Məhkəmə qərarları › İş №e-2(001)-3000/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3000/2023

05.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3000/2023 05.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X2 "xxxx" QSC Kommersiya Bankının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin və ona hesablanmış faizin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçı X2 "xxxx" QSC Kommersiya Bankı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli, LM121900782 saylı restrukturizasiya müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 Əlmusa oğlundan və Cavabdeh2 müştərək qaydada 1774.67 manat məbləğində əsas borc, 5.64 manat məbləğində faiz borcu, ümumilikdə isə 1780.31 manat məbləğində pulun və 37.81 manat dövlət rüsumunun X2 Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X2 QSC “Bank Standard” KB (bundan sonra – Bank) iləCavabdeh1 Əlmusaoğlu (bundan sonra – Cavabdeh) arasında “Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanına əsasən xx.xx.2019-cu il tarixli, LM121900782 saylı restrukturizasiya müqaviləsi bağlanmışdır. xx.xx.2014-cü il tarixli 1xx/xx/90979/14 saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən1867.53 manat restruktrizasiya olunmuş və cavabdeh bu müqavilə ilə müəyyən olunan şərtlərə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Faizlər restruktrizasiya olunan tarixdən borc məbləği banka tam məbləğdə faktiki qaytarılan günədək restruktrizasiya müddəti ərzində illik 1%olmaqla hesablanır. Restruktrizasiya müqaviləsi 36 aymüddətinə bağlanmış, borcun ödənilməli olduğu son tarix xx.xx.2022-ci il müəyyən olunmuşdur. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədiləCavabdeh2(bundan sonra – Zamin) xx.xx.2019-cu il tarixli, LM121900782 saylı zaminlik müqaviləsi əsasında Kredit Müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Zaminlik Müqaviləsinə uyğun olaraq “Borc alan” kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə, o cümlədən lazımınca icra etmədikdə “Zamin” “Borc alan” ilə birlikdə “Kreditor” qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun və icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün birgə məsuliyyət daşıyırlar. Lakin Cavabdehlər öz üzərlərinə götürdükləri kredit öhdəliklərini lazımınca icra etməmişlər və bunun nəticəsində Cavabdehlərin xx.xx.2022-ci il tarixinə Banka 1774.67 manat məbləğində əsas borc, 5.64 manat məbləğində faiz borcu, ümumilikdə isə 1780.31 manat məbləğində borcu qalmışdır. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

5. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, iddianı qəbul edir. Hazırda hər ay banka 50 manat ödəniş edir. Əlavə olaraq bildirir ki, bankın rəhbərliyi ilə danışıb hissə-hissə olaraq 2-3 dəfəyə banka olan borcu ödəyəcək. Bank məhkəməyə iddia ərizəsi ilə müraciət etdikdən sonra təxminən 250-300 manat ödəniş etmişdir. Cavabdeh1 ilə ailəvi dostdur. Onun da, məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə məlumatı var. Lakin Cavabdeh1 hazırda məhkəmə iclasında iştirak edə bilmir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

6. Kredit verən bank "xxxx" QSC Kommersiya Bankı ilə Cavabdeh1 arasında bağlanmış 18 dekabr 2019-cu il tarixli, LM121900782 saylı restrukturizasiya müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, bank borcalana xx.xx.2014-cü il tarixli, 1xx/xx/90979/14 saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 1867,53 manat məbləği restrukturizasiya olunur. Borclu bu müqavilə ilə müəyyən edilən şərtlərlə borcu qatarmağı öhdəsinə götürür. Müqavilənin 38-ci maddəsin əsasən restrukturizasiya müqaviləsi 35 ay müddətinə bağlanır, borcun ödənilməli olduğu son tarix xx.xx.2022-ci ildir. Müqavilə üzrə aylıq ödəniş 52,68 manat, ilkin ödəniş tarixi xx.xx.2020-ci il, sonuncu ödəniş tarixi xx.xx.2022-ci il olaraq müəyyən edilmişdir.

7. Kredit verən bank "xxxx" QSC Kommersiya Bankı ilə Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanan xx.xx.2019-cu il tarixli, LM121900782 saylı zaminlik müqaviləsinin 1-ci bəndindən görünür ki, zamin xx.xx.2019-cu il tarixli, LM121900782 saylı restrukturizasiya müqaviləsinə əsasən 36 ay müddətinə verilmiş 1867,53 manat borcun və ona hesablanan faizlərin, həmçinin müqavilədən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi zamin brclunun öhdəliklərinin yerinə yetirilməsinə görə bank qarşısında cavabdehlik daşımağı öhdəsinə götürür.

8. "xxxx" QSC Kommersiya Bankı tərəfindən təqdim edilən maliyyə arayışına əsasən Cavabdeh1 18 dekabr 2019-cu il tarixli, LM121900782 saylı kredit müqaviləsi üzrə 22 noyabr 2022-ci il tarixinə 1774,67 manat əsas borc, 5,64 manat faiz borcu, 0 manat cərimə borcu hesablanmışdır.

9. "xxxx" QSC Kommersiya Bankı tərəfindən təqdim edilən xx.xx.2023-cü il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh1 18 dekabr 2019-cu il tarixli, LM121900782 saylı kredit müqaviləsi üzrə 04 sentyabr 2023-cü il tarixinə 1683,06 manat əsas borc, 59,80 manat faiz borcu, olmaqla, cəmi 1742,86 manat borc hesablanmışdır.

10. "xxxx" QSC Kommersiya Bankı tərəfindən təqdim edilən hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 tərəfindən xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək cəmi 100 manat məbləğində ödəniş edilmişdir.

11. "xxxx" QSC Kommersiya Bankı tərəfindən cavabdehlərə ünvanlanan xəbərdarlıq məktubundan görünür ki, borclulara 18 dekabr 2019-cu il tarixli, LM121900782 saylı kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, yaranmış borcun 5 iş günü müddətində ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi və kredit borcunun ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi barədə xəbərdarlıq edilmişdir.

12. İddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 37,81 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

13. Kredit verən bank "xxxx" QSC Kommersiya Bankı ilə Cavabdeh1 arasında 18 dekabr 2019-cu il tarixli, LM121900782 saylı restrukturizasiya müqaviləsi bağlanmış, nəticədə bank tərəfindən müştəriyə 36 ay müddətinə, aylıq ödəniş 52,68 manat olmaqla, 1867,53 manat məbləğində kredit vermişdir.

14. Cavabdeh– zamin Cavabdeh2 isə borc alanın kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borcalanla birgə öz üzərinə götürmüşdür.

15. İddiaçı cavabdehlərin Banka borcunun yarandığını iddia edir və həmin məbləği cavabdehlərdən müştərək qaydada tələb edir.

16. Cavabdeh1 məhkəmə iclaslarında tələb edilən borc məbləği ilə razılaşmaqla, borcunun olduğunu qəbul etmiş, lakin iddia ərizəsi verilən vaxtdan banka müqavilə üzrə ödənişlər etdiyini bildirmişdir. Nəticədə "xxxx" QSC Kommersiya Bankı tərəfindən Cavabdeh1 18 dekabr 2019-cu il tarixli, LM121900782 saylı kredit müqaviləsi üzrə 22 noyabr 2022-ci il tarixinə 1774,67 manat əsas borc, 5,64 manat faiz borcu, hesablansa da, iddiaçının nümayəndəsi sonuncu məhkəmə iclasında 04 sentyabr 2023-cü il tarixinə olan maliyyə arayışını təqdim etmiş və həmin arayışa əsasən isə borcluya 1683,06 manat əsas borc, 59,80 manat faiz borcu, olmaqla, cəmi 1742,86 manat borc hesablanmışdır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

18. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

19. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

20. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

21. 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər ;

22. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

23. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;

24. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

25. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;

26. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar;

27. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır;

28. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər;

29. Göründüyü kimi, Cavabdeh1 iddiaçı ilə arasında bağlanmış kredit müqaviləsi üzrə ona verilən kredit məbləğini qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Bununla da müqavilə üzrə öhdəliyini lazimi qaydada icra etməmişdir.Odur ki, borcalanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu ödəməli, digər Cavabdeh2 isə zamin kimi Cavabdeh1 kreditor qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüklərindən, borcalanla birlikdə kreditor qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdırlar.

30. Məhkəmə tələb edilən əsas borca münasibətdə hesab edir ki, iddianın məhkəməyə verildiyi tarixə kredit müqaviləsi üzrə əsas borcun məbləği 1774.67 manat olsa da, iddiaçının 04 sentyabr 2023-cü il tarixə verdiyi məlumata görə əsas borcun məbləği 1683.06 manat təşkil edir. Çünki iddianın məhkəmə icraatı dövründə kredit müqaviləsi üzrə ödənişlər edilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi əsas borca münasibətdə qismən əsaslıdır və sonuncu maliyyə hesabatı nəzərə alınmaqla cavabdehlərdən əsas borca münasibətdə 1683.06 manat pul tutulmalıdır.

31. Faiz borcuna münasibətdə isə məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etməklə faktiki olaraq müqavilədən imtina etdiyini və müqaviləni ləğv etməklə xitam verildiyini təsdiq etdiyindən sonradan əlavə faiz tələb edə bilməzdi, necə ki, bu barədə onun tələbi yoxdur.

32. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli plenum qərarında göstərilmişdir ki, Nəzəriyyədə “xitam” həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayış kimi qeyd edilir. “Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.

33. Eyni zamanda həmin qərarda göstərilmişdir ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır.

34. Odur ki, iddia tələbi faiz borcuna münasibətdə əsaslı olmaqla təmin edilməli və cavabdehlərdən faiz borcuna münasibətdə 5.64 manat məbləğində pul vəsaiti tutulmalıdır. Tətbiq edilən prosessual normalar:

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

36. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

37. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

38. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

39. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

40. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 18 dekabr 2019-cu il tarixli, LM121900782 saylı restrukturizasiya müqaviləsi üzrə əsas borca görə 1683,06 manat, faiz borcuna görə 5.64 manat olmaqla, ümumilikdə 1688.7 manat məbləğində pul vəsaiti və 37,81 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq X2 "xxxx" QSC Kommersiya Bankının xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. 18 dekabr 2019-cu il tarixli, LM121900782 saylı restrukturizasiya müqaviləsi üzrə əsas borca görə 1683,06 manat, faiz borcuna görə 5.64 manat, olmaqla, ümumilikdə 1688.7(bir min altı yüz səksən səkkiz manat yetmiş qəpik) manat məbləğində pul vəsaiti və 37,81 (otuz yeddi manat, səksən bir qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq X2 "xxxx" QSC Kommersiya Bankına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar