Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2953/2023 07.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılmasına və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı alimentin artırılmasına və sair tələbə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2446/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsilə Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X1 üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1673/2008 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsilə müəyyən edilmiş 70 manat məbləğində alimentin miqdarı artırılaraq xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Tərəflərin birgə nikahlarından olan uşaq anası ilə birlikdə yaşayır, onun bütün əziyyətini iddiaçı çəkir. Uşaq böyüdükcə tələbatı və müvafiq olaraq həmin tələbatı ödəmək üçün xərcləri də artır. Son dövrlərdə məktəb ləvazimatları, geyim, ərzaq və uşağın sair tələbatları artmışdır. İşləməyən iddiaçının aldığı alimentin məbləği övladının artan ehtiyacını ödəmir. 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh də bir ata kimi uşağının xərclərinin ödənilməsində iştirak etməlidir. Ona görə də Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2446/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə qət edilmiş xx.xx.2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün 150 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilərək xx.xx.2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, vəkil bürosuna ödənilmiş 310 manat hüquqi müdafiə xərci və ilkin mediasiya sessiyası üçün ödənilmiş 50 manat məbləğində pul vəsaiti olmaqla cəmi 360 manat məbləğində pul vəsaitinin əvəzinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Uşaqların, onların valideynlərinin və ya onları əvəz edən şəxslərin sosial və əmlak vəziyyətindən, sağlamlığından, irqi və milli mənsubiyyətindən, dilindən, təhsilindən, dinindən, siyasi baxışlarından, yaşayış yerindən asılı olmayaraq uşaqlar ayrı-seçkiliyə məruz qala bilməzlər. Uşaqlar valideynlərinin və ya onları əvəz edən digər şəxslərin hərəkətlərinə görə məsuliyyət daşımır və valideynləri ilə bağlı səbəblərə görə onların hüquqlarının məhdudlaşdırılmasına yol verilmir. Nikahda və ya nikahdankənar doğulmasından asılı olmayaraq uşaqların valideynləri barəsində eyni hüquqları vardır. (Uşaq hüquqları haqqında Qanunun 5-6 mad.) Uşaq hüquqları bəyannaməsinin (BMT-nin Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin olunmalıdır. Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən təkrar verilmiş xx.xx.2009-cu il tarixli AZ-İİ № 274177 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1336 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(103)- 6563/2018 saylı qətnaməsindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədədən saxlanılmışdır. Qətnamədən daha sonra müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X1 üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1673/2008 saylı xx.xx.2008-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 70 manat məbləğində alimentin miqdarı artırılaraq, xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(102)-7674/2018 saylı qərarına əsasən kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Elektron sistem üzrə qohumluq məlumatları çıxarışından müəyyən olunur ki, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X3 Elnur Akif oğlunun himayəsindədir. Kapital Bank ASC-nin xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı Vəkil Bürosuna 310 manat ödəmişdir. Bakı 15 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli FİÇ 331511 saylı kassa mədaxil orderinin qəbzindən müəyyən olunur ki, Nümayəndə mediasiya xərcinə görə 50 manat ödəniş etmişdir. Məhkəmə qeyd edir ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulmalıdır. (AM-nin 56.1.,75.1.,75.4-cü mad.) Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin Elşolts Almaniyaya qarşı iş üzrə 13 iyul 2000ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərinə görə Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər. Tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz (§50). Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib, tərəflərin hər birinin maddi vəziyyətini, hər birinin himayəsində yetkinlik yaşına çatmayan uşaqların olmasını, valideynlərin uşaqlarına münasibətdə bərabər hüquq və vəzifələrə malik olmalarını, iddiaçının cavabdehin gəlirləri barədə sübutlarını məhkəməyə təqdim edə bilməməsini nəzərə alıb belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməklə xx.xx.2008-ci il təvəllüdlü X2 üçün müəyyən olunan alimentin miqdarı artırılaraq hazırkı qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmaqla hər ay 200 manat müəyyən edilməli, iddia ərizəsi alimentlə bağlı qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, cavabdeh iddiaçının seçiminə görə ona göstərilən hüquqi xidmətin dəyərini iddiaçıya tam ödəməli olmadığından, məhkəmə vəkilin göstərdiyi xidmətə görə cavabdehdən iddiaçın xeyrinə 100 manatın tutulmasını ağlabatan məbləğ hesab edir.(MPM-nin 121.1-ci mad.) Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, bu hissədə məhkəmə xərcləri bərabər hissələrdə tərəflərə aid edilməklə iddiaçının mediasiya ilə bağlı ödədiyi 50 manat onun özünə aid edilməli, ödənilməli olan 50 manat dövlət rüsumu cavabdehdən dövlət nəfinə tutulmalıdır. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X2 üçün Cavabdeh tutulan alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəsinə mindiyi gündən hesablanmaqla xx.xx.2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 200 manat aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh hüquqi xidmətə görə 100 manat İddiaçı xeyrinə tutulsun. Cavabdeh dövlət rüsumuna görə 50 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №e-2(001)-2953/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2953/2023
07.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver