Məhkəmə qərarları › İş №e-2(001)-3/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3/2023

05.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3/2023 05.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Abdulova İlahə Telman qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 13562,92 manat əsas, faiz borcu üzrə 2100,68 manat olmaqla, cəmi 15663,60 AZN tutulması, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 105,30 AZN dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin “Binəqədi” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********16 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 24 ay müddətinə, illik 17 faiz dərəcəsi ilə hesablanmaqla 19 700 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə vəsaitindən tam istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırır. Cavabdehə xx.xx.2021-ci il tarixli, BPM**********16 nömrəli kredit müqaviləsi üzrə borcun qaytarılması haqqında xx.xx.2022ci il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Beləliklə, Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər görülməmiş, müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. Hazırda iddia ərizəsinə əlavə edilən maliyyə arayışından da göründüyü kimi, Cavabdeh kredit müqaviləsi üzrə banka borcu –13 562.92 manat əsas borc, 2100,68 manat faiz borcu olmaqla, cəmi 15 663.60 manat təşkil edir. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti 15 663.60 manat olduğundan, 105.3 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

4. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, bank ilə aralarında razılıq əldə edilməmişdir. Hazırda borc məbləğini ödəyə bilmir. Lakin banka borcunun olduğunu və tələb edilən borc məbləğini qəbul edir.

5. Əvvəki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, bankdan kredit götürmüş və vaxtında ödəmişdir. Həmin dövrdə dənizdə işləmişdir. Lakin səhhəti ilə əlaqədar olaraq işdən çıxmaq məcburiyyətində qalmışdır. Müalicəsinə çox xərc çəkdiyindən, ödənişlərini edə bilməmişdir. Borcunu qəbul edir və bir ildir ki, borcundan ödəniş etməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

6. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, №BPM**********16 saylı tam kart çərçivə müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, "xxxx" ASC borcalana 24 ay müddətinə illik 17 % ödəmək şərti ilə 19700 manat məbləğində kredit verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür. Aylıq ödəniş məbləği 974,02 manat olmaqla ilkin ödəniş tarixi xx.xx.2021-ci il, sonuncu ödəniş tarixi xx.xx.2023-cü il olaraq müəyyən edilmişdir.

7. "xxxx" ASC tərəfindən təqdim edilən hesabdan çıxarış məlumatlarından görünür ki, Cavabdeh tərəfindən bankdan xx.xx.2021-ci il tarixində 10 625,44 manat və 8887,56 manat pul vəsaiti məxaric edilmişdir.

8. "xxxx" ASC tərəfindən borclu Cavabdeh ünvanlanan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh banka olan borcunu 5 gün müddətində icra etməyəcəyi təqdirdə barəsində məhkəmədə iddia qaldırılacağı ilə bağlı xəbərdar olunmuşdur.

9. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə 13562,92 AZN əsas, 2100,68 AZN faiz borcu olmaqla, cəmi 15663,6 borcu vardır.

10. 14.10.2022-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 105,30 manat məbləğində dövlət rüsumu, 0,40 qəpik xidmət haqqı ödəmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

11. «"xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, №BPM**********16 saylı tam kart çərçivə müqaviləsi bağlanmışdır.

12. Müqavilə ilə "xxxx" ASC borcalana 24 ay müddətinə illik 17 % ödəmək şərti ilə 19700 manat məbləğində kredit verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür.

13. İddiaçı cavabdehin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyin vaxtında və lazımınca icra etmədiyini, nəticədə bank cavabdehin maliyyə arayışında göstərilən məbləğdə 13562,92 AZN əsas, 2100,68 AZN faiz məbləğində borcunun yarandığını iddia edir və həmin borc məbləğinin cavabdehdən tutulmasını tələb edir.

14. Cavabdeh məhkəmə iclaslarında iştirak edərək, tələb edilən borc məbləğini mübahisələndirməmiş, məbləğlə razı olduğunu bildirməklə, banka borcunun olduğunu, bir ildir ki, ödəniş etmədiyini etiraf etmişdir.

15. Müqavilənin müddəti bitməmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

17. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

18. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

19. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

20. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

21. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;

22. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

23. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;

24. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

25. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.

26. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, cavabdeh(borcalan) Cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir.

27. Məhkəmə təqdim edilmiş maliyyə arayışını mötəbər sübut kimi qəbul edərək o qənaətə gəlir ki, cavabdehin borcu mövcuddur. Həmçinin məhkəmə araşdırması dövründə cavabdeh özü də, borcunun olduğunu etiraf etməklə, borc məbləğini mübahisələndirməmişdir. Tətbiq edilən prosessual normalar:

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

29. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

30. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

31. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

32. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

33. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh əsas borca görə 13562,92 (on üç min beş yüz altmış iki manat, doxsan iki qəpik) manat, faiz borcuna görə 2100,68 (iki min yüz manat, altmış səkkiz qəpik) manat olmaqla, ümumilikdə 15663,50 (on beş min altı yüz altmış üç manat, əlli qəpik) manat məbləğində pul vəsaiti, həmçinin 105,30 (yüz beş manat, otuz qəpik) manat məbləğində dövlət rüsumu, 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, №BPM**********16 saylı tam kart çərçivə müqaviləsi üzrə əsas borca görə 13562,92 (on üç min beş yüz altmış iki manat, doxsan iki qəpik) manat, faiz borcuna görə 2100,68 (iki min yüz manat, altmış səkkiz qəpik) manat olmaqla, ümumilikdə 15663,50 (on beş min altı yüz altmış üç manat, əlli qəpik) manat məbləğində pul vəsaiti, həmçinin 105,30 (yüz beş manat, otuz qəpik) manat məbləğində dövlət rüsumu, 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar