Məhkəmə qərarları › İş №e-2(001)-2989/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2989/2021

26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2989/2021 26.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış 15.06.2019-cu il tarixli müqavilənin ləğv edilməsi, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 5.158,34 manat məbləğində əsas, 23,32 manat məbləğində faiz, cəmi 5.181,66 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verildikdən sonra İddiaçı ASC məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh da məhkəməyə ərizə ilə müraciət edərək, iddiaçıya hər hansı məbləğdə borcunun olmadığını bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrini, habelə onların qeyd edilən ərizələrini nəzərə alıb, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2989/2021 saylı, 26.05.2021-ci il tarixli qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası “kredit müqaviləsinin ləğv edilməsi” hissəsində baxılmamış saxlanılmışdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanına uyğun olaraq İddiaçı ASC ilə Cavabdeh arasında 15.06.2019-cu il tarixdə güzəştli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən tərəflər arasında əvəllər bağlanmış kredit müqaviləsi üzrə mövcud olan 5.168,54 manat məbləğində əsas borc restrukturizasiya olunmuş və cavabdeh həmin məbləği illik 1% faiz dərəcəsi ilə faiz hesablamaq şərti ilə 5 il ərzində (1 il güzəşt müddəti tətbiq edilməklə), yəni 15.06.2024-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri icra edə biməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Bu səbəbdən iddiaçı 30 manat məbləğində dövlət rüsumu ödəməklə hazırki iddia ilə məhkəməyə müraciət etmiş və cavabdehin həmin müqavilə üzrə 25.11.2020-ci il tarixinə 5.158,34 manat məbləğində əsas, 23,32 manat məbləğində faiz borcunun yarandığını iddia edir və həmin borcun, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutulmasını tələb edir. Kredit müqaviləsi üzrə kredit müddəti 15.06.2024-cü il tarixdə bitəcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, belə qənaətə gəlir ki, Cavabdeh 15.06.2019-cu il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra edə bilməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə kredit müqaviləsi üzrə iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcu məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışını mötəbər sübut kimi qiymətləndirib, hesab edir ki, iddia tələbi əsaslıdır və tam təmin edilməli, 15 iyun 2019-cu il tarixli kredit müqaviləsi üzrə 5.158,34 manat məbləğində əsas, 23,32 manat məbləğində faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, cavabdehin 25.05.2021-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsi ilə məhkəməyə ünvanladığı (kredit borcunun olmaması barədə) ərizəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu baxımdan cavabdeh iddiaçıya kredit borcunun olmadığını, o cümlədən 15.06.2019-cu il tarixli güzəştli kredit müqaviləsi üzrə mövcud olmuş borcun ödənildiyini, habelə bu müqavilə üzrə hər hansı məbləğdə kreditin ona verilmədiyini (müqavilənin etibarsız olduğunu və sair) sübut etməli, bununla bağlı aidiyyəti sənədlər təqdim etməli idi. Lakin göründüyü kimi, cavabdeh yalnız məhkəməyə ünvanlanmış ərizədə “mənim İddiaçı ASC-yə heç bir borcun yoxdur” cümləsi ilə kifayətlənmişdir. Bu səbəbdən məhkəmə onun mövqeyini əsassız hesab edir. “Dövlət rüsumu haqqında”Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 15 iyun 2019-cu il tarixli güzəştli kredit müqaviləsi üzrə 5.158,34 manat məbləğində əsas, 23,32 manat məbləğində faiz, cəmi 5.181,66 manat məbləğində borc, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 15 iyun 2019-cu il tarixli güzəştli kredit müqaviləsi üzrə 5.158,34 (beş min bir yüz əlli səkkiz manat, otuz dörd qəpik) manat məbləğində əsas, 23,32 (iyirmi üç manat, otuz iki qəpik) manat məbləğində faiz, cəmi 5.181,66 (beş min bir yüz səksən bir manat, altmış altı qəpik) manat məbləğində borc, habelə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar