Məhkəmə qərarları › İş №e-2(001)-2989/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2989/2023

07.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2989/2023 07.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X1 üçün o, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğinin Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında 22 oktyabr 2013-cü ildə bağlanmış nikah münasibətlərinə Ağcabədi rayon məhkəməsinin 13 mart 2019-cu il tarixli qətnaməsi ilə xitam verilmişdir. Birgə nikahları dövründə 23 fevral 2014-cü il tarixində anadan olmuş X2 isə onun yanında saxlanılması, Cavabdeh isə 100 (bir yüz) manat aliment tutularaq ona ödənilməsi qət olunmuşdur. Ağcabədi rayon məhkəməsi tərəfindən 12 dekabr 2018-ci il tarixli, 2(017)-1611/2018 saylı alimentin ödənilməsi barədə qərardad qəbul edilmişdir. Məhkəmənin qətnaməsinin qüvvəyə minməsi ilə həmin qərardad ləğv edilmişdir. Lakin Cavabdeh həmin qərardad üzrə 800 (səkkiz yüz) manat yığılmış borcunu indiyə qədər ödəməmişdir. Bununla yanaşı Ağcabədi Rayon Məhkəməsinin 13 mart 2019-cu il tarixli 2(017)-30/2019 saylı qətnaməsi ilə yetkinlik yaşına çatmamış X1 üçün aylıq 100 (bir yüz) manat alimentin iddiaçıya ödənilməsi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat müəyyən edilmişdir. Cavabdeh tərəfindən məhkəmə qətnaməsi ilə müəyyən olunmuş 100 manat məbləğindəki aliment vaxtı-vaxtında ödənilmir. Belə ki, müəyyən edilmiş aliment məbləği mütəmadi olaraq gecikdirilir. Eyni zamanda X2 yaşaması üçün 100 manat məbləğində məvacib yetərli deyil. Belə ki, ölkədə mütəmadi olan qiymət artımı ilə bir nəfər uşağın nə geyimini təmin etmək nə də qidalanmağı üçün kifayət edən məbləğ deyildir. Tahir Fərzəliyevin yaşı az olduğu üçün iddiaçı mütəmadi olaraq onunla məşğul olmalı olduğuna görə işləyə bilmir. Uşağın təhsili ilə yanaşı onun hərtərəfli inkişafı, gələcəkdə ölkəyə xeyirli vətəndaş olaraq yetişməsi üçün iddiaçı əlindən gələni edir. Belə ki Tahir Fərzəliyev təhsillə yanaşı, sosial fəaliyyətlərlə də məşğul olur. Rəqslə, idmanla davamlı və bu sahədə ixtisaslaşmış müəssisələrdə məşğul olur. Bu da əlavə məvacib tələb edir. Ölkədəki real yaşayış vəziyyəti nəzərə alınsa, bir uşağın normal qidalanması, geyimlə təmin olunması, normal təhsil alması və sosial fəaliyyətlə məşğul olması üçün 100 manat məbləğ yetərli deyildir. Bütün bu sadaladıqlarını bir uşağın normal ehtiyacının təmin olunması üçün labüd şərtlərdir. Bu şərtlər təmin olunmadıqda nə uşağın müdafiəsindən, nə tərbiyəsindən, nə də xoşbəxt həyatının təmin olunmasından söhbət gedə bilməz. Uşağın bütün qayğısını ehtiyacını tamamilə iddiaçı çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Buna görə də görə iddiaçı "aliment məbləğinin artırılması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ağcabədi rayon məhkəməsinin 13 mart 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh sabit pul məbləğində 100 manat miqdarında alimentin tutulması qət edilmişdir. Yuxarıda qeyd etdiyi səbəblərə görə Tahir Fərzəliyevin normal həyatını yaşaması üçün bu məbləğ kifayət deyildir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkili) izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin 13 mart 2019-cu il tarixli, 2(017)-30/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 22 oktyabr 2013-cü ildə bağlanmış nikahın pozulması, 23 fevral 2014-cü il tarixində anadan olmuş X2 iddiaçının yanında saxlanılması, Cavabdeh isə 100 (bir yüz) manat aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 322304 №-li nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2019-cu ildə 90 № ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına “Əliyeva” soyadı verilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 10 fevral 2023-cü il tarixli arayışdan görünür ki, 10 fevral 2023-cü il tarixdə, 13:00 saatlarında keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və o, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Lakin, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin ümumi uşağı iddiaçının himayəsindədir və uşağın saxlanması üçün artan tələbat iddiaçının cavabdehdən aldığı hər ay 100 manat miqdarında aliment məbləği ilə ödənilə bilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Republikası Qanuna əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Beləliklə də, məhkəmə hesab edir ki, xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 100 (yüz) manat miqdarında alimentin tutulmasına dair Ağcabədi Rayon Məhkəməsinin 13 mart 2019-cu il tarixli, 2(017)-30/2019 saylı qətnaməsi qəbul edildikdən sonra tərəflərin maddi və ailə vəziyyəti və uşaqlar üçün qanunla müəyyən edilmiş yaşayış minimumu həddi və saxlanılması üçün aliment tutulan uşaqların yaşı və tələbatı dəyişdiyinə görə - Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, həmin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməlidir. Cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, iddia tələbi və 2023-cü il üçün uşaqların saxlanmasına görə qanunla müəyyən edilmiş yaşayış minimumu nəzərə alınmalı və saxlanılması üçün xeyrinə aliment tutulan uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün Cavabdeh hər ay sabit pul məbləğində 220 manat miqdarında aliment tutulmalıdır. Alimentin tutulma müddətinin əvvəli ilə bağlı məhkəmə qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin artırılmış miqdarı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Odur ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında qanunun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mülki Prosessual Məcəllənin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması yaxud artırılması haqqındakı iddialarda – ödəmənin azaldıldığı və ya artırıldığı miqdarda, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 34,40 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə işin yuxarıda sadalanmış hallarını nəzərə alıb hesab edir ki, iddia qismən təmin edilməli, Ağcabədi Rayon Məhkəməsinin 13 mart 2019-cu il tarixli, 2(017)-30/2019 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində tutulan 100 manat miqdarda alimentin məbləği artırılmalı, xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən hər ay sabit pul məbləğində 220 manat miqdarda aliment tutularaq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin 13 mart 2019-cu il tarixli, 2(017)-30/2019 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində tutulan alimentin məbləği artırılsın. xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, hər ay 220 (iki yüz iyirmi) manat miqdarında sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 34,40 (otuz dörd manat 40 qəpik) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Binəqədi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar