin xüsusi lisenziyası var eyni zamanda soyutma sistemlərinin quraşdırılması da onun tərəfindən həyata keçirilir. Əlavə olaraq bildirmişdir ki, rəhbərlik etdiyi şirkət qeyd edilən işləri tam keyfiyyətli və zəmanətlə icra edir və sonda təsdiq edilmiş layihəni ona təqdim edəcəkdir. O da bu təkliflə razılaşmışdır. Sonda aralarında xx.xx.2023-cü il və xx.xx.2023cü il tarixli 136/23 saylı müqavilələr tərtib edilmişdir. Aralarında olan razılaşmaya əsasən xx.xx.2023-cü ilin sonuna işlər tam şəkildə təhvil veriləcək. İlkin olaraq bildirmişdir ki, görüləcək işlərin dəyəri 34000 manat təşkil edir. 17000 manat iş başlayanda qalan 17000 manat isə işin yekununda ona ödəniləcəkdir. O da bununla razılaşmışdır. Beləcə razılaşdırılmış şəkildə iş başladı. Bir müddət sonra gördü ki, işlər olduqca ləng gedir. Tərəfindən işlərin görülməsinə nəzarət etdiyindən məlum oldu ki, nəzərdə tutulan işlərin heç 50 % görülməyib. Ona aydın oldu ki, Ceyhun Əfəndiyev heçdə bu işin mütəxəssisi deyil. Bu sahə ümumiyyətlə ona yad bir sahədir. Bu barədə ona irad bildirəndə cavab olaraq bildirirdi ki, biraz maddi çətinliklər var qısa zamanda yekunlaşdıracaq. Ancaq yenə də onun bu fikri ilə razılaşmadı və həmin işlər görülən əraziyə Bəxtiyar və Qabil adlı mütəxəsisləri dəvət etdi. Mütəxssislər görülən işlərə baxış keçridi və bildirdilər ki, görülən işlər normativ qaydalara cavab vermir. Bundan sonra belə razılaşdılar ki, mütəxəssislər Bəxtiyar və Qabil müəllim tərəfindən layihə tərtib edilsin və həmin layihə əsasında işlər davam etdirilsin. Mütəxəssislər tərəfindən layihə tərtib edilərək, Ceyhun Əfəndiyevə təqdim edildi. Ceyhun Əfəndiyev isə təqdim edilən layihə əsasında qiymətləndirmə hazırlayıb bildirdi ki, görüləcək işin ümumi dəyəri ilkin razılaşma olaraq müəyyən edilən 34000 manatdan artaraq 46000 manat təşkil edir. Bildirdi ki, 12000 manat artıq pul ödəməlidir. O, yenədə onunla razılaşdı. Ceyhun Əfəndiyev ondan işin davam etdirilməsi üçün əlavə olaraq 17000 manat pul istədi. O da nəzərdə tutulan işlər yarımçıq qalmasın deyə ona yenidən 17000 manat pul verdi. Lakin buna baxmayarq işlər yenə də Ceyhun Əfəndiyev tərəfindən vaxtında və keyfiyyətli şəkildə yerinə yetirilmədi. Onunla yenidən görüşüb işlərin təhvil verilməsini tələb etdikdə əlavə vəsaitə ehityac olduğunu bildirdi. Bildirdi ki, 4000 manat olarsa işləri bir həftəyə tam şəkildə təhvil vermək olar. O, yenidən ona əlavə olaraq 4000 manat pul verdi. Ümumilikdə ona 38000 manat ödəniş etdi. Lakin buna baxmayaraq Ceyhun Əfəndiyev yenə də nəzərdə tutulan işləri razılaşdırılmış müddətdə və qaydada təhvil vermədi. X4 aralarında mübahisə yarandı. Tərəfindən yenidən həmin qeyri-yaşayış sahəsinə mütəxəssislər dəvət etdi və müəyyən edildi ki, Ceyhun Əfəndiyev tərəflər arasında bağlanmış müqavilənin 3.7-ci bəndini pozaraq ümumiyyətlə nə elektrik naqillərini, nə havalandırma borularını ümumiyyətlə heç bir görülən işləri, qaydalara uyğun şəkildə həyata keçirməmiş, tam şəkildə yerinə yetirməmiş, nəticədə müqavilənin icrasını tam şəkildə yerinə yetirməmişdir. Nəticədə ona zərər vurmuşdur. Ceyhun Əfəndiyevin təqsiri üzündən işlər keyfiyyətsiz və yarımçıq görüldüyündən tərəfindən "xxxx" MMC ilə xx.xx.2024-cü il tarixli XM01/24 saylı “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi” bağlanmışdır. Eyni zamanda xx.xx.2024-cü il tarixli XM01/24 saylı müqaviləyə 1 və 2 saylı Əlavələr (Qiymət razılaşma protokolları) edilmişdir. Qiymət razılaşma protokollarına əsasən görüləcək işlərin dəyəri ümumilikdə 31.971,50 manat təşkil edir. Halbuki, xx.xx.2024-cü il tarixli XM01/24 saylı “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi”ndə göstərilən işlərin və Qiymət razılaşma protokollarında qeyd edilən avadanlıqların alınmasına çəkilən xərclərin dəyəri Ceyhun Əfəndiyevə ödənilmişdir. Ceyhun Əfəndiyev ona ödədiyi pullar əsasında həmin işləri tam şəkildə ona təhvil verməli idi. Göründüyü kimi Ceyhun Əfəndiyevin təqsiri üzündən ona 31.971,50 manat zərər dəymişdir. Bundan əlavə, Ceyhun Əfəndiyev xx.xx.2023-cü il tarixli 136/23 saylı müqavilə üzrə üzərinə öhdəlik götürüb ki, işləri müqavilədə göstərilən müddət ərzində yerinə yetirə bilmədikdə hər gecikdirilən gün üçün ümumi məbləğin 0,5% həcmində cərimə ödəyir. İşin faktiki hallarından göründüyü kimi Ceyhun Əfəndiyevlə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli 136/23 saylı müqavilələr tərtib edilmiş və aralarında olan razılaşmaya əsasən xx.xx.2023-cü ilin sonuna işlər tam şəkildə təhvil veriləcək. Lakin xx.xx.2024-cü il tarixə kimi ("xxxx" MMC ilə müqavilə bağlanan müddətə) onun tərəfindən müqavilə üzrə öhdəlik tam şəkildə yerinə yetirilməmişdir. (46000*0,5=230 manat (bir günə düşən faiz məbləği): 230*118 günə =27.140 manat. X5 vurduğu zərərlə yanaşı 27140 manat cərimə borcu da yaranmışdır. Cavabdehin nümayəndəsi (vəkili) iddiaya yazılı etiraz təqdim edərək bildirmişdir ki, tərəflər arasında havalandırma sisteminin quraşdırılması ilə bağlı podrat müqaviləsi bağlanmış və müqavilənin icrasını cavabdeh yerinə yetirmişdir. Həmçinin işlərin yerinə yetirilməsi zamanı sifarişçi tərəfindən əlavə tələblər irəli sürülmüş, həmin tələblər əsasında öz mütəxəssisləri layihə hazırlamış, həmin layihə əsasında işlərin icrası yenə də cavabdehə həvalə edilmişdir. Görülmüş işlər iddiaçının öz layihəsi əsasında aparılmış və xidmət ona uyğun qaydada həyata keçirilmişdir. İddiaçı tərəfindən cavabdehin xidmətində qüsur olması ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir. İddiaçı tərəfindən əsas kimi işlərin qaydaya uyğun yerinə yetirilmədiyi bildirilsə də, həmin qaydaların nədən ibarət olduğunu, hansı qaydaların pozulduğunu bildirməmişdir. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsinə yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbini qəbul etmədiyini bildirmiş və iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin (vəkillərinin) izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan: Cavabdeh MMC-nin (icraçı) direktoru X3 və fiziki şəxs İddiaçı (sifarişçi) arasında imzalanmış 09 iyun 2023-cü il tarixli müqavilədən görünür ki, həmin müqavilənin predmeti sifarişçiyə məxsus olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış obyektində havalandırma sisteminin quraşdırılması və yanğın təhlükəsizliyi quraşdırılmasından ibarətdir. Həmin müqavilənin 3.1-ci bəndinə görə, işlərin icrası zamanı layihənin tələblərinə, spesifikasiyasına və texniki şərtlərinə əməl etmək; 3.2-ci bəndinə görə isə, müqavilənin şərtlərinə əsasən obyektə yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılmasını təmin etmək icraçının öhdəliyidir. Müqavilənin 5.1-ci bəndinə əsasən, işlərin (xidmətlərin) icrası üçün tələb olunan material va avadanlıqlar icraçının hesabına təmin edilir; 5.2-ci bəndinə əsasən, işlərin (xidmətlərin) icrası tam başa çatdıqdan sonra sifarişçinin nümayəndəsi onların keyfiyyətini yoxlayır, nöqsan və çatışmazlıqlar aşkar edilmədikdə xidmət aktını imzalayır. 6.1-ci bəndinə görə isə, müqavilə imzalandığı gündən qüvvəyə minir və tərəflər öz öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. İşlərin bitmə tarixi: xx.xx.2022. Həmin müqavilənin 7.4-cü bəndində göstərilmişdir ki, icraçı xidmətləri bu müqavilənin 5.1 bəndində göstərilən müddət ərzində yerinə yetirə bilmədikdə, hər gecikdirilən gün üçün Müqavilənin ümumi məbləğinin 0,5 %-i həcmində cərimə ödənilməlidir. Xidmətlərin icra keyfiyyəti sifarişçini qanə etmədikdə, o, icraçıdan əlavə 2 (iki) təqvim günü ərzində bütün nöqsanların əvəzsiz aradan qaldırılmasını tələb etmək hüququna malikdir. Cavabdeh MMC-nin blankında tərtib olunmaqla X3 və İddiaçı tərəfindən imzalanmış 05 iyun 2023-cü il tarixli razılaşmadan görünür ki, Cavabdeh MMC-nin direktoru X3 (ş/v AA 4172722) və Fiziki şəxs İddiaçı (ş/v AZE ********) arasında bağlanmış xx.xx.2023-cü il tarixli Müqavilə N-136/23 əsasən havalandırma sisteminə görə 20000 USD (iyirmi min dollar) razılaşdırıldı və ilkin ödəniş olaraq 10000 USD (on min dollar) geri qalan məbləğ isə iş təhvil veriləndə ödəniləcək. Həmin razılaşmanın aşağısında əl yazısı aparılan və X3 ilə İddiaçı tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli qeyddən görünür ki, Layihənin dəyişməsinə görə işlərin ümumi məbləği 46000 manat oldu. 34000 manat ilkin olaraq götürüldü. Noyabr ayının 20sinə kimi kondisoner və havalandırma tam təhvil veriləcək. Tam məbləğ iş bitdikdən sonra ödəniləcək. "xxxx" MMC və İddiaçı tərəfindən təsdiq edilmiş 01/b saylı xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Fiziki şəxs İddiaçı xx.xx.2024-cü il tarixində şirkətə etdiyi müraciət əsasında "xxxx" MMC-nin ustası Sənan Qurbanov, "xxxx" MMC-nin mühəndisi Bəhruz Pənahov və mühəndis Bəxtiyar Cəfərov ibarət mütəxəssis heyətinin tərkibi təyin olunmuş, həmin heyət tərəfindən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış obyektə baxış keçirilərək orada kondisionerləşdirmə və havalandırma işləri ilə bağlı görülən işlərin qiymətləndirilməsi aparılaraq müvafiq cədvəl tərtib edilmiş, o cümlədən şəffaflığın təmini üçün daha öncədən obyektdə foto və video çəkiliş aparılaraq akta əlavə edilmişdir. Aktın doğruluğu baxışda iştirak edən mütəxəssis heyəti tərəfindən imzalanaraq təsdiq edilmişdir. Aktdakı cədvəldən görünür ki, həmin qeyri-yaşayış obyektində havalandırma üzrə cəmi 11895 manat, kondisionerləşdirmə üzrə isə cəmi 4650 manat olmaqla ümumilikdə 16545 manat dəyərində işlər görülmüşdür. Aktın tərtibi zamanı çəkilmiş fotoşəkillər iş materiallarına əlavə edilmişdir. "xxxx" MMC-nin (icraçı) direktoru X8 və fiziki şəxs İddiaçı (sifarişçi) arasında 18 mart 2024-cü il tarixdə imzalanmış XM 01/24 saylı müqavilədən görünür ki, həmin müqaviləyə əsasən icraçı sifarişçinin tapşırığı ilə ona məxsus binalarda isitmə və soyutma sisteminin quraşdırılması xidmətlərini göstərməyi, sifarişçi isə icraçı tərəfindən göstərilən xidmətləri qəbul etməyi və bu müqavilənin əlavələrində müəyyən edilmiş qayda və şərtlərlə onları ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1 saylı Əlavəsindən (qiymət razılaşma protokolu) görünür ki, quraşdırılacaq avadanlıqların, materialların və görüləcək işlərin dəyəri cəmi 28005.30 manat təşkil edir. Həmin müqavilənin 2 saylı Əlavəsindən (qiymət razılaşma protokolu) görünür ki, quraşdırılacaq avadanlıqların, materialların və görüləcək işlərin dəyəri cəmi 3966.20 manat təşkil edir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı "xxxx" MMC-nin hesabına 28005.30 manat köçürmüşdür. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı "xxxx" MMC-nin hesabına 3966.20 manat köçürmüşdür. Layihə sənədlərinin hazırlanması üzrə İN/L-38682020 qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli lisenziyaya malik X7 (icraçı) və fiziki şəxs İddiaçı (sifarişçi) arasında xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, icraçı sifarişçi ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış (klinika) obyektinin isitmə, soyutma və havalandırma sistemlərinin layihə sənədlərini sifarişçinin müəyyən etdiyi qaydada işləməyi, sifarişçi isə həmin işlər üçün 1500 manat xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 aprel 2025-ci tarixli rəyində ekspert qarşısında qoyulan suallara cavab olaraq göstərilmişdir ki, qərardadın birinci və ikinci sualları üzrə: ünvan 1 ünvanında yerləşən qeyri yaşayış sahəsində isitmə və soyutma (havalandırma) sistemində görülən işlər smetada ətraflı göstərimişdir. Qərardadın üçüncü və altıncı suallar üzrə: ünvan 1 ünvanında yerləşən qeyri yaşayış sahəsində aparılan işlərlə iş materiallarında olan 01/b saylı xx.xx.2024-cü il tarixli aktda əks olan işlərlə müqayisə aparılan zaman, iş materiallarında olan 01/b saylı xx.xx.2024-cü il tarixli aktda göstərilən iş xidmətlərə (avadanlıqların və materialların) uyğun gəldiyi müəyyən edilir. Qeyd olunur ki, sərf edilmiş materialların həcmi smetasında ətraflı göstərilmişdir. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. Qərardadın dördüncü və beşinci sualları üzrə: Fotoşəkillər əsasında tədqiqat aparılmadığından qərardadın bu sualı üzrə tədqiqat aparılmadı. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilkin olaraq Cavabdeh MMC ilə müqavilə bağlayaraq özünə məxsus olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış obyektində havalandırma sisteminin və yanğın təhlükəsizliyinin quraşdırılması işini xx.xx.2022-ci il tarixədək icra etməyi cavabdehə həvalə etmişdir. Tərəflər həmin işlərin 20000 ABŞ dolları müqabilində icrası, həmin məbləğin yarısının ilkin ödəniş olaraq, qalan yarısının isə işin təhvil verilməsi zamanı ödəniləcəyi barədə razılaşmışlar. Bununla belə sonradan layihədə edilən dəyişiklərlə əlaqədar tərəflər xx.xx.2023-cü il tarixdə həmin işlərin 46000 manat müqabilində icrası barədə razılıq əldə etmişlər. Həmin məbləğdən 34000 manat iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. Tərəflərin razılığına əsasən kondisoner və havalandırma işləri noyabr ayının 20-sinə kimi təhvil verilməli və məhz bundan sonra qalan məbləğ ödənilməli idi. Bununla belə həmin işlər göstərilən vaxtda yekunlaşdırılmadığından iddiaçı qalan işlərin tamamlanması üçün "xxxx" MMC-yə müraciət etmiş, xx.xx.2024-ci il tarixdə mütəxəssislər tərəfindən obyektdə baxış keçirilərək orada ümumilikdə 16545 manat dəyərində işlərin görülmüş olduğu təsbit edilmiş, 18 mart 2024-cü il tarixdə isə iddiaçı ilə "xxxx" MMC arasında 01/24 saylı müqavilə bağlanaraq işin icrası həmin MMC-yə həvalə edilmişdir. İddiaçı sözügedən müqavilə əsasında "xxxx" MMC-yə 28005.30 manat və 3966.20 manat (cəmi 31971.50 manat) məbləğində ödənişlər etmişdir. İddiaçı cavabdehin üzərinə götürdüyü işi vaxtında və qaydalara uyğun icra etməməsi səbəbindən digər şirkətlə (üçüncü şəxslə) müqavilə bağlamalı olduğunu və işlərə görə əlavə pul xərclədiyini, nəticə etibarilə ümid etdiyindən daha artıq vəsait sərf edərək zərərə məruz qaldığını iddia etməklə müvafiq iddia tələbini irəli sürmüşdür. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin məcəlləsinin 451-ci maddəsində qeyd edilmişdir ki, borclu əmlakı hazırlamaq və kreditorun mülkiyyətinə vermək və ya əmlakı kreditorun istifadəsinə vermək və ya onun üçün müəyyən işi görmək və ya ona müəyyən xidməti göstərmək öhdəliyini icra etmədikdə kreditor, əgər bu Məcəllədən, müqavilədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, ağlabatan qiymətə və ağlabatan müddətdə öhdəliyin icrasını üçüncü şəxslərə tapşıra bilər və ya onu öz qüvvələri ilə icra edə bilər və çəkdiyi zəruri xərclərin və digər zərərin əvəzini ödəməyi borcludan tələb edə bilər. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı özünə məxsus olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış obyektində havalandırma sisteminin və yanğın təhlükəsizliyinin quraşdırılması işini 46000 manat müqabilində cavabdehə həvalə edərək buna görə ona 34000 manat ödəniş etmiş, bununla belə cavabdeh həmin işləri göstərilən vaxtda (20 noyabr 2023-cü il tarixədək) yekunlaşdırmamış, iş yarımçıq qaldığından iddiaçı işin icrasını üçüncü şəxsə ("xxxx" MMC-yə) tapşıraraq görülən işlərin əvəzində ona 31971.50 manat məbləğində ödənişlər etmişdir. Nəticə etibarilə o, arzu etdiyi nəticəni əldə etmək (sözügedən işi tamamlamaq) üçün ümumilikdə 65971.5 manat (34000 manat + 31971.50 manat) məbləğində xərc çəkməli olmuşdur. Halbuki, cavabdeh işi vaxtında və qaydalara uyğun icra etsə idi, iddiaçı müqavilə şərtlərinə uyğun olaraq sözügedən işə cəmi 46000 manat sərf etmiş olacaqdı. Bu o deməkdir ki, iddiaçı nəticədə 19,971.5 manat zərərə məruz qalmışdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, vurulmuş zərərin əvəzi kimi 19,971.5 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddiaçının “27140 (iyirmi yeddi min bir yüz qırx) manat cərimə məbləğinin cavabdehdən tutulması” tələbini də əsaslı hesab edir; belə ki, tərəflər arasında bağlanmış müqavilənin 7.4-cü bəndində “icraçı xidmətləri bu müqavilənin 5.1 bəndində göstərilən müddət ərzində yerinə yetirə bilmədikdə, hər gecikdirilən gün üçün Müqavilənin ümumi məbləğinin 0,5 %-i həcmində cərimə ödənilməlidir” nəzərdə tutulmuşdur. Tərəflər arasındakı sonrakı razılaşmaya əsasən müqavilədə nəzərdə tutulmuş işin 20 noyabr 2023-cü il tarixdə tam təhvil verilməsi nəzərdə tutulmuşdur. Cavabdehin işi həmin tarixədək təhvil vermədiyi mülki işin mübahisəsiz halıdır. Həmçinin tərəflər mübahisələndirmirlər ki, onlar həmin işin icrasını 46000 manata razılaşmışlar. İşdən həmçinin aydın olur ki, iddiaçı həmin işləri bundan 118 gün sonra – yəni, xx.xx.2024-cü il tarixdə üçüncü şəxsə ("xxxx" MMC-yə) tapşırmışdır. Həmin günlər üçün hesablanan cərimə məbləği 27140 manat təşkil edir (46000 manat x 0.5% = 230 manat; 230 manat x 118 gün = 27140 manat). Məhkəmə, iddiaçının iddia tələbinin “5000 manat mənəvi ziyanın ödənilməsi” hissəsini də qismən əsaslı hesab edir. İş materiallarından görünür ki, o, müqavilə əsasında sözügedən işlərin icrasını cavabdehə həvalə edib buna görə müvafiq ödənişlər etsə də, cavabdeh həmin işi vaxtında icra etməmiş, buna görə iş aylarca icrasız qalmış, sonradan iş üçüncü şəxsə həvalə edilmiş və iddiaçı buna görə əlavə ödənişlər apararaq itirilmiş vaxtla yanaşı maddi zərərə də məruz qalmışdır. Cavabdeh iddiaçının zərərini könüllü ödəmədiyindən tərəflər arasında hazıkı mübahisə yaranmış və iddiaçı məhkəmə çəkişməsinin tərəfi olmağa məcbur qalmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsinə görə, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Həmçinin qeyd edilməlidir ki, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz. Ali Məhkəmənin Plenumunun qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit olunmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 iyun 2002-ci il tarixli Qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 saylı Qərarına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər (2-ci bənd). Həmin Qərarın 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirinin müəyyən edildiyi hallarda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci mad-dəsinə müvafiq olaraq, mənəvi zərərin ödənilməsi barədə iddia təmin edilə bilər. Qərarın 10-cu bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qərarın 11-ci bəndində göstərilir ki, mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 2020-ci il 24 aprel tarixli Qərarına əsasən, mənəvi təzminat hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hisləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hislərlə ağır mənəvi sarsıntı və iztirab hislərini fərqləndirməlidirlər. Həmin qərarda həmçinin göstərilmişdir ki, mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Qeyd edilənləri nəzərə alan məhkəmə, hüququn ümumi prinsiplərini və daxili hüquq düşüncəsini rəhbər tutaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləğin ağlabatanlıq meyarından irəli gəlməklə 500 manat məbləğində müəyyən edilməsini hazırki mübahisənin halları baxımından daha ədalətli və ağlabatan hesab edir. İddiaçının “hüquqi yardımın göstərilməsi üçün vəkilə xərcinin cavabdehdən tutulması” tələbi ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsində nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin xeyrinə qətnamə çıxarılan tərəfə verilməsi nəzərdə tutulsa da, bunun konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla müəyyənləşdirildiyi göstərilmişdir. İddiaçı tərəfindən həmin iddia tələbini təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə bu tələbin də təmin edilməməli olması qənaətinə gəlir. Nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən təqdim edilən “eManat” ödəniş sistemi qəbzindən də köçürülən vəsaitin hansı məqsədlə və kimin hesabına göndərildiyini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 283.24 manat dövlət rüsumunun 232 manat hissəsi Cavabdeh MMC-dən alınaraq iddiaçıya ödənilməli, ekspert tədqiqatının dəyərini təşkil edən 100 manat pul vəsaitinin 20 manatı iddiaçıdan, qalan 80 manatı isə cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 19971.5 (on doqquz min doqquz yüz yetmiş bir manat, 50 qəpik) manat məbləğində maddi zərər, 27140 (iyirmi yeddi min bir yüz qırx) manat məbləğində cərimə, 500 (beş yüz) manat məbləğində mənəvi zərər olmaqla cəmi 47611.5 (qırx yeddi min altı yüz on bir manat,50 qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 232 (iki yüz otuz iki) manat hissəsi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissələrdə təmin olunmasın. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pulun 20 manat hissəsi İddiaçı və qalan 80 hissəsi isə Cavabdeh MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN**********, AZ34CTRE********************, X1, KOD 210005, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-293/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-293/2025
02.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver