Məhkəmə qərarları › İş №e-2(001)-2996/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2996/2023

21.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2996/2023 21.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh və onun nümayəndəsi X2 iştirakları ilə, İddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı iddia ərizəsi ilə məkəməyə müraciət edərək, QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-ci il tarixli 1xx/xx/113418/14 saylı kredit müqaviləsi üzrə Banka 275.44 manat məbləğində əsas borc, 173.03 manat məbləğində faiz borcu, 276.88 manat məbləğində cərimə borcu, 99.20 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği ümumilikdə isə 824.55 manat məbləğində pulun, 30 manat dövlət rüsümunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, QSC "xxxx" KB (bundan sonra – Bank) ilə Cavabdeh (bundan sonra – Cavabdeh) arasında xx.xx.2014- cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/113418/14 saylı müqavilə (bundan sonra – Kredit Müqaviləsi) bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən Cavabdehə illik 25 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 1727 manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində Cavabdehin xx.xx.2023-cü il tarixinə Banka 275.44 manat məbləğində əsas borc, 173.03 manat məbləğində faiz borcu, 276.88 manat məbləğində cərimə borcu, 99.20 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği ümumilikdə isə 824.55 manat məbləğində borcu qalmışdır. MM-in 425.1-ci maddəsinə əsasən: “Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir”. Bu iş üzrə isə Cavabdehin öhdəliklərinin vaxtında və lazımi şəkildə icra edilmədiyi görünür. MM-in 442-ci maddəsinə görə isə: “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. MM-in 448.1-ci maddəsinə əsasən: “Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir”. Bu halda isə borclunun risk dairəsinə aid olan məsələlər onun tərəfindən kreditin ödənilməsi üçün kifayət qədər gəlirliyinin təmin olunmasıdır. MM-in 448.2-ci maddəsinə əsasən: “Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarının 2-ci bəndinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə yazılı xəbərdarlıq edilmişdir, lakin bundan sonra da Kredit Müqaviləsi üzrə öhdəliklər onun tərəfindən lazımınca icra edilməmişdir. Bildirilir ki, Cavabdeh kredit borcu üzrə fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu illin dekabrın 31-də başa çatmasına baxmayaraq, tövsiyə edilən tədbirlər təmin edildiyi halda, bu günədək cavabdeh tərəfindən bankla Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın icrası ilə bağlı yeni müqavilə bağlanması üçün müraciət olunmamış və güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi imzalanmamışdır. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, bank tərəfindən iddia müddəti ötürülməmişdir. Belə ki, ilk dəfə məhkəməyə müraciət edən zaman iddia müddətini ötürməsələr də, kredit müqaviləsi müvafiq fərmanın təsir dairəsinə düşdüyündən iddia ərizəsi baxılmamış saxlanılmışdır. Daha sonra isə işlərin çoxluğu ilə əlaqədar, həmçinin daha böyük məbləğlərin qaytarılması üçün iddialar verdiklərindən, kiçik məbləğlərin qaytarılması üçün biraz gec müraciət etmişlər. Cavabdehin ünvanına bank arasında yeni şərtlərlə bağlı müqavilənin bağlanması üçün bildiriş göndərilsə də, ünvanın tam olmaması səbəbindən poçt xidməti bildirişi çatdıra bilməmişdir. Bankın təqdim etdiyi xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən cavabdehdən həm əsas, həm də faiz borcunu tələb edirlər. Məbləğin ödənilməsi ilə bağlı aralarında razılıq ola bilər. Lakin kredit borcu X1 Kredit Bürosunda qeydiyyata düşür. Buna görə başqa bankdan pul götürə bilməyəcəklər.

4. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, hazırki müqavilə üzrə iddia müddəti ötürülmüşdür. Odur ki, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş edir. Bu barədə yazılı ərizə ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa isə müqavilə ürə borcu 2016-cı ildə tamamilə ödəmişdir. Ödəniş qəbzlərini hazırda məhkəməyə təqdim edə bilməsə də, həmin borcun ödənilməsi nəzərə alındığına görə ona başqa bankdan kredit verilmişdir.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Cavabdeh olan atası krediti 2016-cı ildə ödəmişdir. Bundan başqa hazırki iddia tələbi üzrə iddia müddəti ötürülmüşdür. Belə ki, bank 3 illik iddia müddətini ötürərək müqavilənin başa çatdığı tarixdən 7 il sonra cavabdehi məhkəməyə verərək cavabdehdən kredit borcunun qaytarılmasını tələb edir. Qeyd edilənləri nəzərə alaraq iddia müddəti ötürüldüyü üçün iddianın təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

6. "xxxx" KB QSC ilə borcalan Cavabdeh arasında imzalanmış 14 may 2014-cü il tarixli, 1xx/xx/113418/14 saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, borcverən məişət texnikasının alınması üçün borc alana 24 ay müddətində, illik 25 % olmaqla, 1727 manat kredit verməyi, borcalan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İlkin ödəniş tarixi xx.xx.2014-cü il, sonuncu ödəniş tarixi xx.xx.2016-cı il olaraq müəyyən edilmişdir.

7. "xxxx" KB QSC tərəfindən verilən 14 mart 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 14 may 2014-cü il tarixli, 1xx/xx/113418/14 saylı kredit müqaviləsi üzrə 27 fevral 2023-cü il tarixinə banka 275,44 manat əsas borcu, müqavilə müddəti üçün 173,03 manat faiz borcu borcun gecikdirilməsinə görə 276,88 manat cərimə borcu, 99,20 manat gecikdirilmiş faiz borcu olmaqla, 824,55 manat məbləğində borcu vardır.

8. LPO "xxxx" KB QSC tərəfindən borcluya ünvanlanan 14 may 2019-cü il tarixli bildirişdən görünür ki, ona 14 may 2014-cü il tarixli, 1xx/xx/113418/14 saylı kredit müqaviləsinə əsasən yaranmış 582,18 manat borc məbləğinin 3 gün müddətində ödənilməsi barədə məlumat verilmiş, borcun könüllü ödənilmədiyi təqdirdə borc məbləğinin borcludan məhkəmə qaydasında tutulması üçün tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir.

9. 13 aprel 2023-cü il tarixində iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

10. "xxxx" KB QSC ilə borcalan Cavabdeh arasında imzalanmış 14 may 2014-cü il tarixli, 1xx/xx/113418/14 saylı kredit müqaviləsi imzalanmış və hər iki tərəf arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır.

11. Belə ki, bank tərəfindən məişət texnikasının alınması üçün borc alana 24 ay müddətində, illik 25 % olmaqla, 1727 manat kredit verilmiş, həmin kredit məbləği borcalan Cavabdeh tərəfindən qəbul edilmişdir. Bunun müqabilində borcalan krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür.

12. Kredit müqaviləsinin müddəti 14 may 2016-cı il tarixində bitmişdir.

13. İddiaçının nümayəndəsi ilk dəfə borcun tələb edilməsi üçün əmr icraatı qaydasında məhkəməyə müraciət etdiklərini və xx.xx.2019-cu il tarixində məhkəmə əmrinin geri qaytarıldığını bildirməklə, iddia müddətini ötürmədiklərini bildirir. Lakin bununla bağlı məhkəməyə hər hansı sənəd təqdim edilməmişdir.

14. Cavabdeh iddianı qəbul etmir və iddia müddətinin ötürülməsi səbəbindən iddia ərizəsinin rədd edilməsini xahiş edir.

15. Azərbaycan Respublikası Mərkəzi Bankı Problemli kredit məlumatlarının sorğulanması ilə bağlı elektron ünvandan olan çıxarışdan görünür ki, Cavabdeh "xxxx" KB QSC-yə olan borcu üzrə, restrukturizasiya olunmalı məbləğ 275,44 manat məbləğində müəyyən edilmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

17. 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir;

18. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir;

19. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır;

20. 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir;

21. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır;

22. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir;

23. 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir;

24. 382-ci maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər;

25. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

26. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

27. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

28. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz;

29. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür;

30. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

31. İşin müəyyən edilən hallarından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Kredit müqaviləsi üzrə cavabdeh öhdəliyini tam icra etdiyini bildirsə də, lakin hesabdan çıxarış məlumatlarından görünür ki, müqavilə üzrə öhdəlik tam icra edilməmişdir. Eyni zamanda cavabdeh bu barədə hər hansı sübut təqdim etməmiş, şifahi izahat verməklə kifayətlənmişdir. Bununla belə öhdəlik tam icra edilməmiş olsa belə, iddiaçının tələbi əsassızdır.

32. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

33. Bundan başqa Konstitusiya Məhkəməsinin Plenum Qərarında (L.İ.Binnətovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli) göstərilmişdir ki, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.

34. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 )

35. İşin hallarından göründüyü kimi kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti xx.xx.2016-cı il tarixində bitmişdir, iddiaçı ilk dəfə məhkəməyə müraciət edən zaman iddia müddətini ötürmədiyini, məhkəmə əmrinin xx.xx.2019-cü ildə geri qaytarıldığını iddia edir. Belə bir hal mövcud olmuş olsa belə, hətta iddiaçı Fərmanın icra müddətinin 31 dekabr 2019-cu il tarixdə bitməsinə baxmayaraq, yenidən iddia ərizəsi ilə məhkəməyə təqribən 3 il 4 ay sonra, yəni xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Nəticədə iddiaçının kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən 6 il 11 ay sonra məhkəməyə müraciət etdiyi müəyyən edilir.

36. Qeyd edilməlidir ki, iddia müddəti birincisi hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikincisi iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır.

37. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

38. Bundan başqa Mülki Məcəllənin iddia müddətinin axımının kəsilməsi ilə bağlı 380-ci maddəsində qeyd edilmişdir ki, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.

39. Normanın məzmunundan göründüyü kimi müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur və mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: borcun qismən ödənilməsi; əsas borc üzrə faizin köçürülməsi; kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər.

40. Müəyyənləşdirilmiş qaydada iddia ərizəsinin irəli sürülməsi iddia müddətinin axımının kəsilməsinə səbəb ola bilər, əks halda, yəni prosessual qanunvericiliyin tələblərin uyğun olmayan formada iddianın verilməsi iddia müddətinin axımını kəsə bilməz. Bununla yanaşı o da nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı və onun tətbiqi ilə bağlı mexanizm(iddia ərizələrinin geri qaytarılması, baxılmamış saxlanması və.s) kreditorun iradəsi xaricində baş vermişdir və bu səbəbdən də iddia müddəti ilə bağlı məsələ kreditorların mənafeyinə zidd təfsir olunmamalıdır. Odur ki, kreditorun ağlabatan müddət ərzində məhkəməyə yenidən iddia ərizəsi ilə müraciət etməsi iddia müddətinin üzrlü səbəbdən ötürülməsi kimi qiymətləndirilə bilər.

41. Lakin fərmanın icrasının bitdiyi tarixdən(xx.xx.2019-cu il) 3 il 4 ay sonra iddiaçının yenidən məhkəməyə müraciət etməsi ağlabatan müddət anlayışı kimi qəbul edilə və müddətin üzrlü səbəbə görə ötürülməsi kimi qiymətləndirilə bilməz.

42. Odur ki, məhkəmə hesab edir ki, iddia müddəti ötürüldüyündən və üzrsüz səbəbə görə ötürüldüyündən iddia tələbi rədd edilməlidir. Tətbiq edilən prosessual normalar:

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

44. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

45. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

46. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Nəticə:

47. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

48. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar