Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2974/2023 12.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(050)-108/2020 saylı qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, həmin vaxtdan başlayaraq cavabdeh tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün iddiaçıya heç bir maddi kömək göstərməmişdir. Buna görə də iddiaçı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(050)-108/2020 saylı qətnaməsi ilə tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2011ci il təvəllüdlü X6, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 90 manat olmaqla ümumilikdə 270 manat alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Hal-hazırda X6 12 yaşı, X3 10 yaşı, X4 7 yaşı vardır. Aliment məbləği uşaların heç bir tələbatının ödənilməsinə yetmir. Uşaqlardan ikisi orta məktəbdə təhsil alır və ona görə də xərcləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü ildə hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır. Hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə həmin vaxtdan bəri cavabdeh bir dəfə də olsa tam ödəməmişdir. Uşaqların bütün qayğısını, ehtiyacını tamamilə iddiaçı çəkir. Böyüdükcə uşaqlarda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqlarının təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Ona görə də Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(050)-108/2020 saylı qətnaməsi ilə müəyən edilmiş alimentin miqdarının məhkəməyə müraciət edildiyi gündən artırılaraq tərəflərin birgə nikahından olan xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 220 manat olmaqla cəmi 660 manat alimentin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmunu ilə ilə eyni məzmunlu izahat verib əlavə olaraq izahatında göstərmişdir ki, Cavabdeh Rusiyada 2011-ci ildən yaşamaqla orada qohumları ilə birlikdə işləyir. Masallı rayonuna gəldikdə cavabdeh özünə məxsus mağazada işləyib gəlir əldə edir, lakin uşaqlarının maddi tələbatını ödəmir. Cavabdeh sonuncu dəfə Rusiyaya gedərkən aliment borcundan 4000 manat ödəyib, ona ölkədən çıxmasına icazə verməyi xahiş etmiş, Rusiyadan alimenti ödəyəcəyini demişdir. Cavabdeh Rusiyaya gerdərkən özünə məxsus pensiya kartını ona vermiş, Rusiyadan iki dəfə ona pul göndərmişdir. Lakin cavabdehin ödədiyi aliment üç uşağın saxlanması üçün yetmir. Bundan başqa kişik övladı epilepsiya xəstəsidir. Cavabdeh Rusiyadada nikaha daxil olmuşdur. Ona görə də iddia ərizəsinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəməyə məlum ünvanı üzrə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 17. İ. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. İİİ. Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər. İV. Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır. V. 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər. Vİ. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Məhkəmə qeyd edir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Uşaqların, onların valideynlərinin və ya onları əvəz edən şəxslərin sosial və əmlak vəziyyətindən, sağlamlığından, irqi və milli mənsubiyyətindən, dilindən, təhsilindən, dinindən, siyasi baxışlarından, yaşayış yerindən asılı olmayaraq uşaqlar ayrı-seçkiliyə məruz qala bilməzlər. Uşaqlar valideynlərinin və ya onları əvəz edən digər şəxslərin hərəkətlərinə görə məsuliyyət daşımır və valideynləri ilə bağlı səbəblərə görə onların hüquqlarının məhdudlaşdırılmasına yol verilmir. Nikahda və ya nikahdankənar doğulmasından asılı olmayaraq uşaqların valideynləri barəsində eyni hüquqları vardır. (Uşaq hüquqları haqqında Qanunun 5-6 mad.) Uşaq hüquqları bəyannaməsinin (BMT-nin Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin olunmalıdır. Masallı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İİİ № 878107 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 xx.xx.2013-cü il tarixdə Masallı rayonunda anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1485 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. Masallı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZ-İİ № 884026 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 xx.xx.2011-ci il tarixdə Masallı rayonunda anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 438 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. Masallı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İİİ № 878108 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 xx.xx.2016-cı il tarixdə Masallı rayonunda anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1486 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. Masallı Rayon Məhkəməsinin 2(050)-108/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, iddia ərizəsi qismən təmin edilərək Cavabdeh ilə İddiaçı arasında xx.xx.2016-cı il tarixdə X10 xidmət mərkəzinin qeydiyyat şöbəsində 99 nömrə ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 anaları İddiaçı yanında və himayəsində saxlanılması, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay bir uşaq üçün 90 manat olmaqla, cəmi 270 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması və alimentin tutulmasının xx.xx.2019-cu il tarixdən hesablanması qət edilmişdir. Masallı Rayon Məhkəməsinin 8(050)-64/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadına əsasən təqdimat təmin edilərək xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Elektron sistemdən gəlir məlumatları üzrə çıxarışdan müəyyən olunur ki, İddiaçı Hazar arıtım proje ve inşaat taahhüt sanayi ve ticaret anonim şirkətinin Azərbaycan Respublikasındakı filialında xidmətçi vəzifəsində işləməklə 441,15 manat əmək haqqı alır. Elektron sistemdən gəlir məlumatları üzrə çıxarışdan müəyyən olunur ki, Cavabdeh ümumi xəstəlik üzrə 3-cü qrup əlil olmaqla 150 manat pensiya alır. Azərpoçt MMC-nin qəbzlərindən müəyyən olunur ki, Cavabdeh tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixdə 170,1 manat, xx.xx.2023-cü il tarixdə 425,76 manat göndərilmişdir. Cavabdeh anası Sarə Abbasovanın məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən müəyyən olunur ki, oğlu Samir 3-cü qrup əlildir. Öz pensiya kartını uşaqlara verib özü müalicə üçün Rusiyaya, qardaşlarının yanına getmiş, hərdən qardaşları da Samirin uşaqlarına pul göndərirlər. Dəfələrlə uşaqlarla görüşmək istəsələr də, anası icazə verməmişdir. Telefon alıb uşaqlara versələr də yenə də anası uşaqlarla danışmağa qoymamışdır. İşə düzgün baxılmayacağı halda yuxarı orqanlara şikayət edəcəkdir. Məhkəmə qeyd edir ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulmalıdır. (AM-nin 56.1.,75.1.,75.4-cü mad.) Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin Elşolts Almaniyaya qarşı iş üzrə 13 iyul 2000ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərinə görə Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər. Tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz (§50). Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib, tərəflərin hər birinin maddi vəziyyətini, valideynlərin uşaqlarına münasibətdə bərabər hüquq və vəzifələrə malik olmalarını, iddiaçının cavabdehin gəlirləri ilə bağlı sübutlarını məhkəməyə təqdim edə bilməməsini, cavabdehin yetkinlik yaşına çatmayanların saxlanması üçün ölkədə müəyyən olunan yaşayış minimumundan aşağı həddə aliment ödəməsini nəzərə alıb belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməklə xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün müəyyən olunan alimentin miqdarı artırılaraq hazırkı qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmaqla hər ay hər uşaq üçün 150 manat olmaqla cəmi 450 manat müəyyən edilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, məhkəmə xərcləri bərabər hissələrdə tərəflərə aid edilməklə iddiaçının mediasiya ilə bağlı ödədiyi 50 manat onun özünə aid edilməli, ödənilməli olan 50 manat dövlət rüsumu cavabdehdən dövlət nəfinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 2(050)-108/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 üçün Cavabdeh tutulan alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəsinə mindiyi gündən hesablanmaqla xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 150 manat aliment İddiaçı xeyrinə tutulsun. Hazırkı qətnamə qanuni qüvvəsinə mindiyi gündən hesablanmaqla xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 150 manat aliment İddiaçı xeyrinə tutulsun. Hazırkı qətnamə qanuni qüvvəsinə mindiyi gündən hesablanmaqla xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 150 manat aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh dövlət rüsumuna görə 50 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №e-2(001)-2974/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2974/2023
12.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver