Məhkəmə qərarları › İş №e-2(001)-3050/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3050/2023

02.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3050/2023 02.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair sadələşdirilmiş iddia ərizəsinə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı Açıq Səhmdar Cəmiyyəti kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, BUMM5991615A299 saylı kredit müqaviləsinə əsasən 919,06 manat əsas, 107,55 manat faiz, cəmi 1026,61 manat məbləğində borcun, xx.xx.2022-ci il tarixli BBLK4942475A299 saylı kredit kartına dair müqaviləyə əsasən 1000 manat əsas, 218,71 manat faiz olmaqla, cəmi 1218,71 manat borcun və ödənilmiş 42,45 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2022-ci il tarixli, BUMM5991615A299 saylı Kredit müqaviləsinə əsasən ona 60 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 1000 AZN məbləğində kredit verilmişdir. Daha dəqiq kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2022-ci il tarixli, BBLK4942475A299 saylı Kredit müqaviləsinə əsasən ona 60 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 1000 AZN məbləğində kredit verilmişdir. Daha dəqiq kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqavilələri, kredit borcuna dair maliyyə arayışları və hesabdan çıxarışlardır. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixli, BUMM5991615A299 saylı kredit müqaviləsinə əsasən 919.06 AZN əsas; 107.55 AZN faiz; cəmi 1026.61 AZN borcu, xx.xx.2022-ci il tarixli, BBLK4942475A299 saylı kredit kartına dair müqaviləyə əsasən 1000 AZN əsas; 218.71 AZN faiz; cəmi 1218.71 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-5.4-cü maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır: qarşılıqlı iddia verilərsə; üçüncü şəxsin işə daxil olması barədə vəsatəti təmin edilərsə; tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə; iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa. Bu Məcəllənin 284-5.4-cü maddəsində nəzərdə tutulan qərardaddan şikayət verilə bilməz. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edir. Məhkəmə tərəfindən cavabdehə iddiaçının tələbinə dair bildiriş göndərilmiş, cavabdeh bildirişi alsa da, iddiaya dair əsalandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin təmin edilməsi qənaətinə gəlir. Belə ki, iş materiallarında olan: Cavabdeh tərəfindən İddiaçı ASC-yə yazılan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh ona gündəlik tələbat məqsədləri üçün BUMM5991615A299 nömrəli müqavilə ilə 1000 manat məbləğində Birbank kartı verilməsini xahiş etmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BUMM5991615A299 saylı kredit müqaviləsindən və müqaviləyə əlavə ödəniş qrafikindən görünür ki, bank müştəriyə istehlak məqsədi üçün bərpa olunmayan kredit xətti ayırır, kreditdən istifadə müddəti müqavilə bağlandığı andan 36 ay müddətinə, kredit müqaviləsinin müddəti isə müqavilə imzalandığı andan 60 ay müddətinə, illik 24 % olmaqla, 1000 manat məbləğində kredit verməyi, müştəri isə həmin kreditdən istifadə etməklə, yaranmış borclarını müqavilə ilə müəyyən edilmiş qaydada geri qaytarmağı öhdəsinə götürür. Cavabdeh tərəfindən İddiaçı ASC-yə yazılan xx.xx.2022-ci il tarixli, ərizədən görünür ki, Cavabdeh ona gündəlik tələbat məqsədləri üçün BBLK4942475A299 nömrəli müqavilə ilə 1000 manat məbləğində kredit verilməsini xahiş etmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BBLK4942475A299 saylı kredit müqavilədən görünür ki, bu müqavilə ilə bank müştəriyə şəxsi istehlak məqsədilə bərpaolunan kredit xətti ayırır, müştəri isə kredit xətti üzrə borclarını, habelə ona göstərilmiş müvafiq xidmətlərin haqqını tariflərə əsasən ödəyir. Müqavilənin 4.1-ci maddəsinə əsasən müştəri tərəfindən kredit xəttindən ilkin olaraq istifadə edilə biləcək məbləğ bank tərəfində 1000 manat müəyyən olunur. Müqaviləyə əsasən borcalana verilən “Birkart”ın son istifadə müddəti xx.xx.2023-cü il kimi göstərilmişdir. İddiaçı ASC tərəfindən təqdim edilən maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixli, BUMM5991615A299 saylı kredit müqaviləsinə əsasən 919.06 AZN əsas; 107.55 AZN faiz; cəmi 1026.61 AZN borcu, xx.xx.2022-ci il tarixli, BBLK4942475A299 saylı kredit kartına dair müqaviləyə əsasən 1000 AZN əsas; 218.71 AZN faiz; cəmi 1218.71 AZN borcu vardır. İddiaçı ASC tərəfindən borclu Cavabdeh ünvanlanan bildirişin surətindən görünür ki, cavabdehə borcunu 5 təqvim günü müddətində ödənilməsi təklif edilmiş, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İddiaçı iddianın məhkəmədə qaldırılması üçün 42,45 manat məbləğində dövlət rüsumunu ödəmişdir; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında 2 müxtəlif tarixdə kart vasitəsilə kreditdən istifadə edilməsini üçün müqavilə bağlanmışdır. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanan xx.xx.2022-ci il tarixli, BUMM5991615A299 saylı kredit müqaviləsi ilə bank müştəriyə istehlak məqsədi üçün bərpa olunmayan kredit xətti ayırmaqla, 36 ay müddətinə istifadə edilməsi üçün, illik 24 % olmaqla, 5 illik müqavilə üzrə 1000 manat məbləğində kredit vermişdir.İddiaçı ASC ilə Cavabdeh arasında bağlanan xx.xx.2022-ci il tarixli, BBLK4942475A299 saylı kredit müqaviləsi ilə isə bank müştəriyə istehlak məqsədilə bərpaolunan kredit xətti ayırmaqla, 1000 manat məbləğində kredit vermişdir. İddiaçı iddia edir ki, cavabdeh kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyini vaxtında və lazımınca icra etməmiş, nəticədə banka maliyyə arayışında göstərilən məbləğdə borcu yaranmışdır. Hazırda həmin borcu cavabdehdən tələb edir.Cavabdeh isə iddiaya dair bildirişi alsa da, əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. İş materiallarında olan maliyyə arayışı ilə də sübut olunur ki, cavabdehin borcu mövcuddur. Kreditorun dərhal icranı tələb etmək hüququ əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2022-ci il tarixli, BUMM5991615A299 saylı kredit müqaviləsi üzrə əsas borca görə 919,06 manat, faiz borcuna görə 107,55 manat olmaqla, cəmi 1026,61 manat, xx.xx.2022-ci il tarixli, BBLK4942475A299 saylı kredit müqaviləsi üzrə əsas borca görə 1000 manat, faiz borcuna görə 218,71 manat olmaqla, cəmi 1218,71 manat olmaqla, hər iki müqavilə üzrə ümumilikdə 2245,32 manat pul vəsaiti və ödənilmiş 42,45 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli, BUMM5991615A299 saylı kredit müqaviləsi üzrə əsas borca görə 919,06 manat, faiz borcuna görə 107,55 manat olmaqla, cəmi 1026,61 manat, xx.xx.2022-ci il tarixli, BBLK4942475A299 saylı kredit kartı müqaviləsi üzrə əsas borca görə 1000 manat, faiz borcuna görə 218,71 manat olmaqla, cəmi 1218,71 manat olmaqla, hər iki müqavilə üzrə ümumilikdə 2245,32 (iki min iki yüz qırx beş manat, otuz iki qəpik) manat pul vəsaiti və ödənilmiş 42,45 (qırx iki manat, qırx beş qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar