Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3083/2023 20.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi və həmin müqavilə üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 20 iyun 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 15 iyul 2022-ci il tarixli, ******* nömrəli kredit müqaviləsinə əsasən, Cavabdeh1 bankdan illik 16 faizlə 48 ay müddətinə ödəmək şərtilə 18500 manat məbləğində kredit götürmüşdür. Kredit borcunun təminatı kimi həmin tarixdə bankla digər Cavabdeh2 arasında 1089883/29186 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh2 Cavabdeh1 15 iyul 2022-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçı qarşısındakı ödhəliklərin icrası ilə bağlı onunla eyni məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin, Cavabdeh1 bank qarşısındakı ödhəliklərinin lazımınca icra edilməməsi nəticəsində bank tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışına əsasən, onun 12 aprel 2023-cü il tarixə iddiaçıya 18222,37 manat əsas, 1351,57 manat faiz borcu olmaqla, ümumilikdə 19573,94 manat borcu yaranmışdır. Hazırda İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə yuxarıda göstərilən məbləğdə borcun, habelə, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 149,12 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq banka ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsində göstərilənləri təsdiq etdiyini, iddianı müdafiə etdiyini bildirib, təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahatında göstərmişdir ki, o, məlum krediti götürdüyü vaxt hərbçi idi. Lakin, yaralanması nəticəsində işdən çıxarılmış, müharibədən sonra işsiz qalmışdır. Banka yaxınlaşaraq, borcun ödənilməsi üzrə güzəştlərin tətbiq edilməsini xahiş etsə də, müsbət nəticə əldə edilməmişdir. Digər Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, iddia tələbinə yazılı münasibətini bildirməmişdir. Məhkəmə mülki işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbini nəzərdən keçirib, cavabdehin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq, hesab edir ki, iddianın təmin ediməsi üçün əsaslar mövcuddur. Belə ki, - 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Cavabdeh1 kredit müqaviləsinə əsasən kredit borcunu və faizləri ödəməyi öhdəsinə götürsə də, bu öhdəliyə əməl etməmiş, beləliklə də müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş, əsas və faiz borcunu vaxtında ödəməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddia ona münasibətdə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Cavabdeh2 ilə bank arasında bağlanmış zaminlik müqaviləsinə əsasən Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Buna görə də məhkəmə hesab edir ki, iddia ona münasibətdə də təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 15 iyul 2022-ci il tarixli kredit müqaviləsi ləğv edilməli, həmin müqavilə üzrə yaranmış 18222,37 manat əsas, 1351,57 manat faiz borcu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbləri nəzərə alınmaqla, iddia təmin edildiyindən, onun verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 149,12 manat məbləğində pul vəsaiti də müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi və həmin müqavilə üzrə borcun tutulması” tələbinə dair iddiası təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 15 iyul 2022-ci il tarixli, ******* saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh1 və Cavabdeh2 15 iyul 2022-ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə yaranmış 18222,37 manat əsas, 1351,57 manat faiz borcu olmaqla, ümumilikdə 19573,94 manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. Dövlət rüsumunun əvəzi kimi 149,12 manat məbləğində pul vəsaiti də müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-3083/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3083/2023
20.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver