Məhkəmə qərarları › İş №e-2(001)-3086/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3086/2022

16.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3086/2022 16.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı LPO ”Dəmirbank” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, LPO ”Dəmirbank” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: LPO ”Dəmirbank” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı LPO ”Dəmirbank” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixli Kredit kartının verilməsi və istifadə üzrə müqavilədən və həmin müqaviləyə xx.xx.2017-ci il tarixli Əlavə Saziş №1-dən görünür ki, ilkin olaraq Bank müştəriyə 2000 manat məbləğində kredit xətti açmış, sonradan müqaviləyə dəyişikliklər edilmiş və kredit kartı üzrə əsas borc qalığı olan 2106,07 manat kreditə çevrilmiş və Cavabdeh illik 18% ödəmək şərtilə ilə həmin borcu xx.xx.2019-cu il tarixədək ödəmək öhdəliyini üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə LPO ”Dəmirbank” Açıq Səhmdar Cəmiyyətinə 1634,90 manat əsas borc, 1234,52 manat faiz, 1812,21 manat cərimə borcu, kredit müqaviləsi bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli Plenum qərarına əsasən hesablanmış 239,43 manat faiz borcu, ümumilikdə isə 4921,06 manat məbləğində borcu mövcuddur. İş materiallarında olan bildirişdən görünür ki, cavabdeh mövcud olan borc və borc müəyyən edilmiş müddət ərzində ödənilmədiyi təqdirdə Bank tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş atılacaq addımlar barədə məlumatlandırılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Müki Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iddia tələbinin 1812,21 manat məbləğində cərimə borcunun ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə əsas borcu cavabdehdən ala bilməyən, hüquqları məhkəmə qaydasında bərpa edilən iddiaçının bərpa edilən hüquqlarının gələcəkdə xəyali deyil, real bərpasının təmin edilməsindən ötrü cavabdehin yaranmış borc öhdəliyinin icrasının təmin edilməsi mümkünlüyünü nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılmalı və cavabdehdən iddiaçının xeyrinə 181,15 manat cərimə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdehdan 1634,90 manat əsas borc, 1234,52 manat faiz borcu, 239,43 gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu və 181,15 manat cərimə borcu olmaqla, cəmi 3290 manat məbləğində borc tutularaq LPO ”Dəmirbank” Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 66,86% hissədə təmin edildiyindən, ödənilmiş 69,22 manat dövlət rüsumunun 46,28 manat hissəsi Cavabdehdan tutularaq LPO ”Dəmirbank” Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehdan 1634,90 manat əsas borc, 1234,52 manat faiz borcu, 239,43 gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu və 181,15 manat cərimə borcu olmaqla, cəmi 3290 (üç min iki yüz doxsan) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 46,28 (qırx altı manat iyirmi səkkiz qəpik) hissəsi tutularaq LPO ”Dəmirbank” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 22,94 manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar