Məhkəmə qərarları › İş №e-2(001)-3022/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3022/2022

09.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3022/2022 09.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 3493,95 ABŞ dolları əsas, 1145.60 ABŞ dolları faiz borcu, 4324.96 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 512.54 ABŞ dolları manat pulun və 138.33 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələb onunla əsaslandırılmışdır ki, iddiaçı LPO İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 27 faiz ödəmək şərtilə 12.700 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcun təminatı kimi xx.xx.2014-cü il tarixdə Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər bank qarşısındakı öhdəliklərini vaxtında yerinə yetirmədikləri üçün kreditin məcburi qaydada tutularaq LPO İddiaçı ASC-yə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi S.Əliyeva iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək, toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 468-14 USD saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixdə kredit müqavilə bağlanmış və müqaviləyə əsasən sonuncuya 24 ay müddətinə, illik 27 faiz olmaqla, 12.700 ABŞ dolları məbləğində kredit verilmiş, borcalan hər ay 691 ABŞ dolları olmaqla, xx.xx.2014-cü il tarixdən xx.xx.2016cı il tarixədək borcunu qaytarmağı öz öhdəsinə götürmüşdür. - 526806 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 02 saylı Əlavə Sazişə əsasən, xx.xx.2017-ci il tarixdə Cavabdeh2 borcu restrukturizasiya edilərək, borcu 11.459.43 ABŞ dolları (8075.42 ABŞ dolları əsas, 2916.94 ABŞ dolları faiz, 467.07 ABŞ dolları cərimə) müəyyən edilmiş və restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmış, Cavabdeh2 götürdüyü krediti hər ay 365.23 ABŞ dolları olmaqla, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək borcunu qaytarmağı öz öhdəsinə götürmüşdür. - ZM-468-14 USD saylı müqaviləyə və 02 saylı Əlavə Sazişə əsasən, xx.xx.2014-cü il tarixdə və xx.xx.2017-ci il tarixdə Cavabdeh2 borcunun təminatı kimi Cavabdeh1 ilə zaminlik müqavilələri bağlanmışdır. - Maliyyə arayışına əsasən Cavabdeh2 28 fevral 2022-ci il tarixinə LPO İddiaçı ASC-yə 3493.95 ABŞ dolları əsas, 1145.60 ABŞ dolları faiz borcu, 4324.93 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 512.54 ABŞ dolları olmaqla, ümumilikdə 9477.02 ABŞ dolları borcu vardır. - bildiriş məktubundan görünür ki, Cavabdeh2 və Cavabdeh1 LPO İddiaçı ASC tərəfindən xx.xx.2022-ci il tarixdə borcun tam olaraq 3 gün müddətində ödənilməsi ilə bağlı bildiriş göndərilmiş, öhdəliyin yerinə yetirilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə müvafiq olaraq ödənilməli olduğu halda Cavabdeh2 vaxtında ödəniş etməmiş, bununla da kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımı qaydada və vaxtında yerinə yetirməmiş, icranı gecikdirmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə Mülki Məcəllənin 385.1, 386.1, 442, 448.1, 448.2.1, 449.1, 739.1, 739.2-ci maddələrinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən iddia tələbini Cavabdeh2 münasibətdə araşdıran məhkəmə tələbi əsaslı hesab edir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də, iddia tələbi həmin hissədə təmin edilməlidir. Beləliklə, Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəliyi vaxtında və lazımınca icra etmədiyindən kredit müqaviləsi üzrə Cavabdeh2 3493,95 ABŞ dolları əsas borc, 1145,60 ABŞ dolları faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MM-nin: - 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə hesab edir ki, kreditor Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbi baxımından zamin Cavabdeh1 qarşı öhdəliyin icrası tələbini irəli sürmək hüququnu itirdiyindən, həmin zaminliyə xitam verilməlidir. Məhkəmə həmçinin iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən cərimənin 4324.93 ABŞ dolları məbləğində deyil, 300 ABŞ dolları məbləğində müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq sayır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445-ci maddəsinə müvafiq olaraq icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə iddia tələbinin müqavilənin müddəti bitdikdən sonra illik 5 (beş) faiz dərəcəsi ilə hesablama aparmaqla cavabdehdən 512,54 ABŞ dolları məbləğində faiz borcunun tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, Kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi kimi bankın əsassız olaraq və hüquqdan sui-istifadə edərək, müqavilənin qüvvədə olma müddəti bitdikdən xeyli müddət sonra iddia verməsi gecikdirilmiş vaxt üçün faizin tənasübsüz surətdə artmasına səbəb olduğundan 175 ABŞ dolları faiz borcu (3493,95 x 5%÷12ay =174,69≈175) gecikdirilmiş vaxt üçün ədalətli hesab olunmalıdır. Cavabdeh müqavilə müddətindən sonrakı dövr üçün iddia ərizəsinin verilməsinə qədər qanun üzrə (MM-nin 445.7-ci maddəsi) nəzərdə tutulmuş faizləri ödəməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222, 233, 238-253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 3493,95 ABŞ dolları əsas borc, 1145,60 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları cərimə borcu və 175 ABŞ dolları gecikmiş vaxt üçün hesablanmış illik 5 (beş) faiz dərəcəsi olmaqla, cəmi 5114,55 (beş min yüz on dörd dollar əlli beş sent) və 138,33 (bir yüz otuz səkkiz manat otuz üç qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar