Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3014/2022 19.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, borclu X4 "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar CəmiyyətininYasamal filialı ilə bağladığı BPM**********31 saylı xx.xx.2019cu il tarixli kredit müqaviləsinə əsasən 23 ay müddətinə, 20 faizlə 7000 manat məbləğində pul vəsaiti götürmüşdür. Lakin əldə olunmuş məlumata görə X4 xx.xx.2020-ci il tarixində vəfat etmişdir. 1 saylı Bakı "Asan xidmət” notariat ofisi tərəfindən verilən məlumata əsasən X3 miras əmlakına dair ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh miras payı əldə etməsi barədə məlumat verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən görə X3 Banka ödənilməmiş qalan 6528,99 manat əsas, 3,75 manat faiz borcu olmaqla cəmi 6532,74 manat borcu vardır. Cavabdeh qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "Azərbaycan Beynəlxalq Bankı” ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən iddiaçı mərhum X3 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 6528,99 manat əsas, 3,75 manat faiz borcu olmaqla cəmi 6532,74 manat borcun və ödənilmiş 85,33 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, BPM**********31 saylı Kredit müqaviləsindən görünür ki, həmin müqavilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X4 arasında bağlanmış və müqaviləyə əsasən sonuncuya 23 ay müddətinə illik 20% ödəmək şərtilə 7000 manat kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixə X3 6528,99 manat əsas borc, 86,22 manat faiz borcu mövcuddur. Məhkəmə tərəfindən 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisindən tələb edilmiş və iş materiallarına əlavə edilən notariat işindən görünür ki, X3 vərəsəsi arvadı Cavabdeh ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 55,2 kv.m. olan mənzilə; ünvan 3 ünvanında yerləşən ümumi sahəsi olan 122,3 kv.m. olan fərdi yaşayış evinə və ünvan 4i ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsinə dair Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Müki Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 1306-cı maddəsinə əsasən, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 1255-ci maddəsinə görə, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mülki Məcəllənin 1306.1-ci maddəsinə müvafiq olaraq, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 -ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 6528,99 manat əsas, 3,75 manat faiz borcu olmaqla cəmi 6532,74 manat borcu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd olunanlaraq əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 6528,99 manat əsas, 3,75 manat faiz borcu olmaqla cəmi 6532,74 (altı min beş yüz otuz iki manat yetmiş dörd qəpik) manat borcun və ödənilmiş 85,33 (səksən beş manat otuz üç qəpik) manat dövlət rüsumunun və 0,40 (sıfır manat qırx qəpik) manat bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №e-2(001)-3014/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3014/2022
19.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver