Məhkəmə qərarları › İş №e-2(001)-3082/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3082/2023

31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3082/2023 31.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi ilə İddiaçı Bank Respublika ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Bank Respublika ASC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, iddiaçı Bank Respublika ASC ilə bağlanmış xx.xx.2021-ci il tarixli 28111***-*******01 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 24 ay müddətinə illik 18% dərəcəsi ilə 2000 manat məbləğində kredit verilmişdir. Cavabdeh bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, ona dəfələrlə şifahi və rəsmi müraciət edilməsinə baxmayaraq, o kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh xx.xx.2023-ci il tarixə iddiaçı Bank Respublika ASC-yə 1210,36 manat məbləğində əsas kredit borcu, 19,33 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu və 0,27 manat məbləğində cərimə olmaqla, cəmi 1229,96 manat məbləğində borcu qalmaqdadır. Ona görə də Cavabdeh 1210,36 manat məbləğində əsas kredit borcunun, 19,33 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 0,27 manat məbləğində cərimənin, cəmi 1229,96 manat məbləğində borcun, həmçinin iddia qaldırılması üçün ödənilmiş 32,30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı Bank Respublika Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılması xahiş olunur. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2.-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Cavabdeh iddiaçının tələbinə dair bildiriş göndərilmiş, Cavabdeh tələbə qarşı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Borcverən Bank Respublika ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 28111***-*******01 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana xx.xx.2023-cü il tarixədək qaytarmaq, illik 18% ödəmək şərti ilə 2000 manat kredit verməyi öhdəsinə götürmüşdür. Bank Respublika ASC-nin xx.xx.2023-cü il tarixli arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2021-ci il tarixli 28111***-*******01 saylı kredit müqaviləsi üzrə əsas borca görə 1210,36 manat, faiz borcuna görə 19,33 manat, cərimə borcuna görə 0,27 manat borcu vardır. Bank Respublika ASC-nin xx.xx.2023-cü il tarixli bildirişdən müəyyən olunur ki, bank bocalandan müqavilə üzrə öhdəliklərinin icra edilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3.-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh iddiaçı ilə bağladığı müqavilədən irəli gələn öhdəliklərini icra etmədiyindən iddiaçıya əsas borc görə 1210,36 manat, faiz borcuna görə 19,33 manat, cərimə borcuna görə 0,27 manat borcu yaranmışdır. Ona görə məhkəmə iddiaçının tələbini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6.1.-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 28111***-*******01 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 1210,36 manat, faiz borcuna görə 19,33 manat, cərimə borcuna görə 0,27 manat, dövlət rüsumuna görə 32,30 manat olmaqla cəmi 1262,26 manat Bank Respublika ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar