Məhkəmə qərarları › İş №e-2(001)-3087/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3087/2022

20.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3087/2022 20.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı ləğv prosesində olan Dəmirbank ASC-nin Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı ləğv prosesində olan Dəmirbank ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, DəmirBank ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən borcalana 12 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. xx.xx.2017-ci il tarixli əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği konvertasiya edilərək 2066,38 manat təşkil etmiş, kreditin müddəti xx.xx.2019-cu il tarixədək müəyyən edilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə bank arasında xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 4.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Ona görə də, LPO Dəmirbank ASC-nin xeyrinə əsas borca görə 1430,75 manat, faiz borcuna görə 1081,80 manat, cəriməyə görə 1221,05 manat, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 208,20 manat borc olmaqla cəmi 3941,80 manat borcun və 59,42 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə çıxarılması xahiş olunur. Mülki iş üzrə xx.xx.2022-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında iddiaçı ləğv prosesində olan Dəmirbank ASC-nin nümayəndəsi X1 iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verib iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. İddiaçı ləğv prosesində olan DəmirBank ASC-nin nümayəndəsi S.Y.Əliyeva məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılıb iddia ərizəsinin təmin edilməsini xahiş etmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Borcverən Dəmirbank ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2015ci il tarixli ********* saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana 12 ay müddətinə qaytarmaq, illik 19% dərəcəsi ilə 10000 manat kredit verməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən gecikdirilən borc məbləğinə cərimə kimi illik 38% dərəcəsilə, aylıq isə 3,17 % dərəcəsi ilə hesablanır və borcalan tərəfindən kreditora ödənilir. Dəmirbank ASC-nin xx.xx.2015-ci il tarixli məxaric orderinin surətindən müəyyən olunur ki, bank ayırdığı kreditə 10000 manatı Cavabdeh2 vermişdir. Dəmirbank ASC-nin xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə ödəniş cədvəlindən müəyyən olunur ki, borclu Cavabdeh2 xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixə qədər əsas borca görə 10000 manat, faiz borcuna görə 1060,95 manat olmaqla cəmi 11060,95 manatı banka ödəməlidir. Borcverən Dəmirbank ASC, borcalan Cavabdeh2 və zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 370007394/ZM saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin borcalanın xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasına görə kreditor qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Zaminlik müqaviləsinin 5.1.3-cü bəndinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 370007394 saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə borcverən Dəmirbank ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 1 saylı əlavə sazişdən müəyyən olunur ki, tərəflər kreditin qalıq məbləğinin konvertasiya edilərək 2066,38 manat, kreditin qaytarılma müddətinin xx.xx.2019-cu il tarixinədək müəyyən edilməsi barədə razılığa gəlmişlər. Dəmirbank ASC-nin 030T**********1 saylı kredit hesabı üzrə cədvəlindən müəyyən olunur ki, borcalan xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixə qədər əsas borca görə 1745,74 manat, faiz borcuna görə 345,99 manat olmaqla cəmi 2091,73 manatı banka ödəməlidir. 370007394 saylı xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə borcverən Dəmirbank ASC, borcalan Cavabdeh2 və zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 2 saylı əlavə sazişdən müəyyən olunur ki, zamin bu əlavə sazişlə ********* saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi, həmin müqaviləyə edilmiş əlavələr, o cümlədən xx.xx.2017-ci il tarixli 1 saylı əlavə sazişlə tanış olduğunu, şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq etmişdir. Sazişin 2.3-cü bəndinə əsasən bu əlavə saziş üzrə dəyişdirilmiş və əlavə edilmiş bəndlər istisna olmaqla müqavilənin digər bəndləri dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır. Ləğv prosesində olan Dəmirbank ASC-nin Cavabdeh2 və Cavabdeh1 ünvanladığı xx.xx.2022-ci il tarixli bildirişdən müəyyən olunur ki, iddiaçı birgə borclular olan cavabdehlərə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ləğv prosesində olan Dəmirbank ASC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə Cavabdeh2 xx.xx.2022-ci il tarixinə ləğv prosesində olan Dəmirbank ASC-yə əsas borca görə 1430,75 manat, müqavilə müddətinə görə hesablanan faiz borcuna görə 1081,80 manat, cəriməyə görə 1221,05 manat, gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 208,20 manat olmaqla cəmi 3941,80 manat borcu vardır. Azərbaycan Respublikası Mərkəzi Bankının məlumat bazasından çıxarışdan müəyyən olunur ki, Cavabdeh2 Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanına əsasən restrukturizasiya olunması təklif olunan krediti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1.-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəlləninin 445.2.-ci maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Həmin Məcəllənin 445.7.-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh2 xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etmədiyindən əsas borca görə 1430,75 manat, müqavilənin qüvvədə olduğu müddətə hesablanan faiz borcuna görə 1081,80 manat, vurulmuş maddi ziyana görə 208,20 manat olmaqla cəmi 2720,75 manat borcu yaranmışdır. Ona görə də məhkəmə iddianı bu hissədə əsaslı hesab edib tam təmin edir. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin borcalanın borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan cərimənin artmasına rəvac vermişdir. Baxmayaraq ki, iddiaçı bağladığı müqavilənin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə borcalan cavabdehdən 50 manat tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Məhkəmə iddiaçının zaminə qarşı tələbinə münasibət bildirib qeyd edir ki, tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 5.1.3-cü bəndinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verildiyindən, icrası müddəti xx.xx.2019-cu il tarixdə başa çatan əsas öhdəlikdən irəli gələn tələbə görə xx.xx.2022-ci il tarixdə, yəni zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqdan sonra məhkəməyə müraciət etməklə müddəti ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası 477.0. maddəsinə əsasən, zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İstinad olunanlara əsasən məhkəmə iddiaçının zaminə qarşı tələbini əsassız hesab edib təmin etmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu Cavabdeh2 aid edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh2 xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə əsasən əsas borca görə 1430,75 manat, faiz borcuna görə 1081,80 manat, cəriməyə görə 50 manat, vurulmuş maddi ziyana görə 208,20 manat, dövlət rüsumuna 59,42 manat olmaqla cəmi 2830,17 manat ləğv prosesində olan Dəmirbank ASC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar